Beynəlxalq Muğam Mərkəzində və tam milli mizan-düzəndə
   
   Yəqin, o əruzi “dün gecə” həmin o klassik sənət mərkəzinə tələsənlərdən çoxunun dəvətnaməsi “sol cibində - ürəyinin başında” idi, ancaq, Xan əminin uşaqlıq dövründəki “məşhur” tacir-aşiqin “hənanın yeri” məntiqi və nitqi ilə desək, Xan əminin məşhurluq çağlarına aid ciblərdəki partbilet halətində “yoox”...
   
   Noyabrın 21-də iştirak edib, 22-də qələmə almağa çalışdığım o “dün gecə - Xan gecəsi”nə yürüyənlərin ürəkləri çoxdan tələsməyə başlamışdı - bilingi tarixçəsi, vaxt-vədəsi olmayan “çoxdan”dan. O ilahi səsi ilk gəz eşidib, o hakim sədanın əsirinə çevrildikləri macallardan. Bu həyati-dünyəvi səsin doğulduğu yurdun əsirliyə düşdüyü gündən bəri isə, bu tələsmələrin, sevgilərin, sayğıların mayasına bir dini-mərsiyəvi avaz da yoğrulub...
   Baş nazirin müavini Elçin Əfəndiyevin, millət vəkillərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi yubiley-yığıncağın aparıcısı professor Rafael Hüseynov, yeri gəldikcə, salondakı sehrli sükutun söylədiyi bu dastandan fraqmentləri hamının ürəyincə açıb-söyləyirdi.
   Min gecə tutumlu, forma və məzmunca çox xəlqi, demokratik alınan, iştirakçılara dürlü düşüncələr aşılayan bu yubiley gecəsinin məndə oyatdığı təəssürat-qənaətlərdən biri bu:
   
   Xan dərsi...
   
   Bəli, tək elə yüz on yaşı, min illər möhürlü üslubu, “zalım xan” “aman-aman!”ları ilə yox, həm də bütün zamanlarımızın ağır-batmanlığı, səliqə-salğarlığı ilə yaşamış bu “köhnə Kişi”nin gecəsində hamı özünü əməlli-başlı yığışdırmışdı. Yeni düşüncə ilə yeni formada tikilib-quraşdırılmış bu mərkəzin yeni biçimli salonunda əyləşmiş nəinki təkcə yaşlılar-başlılar, hətta uşaqlar, yeniyetmələr də köhnə kişiləri xatırladırdılar. Doğrudur, bu yazıda bu salon haqda “ağzınadək dolu idi”, “iynə atsaydın, yerə düşməzdi” kimi ifadələr işlətmək “səadətindən” məhrumuq, amma sənətkar ruhuna sevgi, sənətə məhəbbət, sayğı mədəniyyəti sarıdan burada “qu desən - qulaq, su desən - bulaq tutulardı”. Bu salonun səhnəsində də mənzərə eləcə, mədəniyyət beləcə. Bəzi səhnələrimizdəki “aşıq eldən yuxarı - dizi beldən yuxarı”lıq məlamətlərindən əsər-əlamət yox. Öz xanımlıqlarını həmişə qorumuş Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramova o gecə o səhnədə daha xanım-xatın təsiri bağışlayır və bəzi məqamlar adam belə bir xurafati xəyala da düşürdü ki, əgər oxumaq zərurəti olmasaydı, onlar başları üstündəki şəkildən baxan Bəy kişinin zəhmindən yaşmanmaq da istəyirlər...
   İki qoşa saatlıq “Xan dərsi”nin birinci - zəriflər saatı belə bitmiş hesab olunsun.
   İkinci saat isə, ibarət olsun ustad Xan “mühazirə”lərindən varislik imtahanı verməyə gəlmiş ağsaqqal “tələbə”lərin qədir-qiymət sayğılarından. Onlar özlərini sənət imtahanı ab-havasında yox, dövlət imtahanı çabasında hiss edirdilər. Həmişə, hər yerdə, hər kəsdən, hər nəsnədən dil-dil ötən Əlibaba Məmmədov, uzun illər səs Xanını bəy kamanı ilə müşayiət etmiş Habil Əliyev, nitqi də ifaları kimi gur Tələt Qasımov, “...Mən arifəm - işarədən qanaram” nəqaratında özünə də özəl bir işarə vuran Arif Babayev, mizrabı ilə dastanlar söyləyən Ramiz Quliyev, kəlam “dəstgahı” muğam dəstgahlarından kəm olmayan Canəli Əkbərov sanki müqəyyəd bir “Xatirə” fənninin “kövrəlmə”, “mütəəssirlənmə”, “Məcnunlanma” fəsillərindən imtahan verir, azman aparıcı Rəfael Hüseynovun replikaları ilə “o biri sual”lara keçsələr də, təəssüratlarındakı rəğbət, məhəbbət atmosferi sıxlığından duruxur, əbədi qaldıqları Xan əmi kursundan çıxmamaq üçün, muğam-ölkə universitetindən qovulmaq ehtimalını nəzərə almadan, dil ilə deyə bilmədiklərini sir-sifət “sirlər”ilə açıb-aşkarlayırdılar.
   Deməliyəm ki, bu böyük “Xan dərsi” içərisində, heç bir təqdimata ehtiyacı olmayan Rəfael Hüseynovun aparıcılıq dərsi də vardı. Onun dadlı bilgi-ilgilərlə zəngin yaddaşı, tamaşaçı diqqətini daim ayaqda saxlayan keçid-manevrləri bir yana, özünü hər məclis-mərəkənin ruhu, qarşısındakı kontingentin maraq “janr”ı üstə kökləmə məharəti, gedəcəyi iki-üç saatlıq yol-mənzillərə “ayaq” vermələri xüsusi isim hərfi ilə qeyd olunası istedaddır. Necə ki, bu yığıncaqda da seçildi: üzünü salona tutsa da, ilk sözünü, xitabını şəkli səhnə başında asılmışa ünvanladı: “Axşamın xeyir, Xan əmi!” - dedi və ilk sözü ona verdi. “Zalım” Xan da şəkli qənşərindəki ekranda zühur edib, öz “aman-aman”caları ilə yuxa qəlblərimizi, doğma Şuşasına bağlı “sovxa” nisgilimizi yamanca günə qoyub, dadlı “ey dad-ey dad”ları ilə “xoş gəldin” eləyib, bizləri təkrarsız, zəngin bir elit-irfan ziyafətinə qərq etdi...
   
