Azərbaycan
9 dekabr 1963 - Aktyor, rejissor Lətif Bəşir oğlu Səfərov (1920, Şuşa - 9.12.1963) dünyasını dəyişib (intihar edib). 1928-1931-ci illərdə “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub.
9 dekabr 1973 - Görkəmli aktyor Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib. 1938-ci ildə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk işi 1945-ci ildə lentə alınan "Arşın mal alan" filmində Vəli rolu olub. "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefcilov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
9 dekabr 1991 - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi.
10 dekabr 1918 - Məşhur opera müğənnisi (soprano), aktrisa, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub. 1940-1980-ci illərdə Opera və Balet Teatrının solisti olub.
10 dekabr 1924 - Xalq şairi, dramaturq, ictimai xadim Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub, uzun illər Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə (1992-ci ildən "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi) rəhbərlik edib. «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.
10 dekabr 1935 - Kino rəssamı Fikrət Bağır oğlu Bağırov anadan olub.
10 dekabr 1945 - Şair, publisist İsmayıl Səlim oğlu İmanzadə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub.
11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdamın Şivənd kəndində anadan olub. Böyük Vətən müharibəsində (1941-1945) iştirak edib. “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim” (1968), “Firəngiz” (1975), “Onun bəlalı sevgisi” (1980) filmlərinin ssenarisini yazıb.
12 dekabr 1893 - Görkəmli, aktyor, rejissor Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub. Stalin repressiyalarının qurbanı olub, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.
12 dekabr 1905 - İranda Məşrutə (Konstitusiya) inqilabı başlanıb. 1908-ci ildən inqilab Cənubi Azərbaycanda Səttarxanın başçılığı ilə milli hərəkata çevrildi.
12 dekabr 1945 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında inqilab qələbə çalıb. Pişəvərinin başçılığı altında Milli Hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçib və hərəkat 1946-cı ilin dekabrında süqut edib. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci il iyununda müəmmalı avtomobil qəzasında həlak olub.
12 dekabr 1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib. 1894-cü ildə Cənubi Azərbaycanda, Mərənddə dünyaya göz açıb, sonra ailələri Tiflisə köçüb. Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “Qara daşlar” (Dəmirov), “O olmasın, bu olsun” (Həsən bəy), “Qanun naminə” (Murtuzov) filmlərində yaddaqalan obrazlar yaradıb.
Dünya
9 dekabr 1048 - Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd Xarəzmli (4.9.973 - 1048) vəfat edib.
9 dekabr 1717 - Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717-1768) anadan olub.
9 dekabr 1842 - Rus yazıçısı, tarixçi, filosof Pyotr Kropotkin (1842 - 1921) anadan olub. Əsərləri: “Etika”, “Çörək və azadlıq” və s.
9 dekabr 1888 - Məşhur fransız estrada müğənnisi, aktyor Moris Şevalye (Maurice Auguste Chevalier; 1888-1972) anadan olub.
9 dekabr 1891 - Belarus ədəbiyyatının banilərindən biri, şair Maksim Adamoviç Boqdanoviç (1891-1917) anadan olub.
9 dekabr 1900 - Görkəmli tatar şairi, yazıçı Həsən Tufan (Hisbulla Gulzizin-Həzrətov, 1900-1981) anadan olub.
9 dekabr 1969 - Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında İslam Konfransı Təşkilatı təsis olunub. Hazırda 60-a yaxın dövləti birləşdirir.
10 dekabr Dünya İnsan Haqları Günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən beynəlxalq miqyasda qeyd edilir.
10 dekabr 1745 - İngilis yazıçısı Tomas Holkroft (Thomas Holcroft, 1745-1809) anadan olub.
10 dekabr 1821 - Görkəmli rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1978) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Şaxta, Qırmızı burun”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.
10 dekabr 1822 - Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frank (Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck; 1822-1890) anadan olub.
10 dekabr 1886 - İran şairi, filoloq və ictimai xadim Məhəmmədtağı Məlik Üşşüəra Bahar (1886-1951) anadan olub.
