Azərbaycan
   
   11 oktyabr 1938 - Yazıçı, tərcüməçi, ssenarist (“Qara gölün cəngavərləri” filmi) Emil Ağayev anadan olub.
   11 oktyabr 1959 - Kinooperator Rövşən Quliyev anadan olub. 1977-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir sıra bədii və sənədli filmlərin quruluşçu operatorudur.
   11 oktyabr 1983 - Görkəmli nasir, Xalq yazıçısı Süleyman Rəhimov (10.12.1900, Qubadlı, Əyin kəndi - 1983) vəfat edib. "Şamo" roman-epopeyası, "Saçlı", “Ağbulaq dağlarında, ”Məhtəvan”, "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Yazıçılar Birliyinin sədri olub, partiya-dövlət vəzifələrində çalışıb, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
   
   12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu ərazisində) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqları, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib. Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı. 15 il sonra (10 fevral 1828-ci il) Rusiya ilə İran arasında ikinci müharibənin nəticəsi olaraq bağlanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları da ruslar tərəfindən ilhaq edildi.
   12 oktyabr 1945 - İlahiyyatçı alim, din xadimi Hacı Sabir Hüseyn oğlu Həsənli anadan olub.
   12 oktyabr 1961 - Tarzən, Əməkdar artist Malik Mənsurov anadan olub.
   12 oktyabr 1997 - "Space" televiziyası yayıma başlayıb. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən proqramlar, informasiya buraxılışları, analitik verilişlər, tok-şou, musiqili-əyləncəli, intellektual oyun və s. verilişlərdən ibarətdir. Rəhbəri tanınmış rejissor, Xalq artisti Vaqif Mustafayevdir.
   
   13 oktyabr 1921 - Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəd 1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi.
   13 oktyabr 1938 - Kinooperator Şərif Şərifov Bakıda anadan olub. Filmləri: “ Yol əhvalatı”, “ Əzablı yollar”, “ Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.
   13 oktyabr 1940 - Bəstəkar, uşaqlar üçün rəngarəng musiqi əsərlərinin müəllifi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev) anadan olub.
   13 oktyabr 1949 - Rejissor Cahangir Zeynallı anadan olub. “Əlaqə” bədii (1989), çoxsaylı sənədli filmlərin müəllifidir.
   13 oktyabr 1967 - Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897, Tiflis - 1967) vəfat edib. Uzun illər Tiflis Azərbaycan Dram Teatrında çalışıb, müxtəlif vaxtlarda teatrın baş rejissoru, bədii rəhbəri işləyib. Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Azərbaycanfilm”də “Böyük dayaq" filmində (1962) Yarməmməd roluna çəkilib.
   13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909, Bakı, Əmircan - 1974) vəfat edib. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır. Onun peyzajlarında, lirik natürmortlarında incə xalq yaradıcılığı motivləri hiss edilir.
   
   Dünya
   
   11 oktyabr 1885 - Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub. "Məhəbbət səhrası", "İlan yığnağı", "Allah və Mammon", "İsanın həyatı", "Quzu" romanları, "Asmodey" pyesi və s. əsərlərin müəllifidir.
   11 oktyabr 1894 - Alman əsilli rus yazıçısı Boris Pilnyak (Boray; 1894-1938) anadan olub. Əsərləri: “Ac il”, “Duz anbarı”, “Volqa Xəzər dənizinə tökülür”, “Sönməmiş ayın povesti” və s. Repressiya qurbanı olub.
   11 oktyabr 1900 - Gürcü aktyoru, teatr rejissoru, SSRİ-nin Xalq artisti Dodo Antadze (1900-1971) anadan olub.
   11 oktyabr 1919 - Tanınmış amerikalı caz musiqiçisi Art Bleyki (Art Blakey, əsl adı Abdullah Ibn Buhaina, 1919-1990) anadan olub.
   11 oktyabr 1942 - Tanınmış hind aktyoru Amitabx Baççan (Amitabh Bachchan) anadan olub. Məşhur filmləri: “Qisas və qanun”, “Gecikmiş intiqam”, “Andlar və vədlər”, “Üç qardaş”, “Taleyin hakimi” və s.   

   12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
   12 oktyabr 1924 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16 .4. 1844 - 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.
   12 oktyabr 1935 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub.
   
   13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.
   13 oktyabr 1933 - Tanınmış rus rejissoru, “Lenkom” teatrının rəhbəri Mark Zaxarov anadan olub.
   13 oktyabr 1934 - Məşhur rus komediya aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Afonya” və s.
   13 oktyabr 1941 - Amerikalı rok-musiqiçi, bəstəkar, üç dəfə “Qremmi” mükafatı laureatı Pol Saymon (Paul Frederic Simon) anadan olub.
   13 oktyabr 1956 - Amerika ssenaristi və prodüseri, “Məxfi materiallar” serialının yaradıcısı Kris Karter (Chris Carter) anadan olub.
      
   Hazırladı: Vüqar Orxan