Azərbaycan
   
   1 mart 1920 - Azərbaycanın ilk rəsmi informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib.
   1 mart 1928 - Rus dilində nəşr olunan “Vışka” qəzetinin ilk sayı işıq üzü görüb.
   1 mart 1948 - Şair, yazıçı, publisist, tərcüməçi, riyaziyyatçı alim Hamlet İsaxanlı anadan olub.
   1 mart 1952 - Əməkdar incəsənət xadimi, kinoşünas, pedaqoq Aydın Ərşad oğlu Dadaşov Ağdamda doğulub. Dərslik və monoqrafiyaların müəllifi, Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   2 mart 1945 - Tərcüməçi, nasir, publisist, dilçi alim, professor Zeydulla Abdulla oğlu Ağayev anadan olub.
   2 mart 1992 - Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub. BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında Azərbaycanla yanaşı keçmiş SSRİ-nin daha 7 respublikası (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Ermənistan) BMT-yə qəbul edilib.
   
   3 mart 1875 - Tanınmış memar, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 - 9.2.1931) anadan olub. Cümhuriyyət hökumətlərində xarici və daxili işlər nazirləri postlarını tutub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə Zaqafqaziya Diyar Partiya Komitəsinin rəhbəri L.Beriyanın göstərişi ilə həbs edilib və Tiflis həbsxanasında öldürülüb.
   3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, Bakı neftçilərinin həyatından bəhs edən əsərlərin müəllifidir.
   3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 -22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M. Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Səməd Vurğun, C.Cabbarlı, M.Dilbazi, N.Xəzrinin əsərlərini fars dilinə tərcümə edib.
   3 mart 1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Qərbi Azərbaycanın (indiki Ermənistan) Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir.
   
   4 mart 1919 - Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. A.Nağıyev Bakıda 100-ə yaxın müxtəlif təyinatlı bina inşa etdirib. Gözəl memarlıq nümunələri olan bu binalarda bu gün müxtəlif qurum və müəssisələr (AMEA-nın Rəyasət Heyəti (“İsmailiyyə”), Dövlət Neft Şirkəti, ÜNS teatrı və s.) fəaliyyət göstərir.    

   Dünya
   
   1 mart 1445 - Məşhur italyan rəssamı Sandro Bottiçelli (əsl adı Alessandro di Mariano di Vanni Filipepii, 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərlər İntibah incəsənətinin məşhur nümunələridir.
   1 mart 1888 - Ukrayna-sovet yazıçısı, görkəmli pedaqoq Aleksandr Serqeyeviç Makarenko (1888-1939) anadan olub. “Pedaqoji poema” romanının müəllifidir. 1930-cu ildə Bakı neftçilərinin həyatı ilə tanış olub, bu səfəri “30-cu ilin marşı” povestində təsvir edib.
   1 mart 1892 - Məşhur yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.
   1 mart 1963 - Məşhur alman estrada müğənnisi Tomas (Thomas) Anders (əsl adı Bernd Weidung) anadan olub. Ötən əsrin 80-ci illərində «Modern Talking» qrupunun solisti kimi şöhrət qazanıb.
   
   2 mart 1824 - Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
   2 mart 1824 - Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeviç Uşinski (1824-1871) anadan olub.
   2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, məşhur yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç, 1859-1916) anadan olub.
   
   3 mart 1899 - Rus yazıçısı, şair, dramaturq Yuri Karloviç Oleşa (1899-1960) anadan olub. “Üç gombul” nağıl-povesti ilə tanınır.
   3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams anadan olub. Böyük Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Peter Abrahamsın “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.
   
   4 mart 1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” adı ilə məşhur olan əsəri (skripka üçün 4 konsert) ilə şöhrət qazanıb.
   4 mart 1865 - Eston realist ədəbiyyatının banilərindən biri, yazıçı-dramaturq Eduard Vilde (1865-1933) anadan olub.
   4 mart 1877 - Amerikalı ixtiraçı Emil Berliner ilk mikrofonu (yunanca mikros - kiçik, fone - səs) icad edib.
   4 mart 1908 - Rus yazıçısı Boris Nikolayeviç Polevoy (1908-1981) anadan olub. “Əsl insan haqqında povest” ilə məşhurdur.
   4 mart 1925 - Məşhur fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.
   
   Hazırladı: Vüqar Orxan