10 dekabr 1890 - Görkəmli başqırd şərqşünası və türkoloqu, filosof, ictimai-siyasi xadim Əhməd Zəki Validi Toğan; 1890 - 28.7.1970, Türkiyə) anadan olub. 2010-cu il TÜRKSOY tərəfindən “Toğan ili” kimi qeyd olunub.
10 dekabr 1901 - Məşhur sirk ustası, “Karandaş” ləqəbli kloun, SSRİ Xalq artisti Mixail Nikolayeviç Rumyansev (1901-1983) anadan olub.
10 dekabr 1908 - Fransız bəstəkarı və pedaqoqu Olivye Messian (Olivier Eugene Charles Prosper Messiaen, 1908-1992) anadan olub.
10 dekabr 1937 - Görkəmli rus filoloqu, akademik, antik ədəbiyyat üzrə mütəxəssis Sergey Averinsev (1937-2004) anadan olub.
11 dekabr 1803 - Məşhur fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.1869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s.
11 dekabr 1810 - Fransız şairi, nasir və dramaturq Alfred Musse (Alfred de Musset, 1810 - 1857) anadan olub. “Əsrin oğlunun etirafı”, “Gecələr” və s. romanların müəllifidir.
11 dekabr 1890 - Məşhur Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel, 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
11 dekabr 1913 - Görkəmli fransız aktyoru, rəssam, heykəltəraş Jan Mare (Jan Alfred Villen-Mare, 1913 - 8.11.1998) anadan olub. "Bəyaz gecələr", "Qraf Monte-Kristo", "Parisin sirləri", "Dəmir maska", Fantomas haqqında filmlərdə yaddaqalan rollar yaradıb.
11 dekabr 1918 - Böyük rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (1918 - 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya olunur, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "QULAQ arxipelaqı", "Qırmızı təkər" və s. romanların müəllifidir.
11 dekabr 1930 - Tanınmış fransız aktyoru, rejissor, ssenarist Jan-Lui Tretinian (Jean-Louis Trintignant) anadan olub. Baş rolu oynadığı «Kişi və qadın” filmi (1966) iki dəfə “Oskar” alıb. Digər filmləri: “Və Tanrı qadını yaratdı”, “Təhlükəli əlaqələr”, “Dzeta” və s.
12 dekabr 1198 - Məşhur ərəb filosofu Əbu Valid Məhəmməd ibn Əhməd Rüşd (1126-1198) vəfat edib. İspaniyada (Kordova) yaşayıb, Avropada Averroes adı ilə tanınıb.
12 dekabr 1766 - Böyük rus yazıçısı və tarixçisi Nikolay Mixayloviç Karamzin (1766-1826) anadan olub.
12 dekabr 1799 - Rus rəssamı Karl Pavloviç Bryullov (1799-1852) anadan olub.
12 dekabr 1821 - Məşhur fransız yazıçısı Qustav Flober (Gustave Flaubert, 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hisslərin tərbiyəsi” və s. romanların müəllifidir.
12 dekabr 1860 - Polyak şairi, dramaturq, ədəbiyyatşünas Yan Kasproviç (Jan Kasprowicz, 1860-1926) anadan olub.
12 dekabr 1863 - Norveç rəssamı Edvard Munkun (Edvard Munch, 1863-1944) doğum günüdür.
12 dekabr 1905 - Rus yazıçısı Vasili Semyonoviç Qrossman (1905-1964) anadan olub. Stalin rejimini ifşa edən məşhur “Həyat və tale” romanının müəllifidir.
12 dekabr 1915 - Dünya şöhrətli Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra, 1915 - 14.5.1998) anadan olub.
12 dekabr 1925 - Tanınmış rus bəstəkarı Vladimir Şainski anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin tələbəsi olub. Uşaqlar üçün populyar mahnıların, çizgi filmlərinə (“Çeburaşka”, “Timsah Gena”) musiqilərin müəllifidir.
12 dekabr 1928 - Böyük qırğız yazıçısı Çingiz Aytmatov (1928 - 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
12 dekabr 1941 - Rusiyanın Xalq artisti, məşhur aktyor Vitali Mefodyeviç Solomin (1941-2002) anadan olub. Filmləri: “Şerlok Holms və doktor Vatson” (doktor Vatson), “Qaratoxmaq qadın”, “Qış albalısı” və s.
Hazırladı: Vüqar Orxan