Təqvim
   
   5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.
   5 oktyabr 1901 - Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Maarifçi-yazar Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilən məktəb Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.
   5 oktyabr 1928 - Tanınmış ədəbiyyatşünas Məsud Əlioğlu (1928- 1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Xalq yazıçısı Əli Vəliyevin oğludur.
   5 oktyabr 1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olub. "Ağlar və qaralar" baleti, simfoniyalar, populyar mahnıların müəllifidir. 30-dan artıq kinofilmə, teatr tamaşalarına musiqi yazıb.
   5 oktyabr 1938 - Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası olub.
   5 oktyabr 1982 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (12.4.1907 - 1982) vəfat edib. "Kitabi Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
   5 oktyabr 2002 - Azərbaycan Milli Televiziya və Radio Şurası yaradılıb.
   
   6 oktyabr 1923 - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Stepanakert adlandırılması barədə qərar qəbul edib. 1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı.
   6 oktyabr 1956 - Tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” filmlərində çəkilib.
   6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.
   
   Dünya
   
   5 oktyabr 1713 - Böyük fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.
   5 oktyabr 1864 - Kinematoqrafı kəşf etmiş fransız Lümer qardaşlarından Lui Jan Lümer (1864-1948) anadan olub.
   5 oktyabr 1936 - Məşhur çex yazıçısı və dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çexiyanın prezidenti (1993-2003) olub.
   5 oktyabr 1943 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti İnna Çurikova anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Həmin o Münhauzen”, “Vassa” və s.
   5 oktyabr 1944 - Rusiyanın Xalq artisti Aleksandr Mixaylov anadan olub. Filmləri: “Savoyanın oğurlanması”, “Kişilər”, “İlantutan” və s.
   5 oktyabr 1975 - İngilis kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Uinslet (Kate Elizabeth Winslet) anadan olub. Filmləri: “Titanik”, “Dəyişikliklər yolu”, “Oxucu” .
   
   6 oktyabr Dünya təbii yaşayış məskənlərinin mühafizəsi günüdür. 1979-cu ildə Avropa Şurasının “Flora və faunanın, təbii yaşayış məskənlərinin qorunması haqqında Bern konvensiyası”nın əsasında təsis edilib.
   6 oktyabr 1882 - Polyak bəstəkarı və pianoçusu Karol Şimanovski (Karol Maciej Szymanowski, 1882-1937) anadan olub.
   6 oktyabr 1887 - Fransa-İsveçrə memarı, memarlıqda modernizmin banilərindən biri, rəssam və yazıçı Şarl Eduar le Korbüze (Charles Edouard Le Corbusier - Charles Edouard Jeanneret-Gris, 1887-1965) anadan olub.
   6 oktyabr 1900 - Məşhur gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidze (1900 - 31.1.1987) anadan olub. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində (Ana) çəkilib.
   6 oktyabr 1914 - Dünya şöhrətli Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl, 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib. Alimin vikinqlərin (qədim norveçlilər) köklərinin Azərbaycanla bağlı olması barədə fikri elmi dairələrdə böyük rezonans doğurub.
   6 oktyabr 1940 - Məşhur Litva aktyoru Yuozas Budraytis (Juozas Budraitis) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Qalxan və qılınc”.
   6 oktyabr 1940 - Rusiyanın Xalq artisti, məşhur aktyor Viktor Pavlovun (1940-2006) doğum günüdür. Filmləri: “I əməliyyatı və Şurikin başqa macəraları”, “Görüş yerini dəyişmək olmaz” və s.
   
   Hazırladı: Vüqar Orxan