“Ziya Bünyadov xalqımızın XX əsrdə yetirdiyi ən görkəmli alimlərdən biri idi. O, təkrarsız bir insan idi. Ziya Bünyadov adi bir tarixçi deyildi, mübariz bir tarixçi idi. Onun mübarizəsi də Azərbaycanın milli mənafelərinin müdafiəsi ilə bağlı olmuşdur. Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə və gələcək nəsillərə, dünya tarixinə çatdırmaq baxımından onun əsərləri əvəzsizdir” - ulu öndər Heydər Əliyev görkəmli alim və böyük vətəndaş Ziya Bünyadov haqqında bu dəyərli sözləri onun dəfn mərasimində, 1997-ci il fevralın 23-də deyib.
   Ziya Bünyadov sözün bütün mənalarında tariximizdə iz qoymuş insan idi. İstər şəxsi həyatı, rəşadəti, müharibədə göstərdiyi igidlik nümunəsi ilə, istərsə də dərin zəka sahibi olan alim kimi tarix elmimizə verdiyi müstəsna töhfələrlə.
   Ziya Musa oğlu Bünyadov 1921-ci il dekabrın 24-də Astarada anadan olmuşdu. Orta məktəbdə rus dilini mükəmməl öyrənmiş, atası isə ona ərəb dilini, Quranı öyrətmişdi. Gələcəyin böyük tarixçi və şərqşünasının həyat yolu od-alovdan, döyüş səngərlərindən keçib. 1939-cu ildə Bakıda hərbi məktəbə daxil olub. 1941-1945-ci illərin Böyük Vətən müharibəsini taqım və bölük komandiri kimi Berlinədək döyüş yolu keçib. 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
   1946-cı ildə ordudan tərxis olunduqdan sonra döyüş silahını qələmlə əvəz edib.
   Elm yoluna qədəm qoyub. 1946-1950-ci illərdə Moskvada Şərqşünaslıq İnstitutunda oxuyub. 1954-cü ildə “Afrikada italyan imperializmi” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını alıb. 1954-1964-cü illərdə Azərbaycan EA Tarix İnstitutunda baş elmi işçi işləyib.
   Ziya Bünyadovun 1964-cü ildə müdafiə etdiyi “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası elmi dairələrdə böyük rezonans doğurub. 1965-ci ildə kitab şəklində çap olunan bu tədqiqatında alim ermənilərin Qafqaza gəlmə xalq olduqlarını, bu diyarda tarixən erməni dövlətçiliyinin olmadığını elmi dəlillərlə sübut etmişdi.
   1964-cü ildə tarix elmləri doktoru, 1965-ci ildən professor adını alan alim 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1976-cı ildə isə akademiyanın həqiqi üzvü seçilib. O, 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunda Orta əsrlər tarixi şöbəsinin rəhbəri olub. 1981-ci ildən isə EA Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. 1990-cı ildə EA vitse-prezidenti seçilib.
   O, Azərbaycanın VII-XIII əsrlər tarixinin görkəmli tədqiqatçısı və tanınmış şərqşünas idi. 1960-cı ildə alban tarixçisi Mxitar Qosun “Alban xronikası” əsərini ingilis dilindən, Əbdürrəşid Bakuvinin “Abidələr” xülasəsi və “Qüdrətli hökmdarların möcüzələri” və Nəsəvinin “Sultan Cəlaləddin Mankburəninin həyatının təsviri” əsərlərini ərəb dilindən rus dilinə tərcümə etmişdi. Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyası 1980-ci ildə Dövlət mükafatına layiq görülmüşdü.
   Onun əsərləri İraq, Fransa və Türkiyədə nəşr olunmuşdu. Alim SSRİ-nin Ərəb ölkələri ilə Dostluq Cəmiyyətinin Rəyasət Heyətinin vitse-prezidenti seçilmişdi. 1982-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adını almış, Türkiyədə Türk Tarix Qurumunun müxbir üzvü seçilmişdi. Sovet İttifaqın Qəhrəmanı Ziya Bünyadov “Lenin” ordeni, “Qırmızı Ulduz”, “Qırmızı Bayraq” və s. orden və medallara, həmçinin müstəqil Azərbaycanın ən yüksək mükafatı olan “İstiqlal” ordeninə layiq görülmüşdü.
   Görkəmli alim 1990-cı ildə “Qurani-Kərim”i Azərbaycan dilinə çevirmiş, 1993-cü ildə A.Bakıxanovun “Gülüstani-İrəm” əsərini elmi təfsir və şərhlərlə nəşr etdirmişdi. Azərbaycanın müstəqillik uğrunda başladığı mübarizə şəraitində, Qarabağ münaqişəsinin qızışdığı bir dövrdə alim əsl vətəndaş və vətənpərvər mövqeyi ilə tanınmışdı. 1995-ci ildə Milli Məclisin deputatı seçilmişdi.
   Z.Bünyadov ümumilikdə 500-dən çox elmi əsər - monoqrafiya, məqalə və s. yazmış, tərcümələr etmişdi. Onun rəhbərliyi altında 35 dissertasiya müdafiə olunmuşdu. Böyük alim və dəyərli ictimai xadim 1997-ci il fevralın 21-də yaşadığı evin qarşısında cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirildi.
   Bakı şəhərindəki küçələrdən biri və AMEA-nın Şərqşünaslıq İnstitutu Ziya Bünyadovun adını daşıyır. Onun əziz xatirəsi yaddaşlarda daim yaşayacaq.
   
   Əfqan Rzayev,
   Astara rayonu Ərçivan kəndi 4 saylı məktəbin müəllimi