Azərbaycan
   
   25 mart 1897 - Tanınmış alim, teatrşünas, publisist Qulam Məmməd oğlu Məmmədli (1897-18.11.1994) Təbrizdə doğulub. Cənubi Azərbaycan şairlərinin (Heyran xanım, Mirzə Əli Möcüz və s.) əsərlərini toplayıb və nəşr etdirib.
   25 mart 1907 - Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 - 14.1.1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.
   25 mart 1931 - Ədəbiyyatşünas, tənqidçi İnayət Heydər oğlu Bəktaşi (1931-9.9.1989) anadan olub.
   25 mart 1933 - Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933-15.12.1988) Balakən rayonunda anadan olub. «Bildirçinin bəyliyi», «Zarafatsız zarafat», «Hələlik» və s. komediyaların, satirik şeirlərin müəllifidir.
   
   26 mart 1893 - Məşhur opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 - 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb, Rostovda, Peterburqda yaşayıblar. 20-30-cu illərdə Rusiya, Ukrayna, Gürcüstan teatrlarında çıxış edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. “Karmen” operasında baş rolun əvəzsiz ifaçısı kimi tanınıb.
   26 mart 1902 - Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902-5.2.1979) Şamaxıda anadan olub.
   26 mart 1910 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (1910-31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Teatr tamaşalarında (“Vaqif” - S.Vurğun, “Otello” - V.Şekspir və s.), kinofilmlərdə (“Fətəli xan» - Fətəli xan, “Qara daşlar” - İsmayılzadə, «Səhər» - Rəhim bəy, «Böyük dayaq» - Rüstəm kişi və s.) unudulmaz obrazlar yaradıb.
   26 mart 1910 - Məşhur yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov, 1910-1970) Şəkidə anadan olub. Əsərləri: \"Toy\", \"Xoşbəxtlər\", \"Əliqulu evlənir\", “Nişanlı qız” pyesləri, \"Nina\" romanı, \"Vəfasız\", \"Son faciə\" povestləri və s. “Arşın mal alan” (1945)\", \"O olmasın, bu olsun”, \"Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl” baletinin (Qara Qarayev) librettosunun müəllifidir.
   
   27 Mart Beynəlxalq (Dünya) Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (1948-ci ildən UNESCO nəzdində fəaliyyət göstərir) Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.
   27 mart 1927 - Dünya şöhrətli musiqiçi, violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 - 27.4.2007, Moskva) Bakıda anadan olub. Dünyanın bir çox ölkəsinin ali mükafatları, o cümlədən Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.
   27 mart 1930 - Şair, folklorşünas alim, professor Rüstəm Bayraməli oğlu Rüstəmzadə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.
   27 mart 1937 - Tanınmış kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937-2.11.1994) Bakıda anadan olub. “Gilas ağacı”, “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Şəhərli biçinçilər” ,“Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
   
   28 mart 1886 - Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.
   28 mart 1895 - Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə;1895-1.6.1989) Naxçıvan şəhərində doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru olub. Maksim Qorkinin \"Ana\", Aleksandr Fadeyevin \"Tarmar\" romanlarını Azərbaycan dilinə, bir sıra Azərbaycan ədəbiyyatı nümunələrini ruscaya tərcümə edib.
   28 mart 1919 - Tanınmış mədəniyyət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919-1998) anadan olub.
   28 mart 1924 - Görkəmli şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 1924 - 14.3.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.
   
   29 mart 1873 - Şair Mirzəli Möcüz Şəbüstəri (1873-1934) Cənubi Azərbaycanda Şəbüstər qəsəbəsində anadan olub.
   29 mart 1928 - Şair Tacəddin Şahdağlı (Tacəddin Abdulla oğlu Məmmədov) Qəbələ rayonunun Xırxtala kəndində anadan olub. Bir sıra şeirlərinə mahnı bəstələnib.
   29 mart 1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (3.10.1875, Şuşa - 1939) vəfat edib. Yazıçının «Qorxulu nağıllar» adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
   29 mart 1976 - Tanınmış ədəbiyyatşünas, akademik Feyzulla Qasımzadə (19.10.1898-1976) vəfat edib. Uzun illər Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.
   
