Siz ey - sabah yox birisi gün milli qurban olasılar!
   Vətənə, Azadlığa fəda gedəsilər!
   Qürur mənalı bütün sözlərimizə, fəxarət mayalı bütün duyğularımıza, hiss-həyəcanlarımıza nida qoyasılar!
   Başları Vətən “daş”ları ağırlığından - Qarabağ savaşından, “Ya Azadlıq, ya ölüm!” qoşasından sinələrinə əyilən vətəndaşlar təqvim-kalendara baxsalar da, “18 yanvar 1990” rəqəmini görməyəsilər!
   İki gecə sonrakı Gecəyə ata-ana kimi gedib baba-nənəlikdən məhrum qalası, subay-salıq kimi yürüyüb bəy-gəlinliklərinə, tör-törəməliklərinə xitam verəsilər!..
   İndilər, bu saatlar, bu dəqiqələr haralardasınız? Nə işlə məşğulsunuz? Nə düşünüb-daşınırsınız? Ərgən-ərlik oğul-qızlarınıza nə nam-nişanda toy-nişan qurmaq fikrindəsiniz? Sevgililərinizə birisigünkü qanlınamə Gecədən xəbərsiz, nə kimi titrək, nə sayaq güllü, süsən-sünbüllü “şanlı məktub”lar yazırsınız?..
   ...Hə, “Bu dünya bir pəncərədir - hər gələn baxar gedər”? Bəs siz niyə o Gecəyə pəncərələrdən baxmayacaqsınız - bizim kimi? Şimşək kimi çaxacaq, ildırımsayağı düşüb gedəcəksiniz! Siz küçələrimizdə al-qırmızı qanınızı axıdacaqsınız, biz evlərimizdə göl timsalı göz yaşlarımızı. Siz - bir Şəhid olaraq - bizi hər an, hər gün, hər il və... əbədi təltifləyəcək, bizsə - bir şahid qalaraq - sizi yalnız “yubiley” yazı-pozuları, ildönümü izdihamları ilə tərifləyəcək, yar-yaxınlarınızı ilbaşı pay-püşlərlə baratlayacağıq.
   Məsələn, mən sonrakı uzun illərin füzun gecələrində sizin Qanlı-Şanlı Gecənizə dair - bircə yaranıza məlhəm, Vətən eşqli qızğın başınıza bir sığallıq sadağa olmayası, ələmlə düyünlənmiş qələm qaşınıza bab tutulmayası yazılar yazacağam: “Qızıl gül əsdi”, “Sınıq, “əlil” - lakin müstəqil qərənfil!”, “Bu məzarlar - həyat yazarlar”, “O gecəyə açıq məktub”, “Yazıya pozu...” və sair. Hərdən vaxt tapıb o yazılara göz gəzdirdikcə, belə bir qənaətə gələcəyəm ki, bunların hamısı birlikdə sizin o bircə Gecədə yazacağınız Epopeyanın yarı-yarımcan sətrinə də dəyməz!
   Ay sabah axşam evlənib, birisi gün gecə meyidlənəsi başdönüm! Ay “insafsız” oğulbala, təzəcə gətirəcəyin o gəlini gərdəkdə qoyub gedəcəksənmi?!.
   Gələn həftə nişanlanası cavan, üzüyün tabaqda qalacaqmı?..
   Gözaltılı dəliqanlı, nədən gedib yumacaqsan o qapqara gözlərini - qəlbini qaraqaş yarına açmamış?!.
   Deyikli qız, niyə o utancaq namizədinə - o “həya qorxağı”na bir söz deməmiş, minbir göz ağlayacaqsan?..
   Yordum sizi suallarla - birisigün görəvliləri...
   Nə etməli, siz İstiqlal süfrəmizdə löyün-löyün fəda-ölüm şərbətləri içəcəksinizsə, biz də sizi gələcək öygü-sevgi “yarış”larında, ildönüm-anım “festival”larında baş söz “zülmü”nə hazırlaşmayaqmı? Siz Yurd, Vətən, Azadlıq uğrunda canınızdan keçəcək, “beş arşın kəfən” aparıb - üçrəngli bayraq qoyub gedəcəksinizsə, biz də şərəfinizə qaralayıb-ağladığımız bu “ərəfə” sözü yüz ölçüb, bir biçməyəkmi?..
   “Ruhun gözü Nuhunkundan görərdir” - deyiblər. Sabah yox, birisi gün axşam gedərsiz... qələmim qurusun, Gecə ölərsiz... və ertəsi gün... inşallah... baxarsız - bu millət, təsadüfən sağ qalmış qazilər, şahidlər necə əl qatır özlərinə! Tarixdə misli görünməmiş o qətliama tayı-bərabəri yaşanmamış bir qətl-qarşılam olacaq! Dünya çaş-baş qalacaq; bilinməyəcək - bu törən “elnən gələn vay”mıdır, ya “sabah!” nam-nişanlı milli toymudur? Oğul-uşağı olmayan sonsuzlar da munis bir fürsət tapacaq o məqamlar: “oğul vay!” deyib, o ki var, ağlayacaqlar - acı da olsa, heç vaxt onlara qismət olmayası bu “növ” göz yaşları leysanlayacaqlar, ey hamının balası olacaq Şəhidlər!..
   Doğum tarixçələriniz müxtəlif olsa da, qurbanlıq Tarixiniz eyni olacaq: “20 Yanvar 1990”! Ad-soyadlarınız çeşid-çeşid, şərəf-şanlarınız, milli titullarınız eyni: “Şəhid”! Beşik-nənni ünvanlarınız, ev-eşikləriniz ayrı, məzar-məkanlarınız vahid: “Şəhidlər xiyabanı”!..
   ...Nə qədər ki sağsınız, ruhunuza tapşırın, indi deyəcəyim “görəcəyə” görə qınamasınlar məni...
   ...Siz o qara gözlü, o atəş dilli, ox kirpikli, “pənbeyi-daği cünun” əndamlı yar-Gecənin görüşünə hansı buta eşqi, elçi tərbiyəviliyilə gedəcəksiniz ki, meyidlikdə, cənazəlikdə də o cür aşiq və qalib görünəcəksiniz?! Hamınız kürəyinizi ana torpağımıza söykəyib, qollarınızı ata sərhədlərimizə açıb, üzünüzü Tanrı dərgahına tutacaqsınız! Qolunuzun biri, ya ikisi də budananınız çiynini mümküncə ucalığa - bir daha enməyəsi bayrağımızın asılacağı yüksəkliyə qovzayacaq! Ayaqları kəsilənləriniz Müstəqil Azərbaycan şərəf-vizası ilə bütün dünyanı gəzib-dolaşası addımlar atacaq!..
   “Hamınız kürəyinizi ana torpağımıza söykəmişdiniz” yanğı-qanğım yadıma siz haqda yazacağım ilk (1990, 25 yanvar) yazımın - “Qızıl gül əsdi...” ağımın “uvertüra”sını saldı: “Sən necə qənirsiz Gözəl, necə sevgili Canan, yaraşıqlı Yar, ümummilli Namus mücəssəməsisən ki, heç bir kəs Səni o birinə qısqanmır, Vətən?! Hər Məcnunun istəyir ki, bütün başqaları - hamı Səni özündən də çox sevsin, Azərbaycan!..”
   
   “Psixo”-P.S. Sabah yox - birisigündən sonra baş verəsi olaylar, başımıza gələn halay-valaylar, müsibəti-fəxarətlər, səadəti-inkişaflar haqda birisigünkü sayımızda...
   
   Tahir Abbaslı