Azərbaycan
   
   12 yanvar 1908 - Böyük bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25 yanvar - red.) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.
   12 yanvar 1925 - Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925 - 24.11.1982) Quba rayonunun Susay kəndində doğulub.
   12 yanvar 1928 - Görkəmli ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli anadan olub. Estetika və bədiilik məsələlərinə dair əsərlərin, "Qardaşım mənim-sirdaşım mənim", "Bir ömrün iztirabları" və s. povestlərin müəllifidir.
   12 yanvar 2004 - Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb. Milli Ensiklopediyanın ilk xüsusi nəşri - “Azərbaycan” cildi 2007-ci ildə çapdan çıxdı.
   
   13 yanvar 1897 - Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 - 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, iki cildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) işləyib. Stalin repressiyasının qurbanı olub.
   13 yanvar 1951 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub. Quruluş verdiyi filmlər: “Evlənmək istəyirəm”, “Kişi sözü” (eyni zamanda baş rolun -(Niyaz) ifaçısı), “Gənc qadının kişisi”, “Girişmə, öldürər!” və s.
   13 yanvar 2003 - Xalq artisti, görkəmli müğənni Mirzə Babayev (16.7.1913 - 2002) vəfat edib. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dək filmdə (“Telefonçu qız” - Qulam, “Qaraca qız” - Səlim bəy, “Dəli Kür” - kəndli kişi, “Dərviş Parisi partladır” - dərviş Məstəli şah və s.) maraqlı obrazlar yaradıb.
   
   14 yanvar 1923 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 - 2.8.1980) Bakıda anadan olub. Uzun müddət Dövlət Akademik Milli Dram Teatrında baş rejissor işləyib. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması onun adı ilə bağlıdır.
   14 yanvar 1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   
   15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: "Düşmənimin düşməni", "Cərrahlar" romanları, “Hamballar" povesti və s.
   15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadə anadan olub. Azərbaycan kinosunun gerçək tarixinin (2 avqust 1898-ci il) üzə çıxması onun tədqiqatlarının nəticəsidir. Bir çox kitabların müəllifi, “Azərbaycan Kino Ensiklopediyası”nın tərtibatçısıdır.
   15 yanvar 1952 - Tanınmış tarixçi alim, professor Cəmil Poladxan oğlu Həsənli Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 10-dan çox kitabın müəllifidir. Milli Məclisin deputatı (2005-2010) olub.
   
   16 yanvar 1905 - Məşhur neft milyonçusu Şəmsi Əsədullayevin qızı, yazıçı Üm-əl Banin (Ümbülbanu Şəmsi qızı Əsədullayeva; 1905-1994) anadan olub. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində əsərlər yazıb.
   16 yanvar 1939 - Şair Vaqif Nəsib (Vaqif Hüseyn oğlu Nəsibov) Qazaxda anadan olub.
   16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944-20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı olub. 1991-ci il aprelin 20-də deputat həmkarı, alim Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.
   
   Dünya
   
   12 yanvar 1628 - Fransız nağıl yazıçısı Şarl Perro (Charles Perrault, 1628 - 1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.
   12 yanvar 1800 - Fransız rəssamı Ejen Lui Lami (Eugene Louis Lami, 1800 - 1890) anadan olub.
   12 yanvar 1863 - Məşhur hind filosofu Svami Vivekananda (əsl adı Narendranatx Datta, 1863 - 1902) anadan olub.
   12 yanvar 1876 - Görkəmli Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 1876 - 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.
   12 yanvar 1910 - Alman aktrisası Luiza Rayner (Luise Rainer) Vyanada anadan olub. 102 yaşlı aktrisa hazırda həyatda olan ən qocaman “Oskar” (1936 və 1937-ci illərdə layiq görülüb) laureatıdır.
   12 yanvar 1936 - Məşhur Latviya bəstəkarı, SSRİ Xalq artisti Raymond Pauls (Ojars Raimonds Pauls) anadan olub.
   12 yanvar 1937 - Fransız aktrisası Mari Dübua (Marie Dubois - Claudine Lucie Pauline Huze) anadan olub. Filmləri: “Böyük gəzinti”, “Təhlükə”, “Cəhənnəmə yol”və s.
   12 yanvar 1949 - Məşhur yapon yazıçısı Haruki Murakami anadan olub. "Norveç meşəsi", "Kafka sahildə", “1Q-84” və s. romanların müəllifidir.
   