   Deyilmədən eşidilənlər
   
   İrəliki abzaslarda deyənlərdən, deyilənlərdən bəhs etdim. Amma bu məclisdə deyilməyən mətləb-mənalar deyilənlərdən çox idi. Deyilməyənlərə görə, bu yığıncaqdakıların hər biri özünü xoşbəxt sayırdı. Foto, kino və teleobyektivlərə düşənlərin bir anları, beş dəqidə-para saatları ömür boyu ən süst-susqun məqamlarında onlara Xan energetikası verəcək. Dünyanın kral-general məclislərini fəth etmiş Alim Qasımov bir gün bu sadə, saya Xan kişinin 110 illik yığıncağında bir ağız oxumasını bütün mürəkkəb yığıncaqlardakı saatlarla ifasından daha ali, daha halal duyğularla xatırlayacaq. Cabir Abdullayev burda odladığı segah tonqalını bəlkə də daha heç bir yubileydə bu sayaq yandıra bilməyəcək. Müasir muğam festivallarının qənimətləri olan “uşaqlar” - İlkin, Vüsalə, Babək, Arzu, Nigar, Məmməd, Gəncənin “Göygöl”, Şuşanın “Şuşa” ansamblları ilə oxuyan (təəssüf ki, adlarını öyrənə bilmədim) yeniyetmələr heç bir məclisdə özlərini bu mərtəbədə - böyük sənət adamı kimi hiss etməyəcəklər.
   Sona yaxın “mən də öz dağarcığımı çəkim çuvallar cərgəsinə” deyiminə timsal və orada əvvəldən axıra iştirak edən bir tamaşaçı olaraq -
   
   Deyim ki:
   
   Müasirlərinin əksəriyyəti kimi, mənim də Xan əmi haqda bir xatirəm var.
   Cavanlıqda hərdən onun ifalarını “texniki” cəhətdən olduğu kimi (məsələn, onun aramsız “aman-aman”ları, bəzən, “nəman-nəman” sayaq alletrasiyalanır) təqlid edərdim. Bir gün Filarmoniya bağındakı açıq çayxanada bizdən bir neçə stol aralıda oturmuş Xan əmi ilə xanəndə Bayram Məmmədovun şirin-şirin söhbət etdiklərini görərkən vurğunluq dəcəlliyim tutdu və üzümü tələbə yoldaşlarımın qarasında gizləyib, başladım “nəman-nəman”lamağa. Xan əmi - üzündə yarı təəccüb, yarı təbəssüm - yaxınlıqda radioqəbuledici axtarırmış kimi, o yan-bu yana baxıb, nəhayət, “detektiv” stolu bəllədi və mənim çox pərt halda susduğumu görüb, bizə (on iki tələbəyə) növbəti iki yekə çaynik gətirməkdə olan çayçını səslədi: “A bala, o uşaqlara deynən narahat olmasınlar, çaylarının pulu çatıb...”
   
   Və orada iştirak etməyəndən:
   
   Deyirlər, Bakı kəndlərindən birində can üstə olan bir qoca nəvələrindən birinə tapşırır ki, haçan ki gördün vəziyyətim yenə ağırlaşdı, Xanın valındakı həmin yeri səsləndir. “Çünki Xan “ölürəm-ölürəm” dedikcə, mən dirilirəm...”
   Son və daha mənalı söz isə yenə aparıcıya məxsus: “Bizə belə bayramlar bəxş etdiyinə görə, sağ ol Xan əmi!”
   
   Tahir Abbaslı