Azərbaycan
8 fevral 1907 - Təbrizdə Səttarxanın rəhbərliyi ilə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb. İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib.
9 fevral 1924 - Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində “Araz Türk Cümhuriyyəti” adı ilə yaranmışdı. Sovetləşmədən sonra, 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsbit etdi. 1923-cü ildə Naxçıvan Muxtar Diyarı adlanıb, Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlanıb. 1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Ərazisi (5,5 min kv. km) Naxçıvan şəhəri və 7 rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.
9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (1925-2004) anadan olub.
9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.
9 fevral 1942 - Yazıçı-publisist, filologiya elmləri doktoru Fazil Şamil oğlu Rəhmanzadə anadan olub. “Əsrə bərabər gecə” kitabının müəllifidir.
10 fevral 1828 - Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ) köçməsi, İranın Rusiyaya təzminat ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərinin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.
10 (yeni təqvimlə 22) fevral 1869 - Böyük yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
10 fevral 1918 - Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və s. detektiv əsərlərin müəllifidir.
10 fevral 1925 - Cənubi Azərbaycan şairi, publisist Müzəffər Məmmədəli oğlu Dirəfşi anadan olub.
10 fevral 1927 - Ədəbiyyatşünas alim, professor Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.
11 fevral 1914 - Xalq artisti Rəmziyyə Veysəlova (1914-22.8.1993) Bakıda anadan olub. Uzun illər Gəncə Dram Teatrının aktrisası olub.
11 fevral 1920 - Ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub. Üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir.
11 fevral 1930 - Ədəbiyyatşünas, şərqşünas, tərcüməçi Əbülfəz Haşım oğlu Rəhimov anadan olub. Əbdi bəy Şirazi, Bədr Şirvani və başqaları haqqında tədqiqatların müəllifidir.
11 fevral 1981 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900, Tiflis - 1981) vəfat edib. “Kəndlilər” (1939), “Fətəli xan” (1947), “O olmasın, bu olsun” (1956), “Sehrli xalat” (1964), “Dağlarda döyüş” (1967) və s. filmlərində çəkilib.
11 fevral 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib.
12 fevral 1911 - Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən ömrünün axırınadək Dövlət Opera və Balet Teatrının solisti və konsertmeystri olub.
12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923-6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin müəllifidir, bir çox şeirlərinə mahnılar bəstələnib.
12 fevral 1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
12 fevral 1933 - Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933-23.1.1995) anadan olub. H.Zərdabi (Bakı), C.Cabbarlı (Sumqayıt) və s. abidələrin müəllifidir.
Dünya
8 fevral 1577 - İngilis yazıçısı Robert Berton (Robert Burton, 1577-1640) anadan olub.
8 fevral 1591 - İtalyan rəssamı Qverçino (əsl adı Covanni Françesko Barbieri, 1591- 1666) anadan olub.
8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.
8 fevral 1878 - Yəhudi filosofu, sionizmin ideoloqu Martin Buber (1878-1965) anadan olub.
8 fevral 1920 - Amerika aktrisası, 40-50-ci illərin kinoulduzu Lana Terner (Lana Turner; 1920-1995) anadan olub.
8 fevral 1925 - Amerika aktyoru və rejissoru Cek Lemmon (Jack Lemmon, 1925 - 2001) anadan olub.
8 fevral 1928 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.
9 fevral 1441 - Məşhur özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.
9 fevral 1783 - Rus şairi, ədəbiyyatşünas Vasili Andreyeviç Jukovski (1783-1852) anadan olub.
9 fevral 1874 - Alman əsilli məşhur rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Emileviç Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub. 9 fevral 1881 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.
9 fevral 1885 - Avstriya bəstəkarı, ekspressionizmin məşhur nümayəndəsi Alban Berq (Alban Berg, 1885-1935) anadan olub.
9 fevral 1915 - Rus kinoaktyoru, SSRİ Xalq artisti Boris Fyodoroviç Andreyev (1915-1982) anadan olub.
10 fevral 1808 - Alman tarixçisi və filoloqu Georq Veber (1808-1888) anadan olub.
10 fevral 1837 - Dahi rus şairi, yazıçı, dramaturq Aleksandr Sergeyeviç Puşkin (6.6.1799 - 1837) vəfat edib. Əsərləri: "Yevgeni Onegin" mənzum romanı, "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Mis atlı" poemaları, "Boris Qodunov", "Motsart və Salyeri" pyesləri, “Kapitan qızı”, “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın” povestləri və s.
10 fevral 1890 - Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub.
10 fevral 1898 - Alman dramaturqu, rejissor və teatr sənəti nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub.
10 fevral 1903 - Bəstəkar, SSRİ Xalq artisti Matvey İssakoviç Blanter (1903-1990) anadan olub. Məşhur “Katyuşa” mahnısının, “Futbol marşı”nın müəllifidir.
10 fevral 1938 - Rus yazıçısı Georgi Aleksandroviç Vayner (1938-2009, Nyu-York) anadan olub. 1990-cı ildə Amerikaya mühacirət edib. Qardaşı Arkadi Vaynerlə birlikdə məşhur detektiv əsərlərin müəllifidir.
11 fevral 1657 - Fransız yazıçısı və alimi Fontenel (Bernard le Bovier de Fontenelle, 1657-1757) anadan olub.
11 fevral 1829 - Rus şairi və dramaturqu, Rusiya imperiyasının Tehrandakı səfiri Aleksandr Sergeyeviç Qriboyedov (1795-1829) qətlə yetirilib. “Ağıldan bəla” komediyasının müəllifidir.
11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı populyar hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.
11 fevral 1900 - Alman filosofu, “fəlsəfi hermenevtika”nın banisi Hans-Georq Qadamer (Hans-Georg Gadamer, 1900-2002) anadan olub.
11 fevral 1902 - Rus aktrisası, SSRİ Xalq artisti Lyubov Petrovna Orlova (1902-1975) anadan olub.
11 fevral 1917 - Amerika yazıçısı və ssenaristi Sidni Şeldon (Sidney Sheldon, 1917-2007) anadan olub.
11 fevral 1926 - Kanada və Amerika komediya aktyoru Lesli Nilsen (Leslie William Nielsen, 1926-2010) anadan olub.
12 fevral 1809 - Məşhur ingilis alimi və səyyahı, “təkamül nəzəriyyəsi”nin müəllifi Çarlz Darvin (Charles Robert Darwin; 1809-1882) anadan olub.
12 fevral 1865 - Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.
12 fevral 1881 - Dünya şöhrətli blerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.
12 fevral 1892 - Rus yazıçısı, sosialist realizminin tanınmış siması Konstantin Aleksandroviç Fedin (1892-1977) anadan olub.
12 fevral 1942 - Amerika fantast-yazıçısı Terri Bison (Terry Bisson) anadan olub.
Hazırladı: Vüqar Orxan