   13 yanvar 1898 - Rus aktyoru, SSRİ Xalq artisti Vasili Vasilyeviç Vanin (1898 - 1951) anadan olub.
   13 yanvar 1924 - Alman əsilli Amerika filosofu Paul Feyerabend (Paul Karl Feyerabend , 1924 - 1994) Vyanada doğulub.
   13 yanvar 1931 - Məşhur rus yazıçısı, ssenarist və dramaturq Arkadi Aleksandroviç Vayner (1931 - 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə məşhur detektiv əsərlərin müəllifidir. Əsərləri: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası”, “Cəlladın incili” və s.
   13 yanvar 1937 - Gürcü aktrisası, Gürcüstan və Rusiyanın Xalq artisti Ariadna Vsevolodovna Şengelaya (Şprink) anadan olub. “Azərbaycanfilm”də “Romeo mənim qonşumdur” filmində (Nona) çəkilib.
   
   14 yanvar 1818 - Görkəmli fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Hersoginya Finlyandskaya”, “Ulduzların uşaqları” və s. romanların müəllifidir.
   14 yanvar 1827 - Məşhur rus etnoqraf və coğrafiyaşünası, incəsənət tarixçisi Pyotr Semyonov Tyan-Şanski (1827-1914) anadan olub.
   14 yanvar 1895 - Başqırd klassik ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.
   14 yanvar 1896 - Portuqal mənşəli Amerika yazıçısı Con Dos Passos (John Roderigo Dos Passos, 1896-1970) anadan olub.
   14 yanvar 1911 - Rus yazıçısı Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub. “Arbat uşaqları”, “Kortik” və s. romanların müəllifidir.
   14 yanvar 1925 - Yapon yazıçı-dramaturqu Yokio Misi (əsl adı Kimitake Hiraoka; 1925-1970) anadan olub. Əsərləri: “Qızıl məbəd”, “Maskanın etirafı”, “Bahar qarı” və s.
   15 yanvar 1622 - Görkəmli fransız dramaturqu, Avropa ədəbiyyatında klassik komediya janrının banisi Jan-Batist Molyer (Jean Baptiste Poquelin dit Moliere; 1622-17.2.1673) anadan olub. Əsərləri: “Tartüf”, “Psixeya”, “Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.
   15 yanvar 1795 - Rus şairi, yazıçı-dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795-11.2.1829) anadan olub. “Ağıldan bəla” komediyasının müəllifidir. Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən sonra (1828) Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.
   15 yanvar 1850 - Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu, 1850-15.6.1889) anadan olub.
   15 yanvar 1850 - Məşhur rus riyaziyyatçısı, yazıçı və publisist Sofya Kovalevskayanın (1850-1891) doğum günüdür. Əsərləri: “Voronsov ailəsi” romanı, “Nihilist qız” povesti.
   15 yanvar 1870 - Ukrayna yazıçısı, şərqşünas, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.
   15 yanvar 1891 - Görkəmli rus (yəhudi əsilli) şairi, ədəbiyyatşünas Osip (İosif) Mandelştam; 1891-1938) anadan olub.
   15 yanvar 1902 - Böyük türk şairi, ömrünün bir hissəsini Azərbaycanda yaşamış Nazim Hikmət (1902-3.6.1963) anadan olub. Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə 28 illik həbsə məhkum edilmiş, 1951-ci ildə ona SSRİ-yə mühacirət etməyə icazə verilmişdi. Türkiyə vətəndaşlığından məhrum edilən Nazim Hikmət ömrünün axırınadək SSRİ-də yaşadı. Məzarı Moskvadadır. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. “Romantika” romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.
   15 yanvar 1917 - SSRİ Xalq artisti, aktyor Yevgeni Lebedev (1917-9.6.1997) anadan olub. R.Ocaqovun “İstintaq” filmində (Muradın kamera yoldaşı) çəkilib.
   
   16 yanvar 1675 - Məşhur fransız memuar yazıçısı Lui de Ruvrua Sen Simon (Louis de Rouvroy, duc de Saint-Simon, 1675-1775) anadan olub.
   16 yanvar 1749 - İtaliya şairi və dramaturqu, italyan dramaturgiyasının (faciə) banilərindən biri Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.
   16 yanvar 1867 - Rus yazıçısı, şair və tərcüməçi Vikenti Vikentyeviç Veresayev (Smidoviç, 1867-1945) anadan olub. Əsərləri: “Yolsuz”, “Həkimin qeydləri”, “Canlı həyat” və s.
   16 yanvar 1934 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vasili Lanovoy anadan olub. Filmləri: “Pavel Korçagin”, “Baharın on yeddi anı”, “Qara kvadrat” və s.
   16 yanvar 1948 - Amerika kinorejissoru, ssenarist, aktyor və kino bəstəkarı Con Karpenter (John Carpenter) anadan olub. “Hellouin”, “Duman”, “Nyu-Yorkdan qaçış” və s. qorxu filmlərinin (sleşer) müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan