Fərqinə varsalar da çaldı, varmasalar da
Qınayıb-qınamasalar da, barmaqlarının atəşinə yanıb-yanmasalar da çaldı. Çağdaşı olan şairlərin “Rza, yaz. Rza, durma, Rza, yaz!” höcətilə, “zəncirləri qıram gərək, qıram, qıram!” əzmi ilə çaldı. O qədər çaldı ki, axırda bütün ölkə ona bir könüldən min könülə vurulub, “sən çaldın!” - dedi.
Onun ifalarındakı fateh taktlar, “alovlu ürək”-“şıdırğı barmaqlar” duallığından qopan yaz hərarətli, yay qaynarlı caz ən soyuq ürəklərdə belə, “cızz” elədi...
Vaqif bütün səslər fəlsəfəsinə vaqif idi. Özündən çox, “özgələr”ə, yalnız sənət büdcəsinə işləyən “iş adamı”, yeniliklər, orijinallıqlar “fermeri” idi. Heç bir tərəfdə dayanmayıb, heç bir tərəfə qarşı çıxmadan beynəlxalq sənət generalitetinə daxil edilən Azərbaycan mədəniyyətinin əsgəri idi...
Onun iç və çöl “forma-məzmun”ları
Öncə onun “norma”sız sənət forması haqda bir neçə söz.
Bu gün bizim çalışdığımız Avropaya inteqrasiyanın, artıq bütün dünyanın qoşulmaqda olduğu “mədəniyyətlərin dialoqu” kimi qlobal layihələrin, bəşəri sivilizasiya epopeyasının “ön söz”ünü 60 il əvvəl deyib, “giriş”ini 50 il bundan öncə yazıb - Vaqif Mustafazadə. Bunun özü də bir sənət reforması, sənətkar məzmununun öncəgörmə formasıdır... Əsl sənətkar üçün nə fərqi var - onu bəri başdan qiymətləndirdilər, ya geri yaşdan? Fenomenallar üçün “gəl-gəl” deyib əl eləməklə, “get-get” deyib əməl-fel eləməyin elə bir fərqi yox! Əsas odur ki, əvvəlini yüz ölçəcən - sonu mütləq düz biçiləcək...
Onun sənətkarlıq, şəxslik və ictimailik forması da özgə bir aləm idi. Bu İçərişəhər balasının bayır təhər-tövrü nə qədər qədim idisə, məzmunu bir o qədər yeni idi. Ədəbi-bədii aləmlə bağlı “60-cılar”, “70-cilər” terminləri ayağından desəm, elə o illər tamaşaçılarının yaxşı yadında olar Vaqif Mustafazadə imici. Bütün Bakının “alışdım-yandım” stilyaqalığı dövründə o öz “köhnə kişilər” görkəmiylə hamıdan fərqlənirdi. Gündən-günə müasirləşib-ütüləşən bir şəhərin lap içindən - İçərişəhərdən olasan, ətrafındakı “daley-daley” mahnılar, “Buleyli”lər, “Qalada yatmış idim”lər kimi kömköhnə bir mədəniyyət “bazar”ına caz kimi təptəzə bir “nırx” qoyasan və... buxəntərə dədə-baba əba-qəbasında gəzəsən, oxəntərə mülayim xarakterə, kolorital oturuş-duruşa malik olasan!..
Olum
Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda anadan olmuşdur. 1964-də “Orero” ansamblı, 65-də Gürcüstanda “Qafqaz” caz triosu, 70-də “Leyli” vokal kvarteti, 71-də “Sevil” vokal-instrumental, 77-də “Muğam” instrumental ansambllarını yaradıb başçılıq edir. 1979-da Əməkdar incəsənət xadimi adına, 1982-də (ölümündən sonra) Azərbaycan Dövlət Mükafatına layiq görülür.
Vaqifi tam almaq üçün gərək yazını qulağınla da oxuya biləsən - necə ki radio-televiziondan eşitdiyimiz sözsüz musiqiləri, simfoniyaları duyğularımızın “qələmilə” fikir-zikrə çevirib hekayətləşdiririk. Onun yaranış tarixçəsi baxımından hələ çox uşaq cazda ifa etdiyi hikmətləri bu qədər qos-qoca sözdə ifadə etmək olmur, axı. “Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo-79” kimi beynəlxalq caz müsabiqələri və festivallarının şəriksiz laureatı olmuş bu sənətkarın dosye aktivinə bəndəniz nə əlavə etsin ki? Monakoda keçirilən beynəlxalq caz festivalında öz övladını - “Əzizənin intizarında”sı ilə beynəlxalq övlad məhəbbəti dastanı yaradaraq birincilik qazanan fenomen haqda əlavə sözə ehtiyac varmı? “Fortepiano və simfonik orkestr üçün konsert»in, tamamlanmamış “Muğam” simfoniyasının, neçə-neçə caz, fortepiano şedevrlərinin müəllifinin ruhuna elə beynəlxalq “bravo!” terminindən savayı “hər şey havayı” desəm də, “bəlkə nəsə deyə bildim” ehtimalıyla davam edək...
“Düşüncə” müəllifini düşünərkən...
Əlbəttə, onun dahiyanə “Düşüncə”si ladında düşünmək və bunları yazıya almaq çox müşkül...
Musiqişünaslar, yazı-pozu adamları onun özü, özgürlüyü, bənzərsiz çalğıları, vulkanik çılğınlığı haqda çox təşbehlər, polifonik fikirlər söyləyiblər. Dostları, şəxsi tanışlığı olmayan vurğunları onun təbii, qeyri-adi təbiəti, ipə-sapa yatmazlığının müxtəlif “janr”ları barədə çox bəhs ediblər. Mən də - “dəstədən geridə qalmamaq üçün” bəyan edim ki, sağlığında ona yarı Şərq-yarı Qərb adamı kimi baxırdım. Bu qəribə adamın - iş başında ikən görünməz əllərinin, daim plyus-minus yüklü sifətinin, çox zaman “ikili” məna təcəssüm etdirən təbəssümlü dodaqlarının, hətta 70-ci illərin sonlarında ona 2 il teleqadağa “iş”i kəsdirən bığlarının bir tayı Şərqə çalırdı, bir tayı Qərbə...
Sevilmək üçün, çalğılarına, bəstələrinə heyranlıq üçün, təxti-bəxtinə, hərtərəfli orijinallığına həsəd üçün, lap elə cavan və qəfil bir ölümlə sevərlərini yandırıb-yaxmaq üçün... daha Tanrı ondan nə əsirgədi ki? Siz bir bu görəcək sənətkarın “adicə” olum-ölüm tarixçələrinə diqqət yetirin: 16 mart 1940 - 16 dekabr 1979. Olumu bahara, ölümü qışa beş gün qalmış...
Deyirəm, bəlkə hərəni bir cür qidalandırıb qanadlandıran “Düşüncə”sində bu nüanslara da toxunub bu sağ olmuş? Vaqifə dərindən vaqif olan oxucular “sağ olmuş” epitetinə duruxmazlar, yəqin. Hər çalğısı ilə hər dəfə bizi cansıxıcı anlardan alıb dirildən kəs ölə bilərmi, hörmətli zövqdaşlarım?! O, sadəcə, ömür payı sarıdan tamarzı qoydu bizi, vəssalam!
Onun ecazkar musiqi taktları və zəriflikdən infarkta doğru döyünən könlü dünyatutan bir antena idi. Bu “antena”nın barmaqcıqları səs-sədaları bütün başqaları kimi tutsa da, onları yalnız və yalnız özü kimi yayımlayırdı. Özgə səsləri necə özümüzünküləşdirib doğmalaşdırırdısa, öz ritmlərimizi də eləcə onlarınkılaşdırır və beləliklə, hamını dünyəviləşdirirdi. Deyirlər, kamil musiqinin vətəni olmur, dili, tərcüməsi yoxdur. Düz deyirlər. Amma, məncə, bu ilahi qidanın zümrəsi, sinfi var. Söhbət sovetlər dövrünün fəhlə-kəndli siniflərindən, qulluqçu-ziyalı zümrələrindən getməsə də, deyim ki, Vaqif Mustafazadəyə qədər “caz”a “vız” eləyən, “mız” qoyan ziyalılarımız da vardı. “Vaqif dərsi”ndən sonra isə, hətta ucqar kəndlərimizdəki cılxa saz, tar “planetlilərimiz” belə, onun “Heyratı”, “Şur” cazları haqda öz “Ruhani”, “Yetim segah”larından az gap eləmirlər.
Gəlişi şam, oluşu tam, gedişi natamam...
Bəli, bircə ömür payı sarıdan yarımçıq qaldı - bu bütöv gənc, ağır-batman ahıl, virtuoz “qoca”! Otuz doqquzcasındaca çıxıb getdi. Bay, “çıxıb getdi” nəymiş belə - qələmim yanıltdı məni; çaxıb getdi! Hədsiz alicənabların, sədsiz həssasların sevgilisi olan bir aşiq-azar apardı onu. Könül-qəlb antenaları yalnız xoş münasibətlərə, ümumbəşəri dəyərlərə tuşlanmış sənət məcnunlarının canan-canalanı olan infarkt özünə daha bir yar tapdı Vaqifin köksündə. Qoymadı ki, bu könül bağbanı, Məlikməmmədliyin bu real təcəllası dünyanın ən qədim “şərq”ilərilə ən yeni “qərb”ilərinin 40-cı qapısını da açsın...
Deyirlər, guya böyük, ali insanlar dünyalarını dəyişəndə ölüm də sevinir. Bəlkə elə Səməd Vurğun buna görə “Ölüm sevinməsin, qoy...” kimi bir şeirə də qol qoyub?..
Yəni ölüm (?!.)
Bəli, cismi ölüm! Amma nə qəm?..
Yəni ömrünün 40-cı yaşına çata, sənət “nağılı”nın 40-cı qapısını aça bilməsə də, bu dünyada öz aləmini yaradıb getmiş həmişə canlı aləmin cismi yoxluğu da yanğı-yarımçıq bir əsər! Bu yanğılı “yarımçıqlıq”ların da müəllifi olan Vaqif bizimçün ayrıca-əlahiddəcə bir müasir-milli sənət sarayı qoyub getdi. Dünya üçünsə, ümumi bir musiqi “industriyası” yaradıb qaldı.
Bu “etdi-getdi”, “çaldı-qaldı”ları üslubi qafiyələr, yazıbitirmə qaçaqaçı sanma, poetik-polifonik qafiyələr ustadı! Demək istədiyim bu ki, bu dünyada qalan dünya malı deyil; qeyri-maddi mənəvi halların ömrü maddi malların ömründən uzun olur. Çox uzun olur - ey fizikən qısa, mənən uzunömürlü, əbədi ustad!..
Tahir Abbaslı