   Dünya
   
   25 mart 1611 - Məşhur türk səyyahı, coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) İstanbulda anadan olub. Yaxın Şərqdən Krım, Volqaboyu və Qafqazadək bir çox yerləri gəzərək gördüklərini qələmə alıb. Ö.Çələbinin 10 cildlik “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.
   25 mart 1897 - Fransız rejissoru, ssenarist, kino nəzəriyyəçisi Jan Epşteyn (Jean Epstein, 1897-1953) anadan olub. Çəkdiyi filmlər: “Sadiq ürək”, “Eşerlər malikanəsinin süqutu”, “Yerin sonu” və s.
   25 mart 1908 - İngilis kinematoqrafının tanınmış siması, rejissor Devid Lin (David Lean, 1908-1991) anadan olub. Filmləri: “Ərəbistanlı Lourens”, “Doktor Jivaqo” və s.
   25 mart 1947 - Məşhur ingilis müğənnisi, bəstəkar Elton Con (Elton Hercules John - əsl adı Reginald Kenneth Dwight) anadan olub.
   
   26 mart 1874 - Amerikanın ən məşhur şairlərindən biri Robert Frost (1874-1963) San-Fransiskoda doğulub.
   26 mart 1908 - Rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Sergey Venediktoviç Sartakov (1908-2005) anadan olub. “Sayansk dağları”, “Məhək daşı”, “Qurğuşun momument” və s. romanların müəllifidir.
   26 mart 1911 - Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams, 1911-1983) anadan olub. Pyesləri: “Arzu” tramvayı” (Azərbaycanda da tamaşaya qoyulub), “Şüşə qəfəs”, “İquana gecəsi” və s. əsərləri əsasında filmlər çəkilib.
   26 mart 1933 - Məşhur italyan rejissoru Tinto (Giovanni ) Brass anadan olub. Filmləri: “Kaliqula”, “Açar” və s.
   
   27 mart 1797 - Fransız yazıçısı Alfred de Vinyi (1797-1863) anadan olub. Əsərləri: “Moisey”, “Daşqın” və s.
   27 mart 1871 - Görkəmli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub. “Nobel” mükafatı laureatı Tomas Mannın böyük qardaşıdır. Hitler hakimiyyətə gələndən (1933) sonra Fransaya, oradan da ABŞ-a köçüb. “Müqəddəs torpaq”, “Riayətkar”, “Kral IV Henrixin gənclik illəri” və s. romanların müəllifidir.
   27 mart 1899 - Amerika aktrisası Qloriya Svenson (Gloria Swanson; 1899-1983) anadan olub.
   27 mart 1952 - Məşhur fransız aktrisası Maria Şnayder (Schneider; 1952-3.2.2011) anadan olub. Filmləri: “Parisdə sonuncu tanqo”, “Peşəsi - reportyor” və s.
   27 mart 1963 - Amerika kinorejissoru Kventin Tarantino (Quentin Jerome Tarantino) anadan olub. \"Quduz köpəklər\", \"Kriminal qiraət\" və s. flimlərə quruluş verib, “Oskar”, “Qızıl palma budağı” (Kann festivalı) mükafatları laureatıdır.
   
   28 mart 1483 - Böyük italyan rəssamı, qrafik, memar Rafael (Raffaello Santi, 1483-1520) anadan olub. Məşhur “Sistin madonnası” (“Madonna Sistina”) əsərinin müəllifi, Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.
   28 mart 1868 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; (1868 - 18.6.1936) anadan olub. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” romanları; “Uşaqlıq”, “Mənim universitetlərim” povestləri; “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” pyesləri və s.
   28 mart 1925 - SSRİ Xalq artisti, məşhur rus teatr və kino aktyoru İnnokenti Mixayloviç Smoktunovski (1924-1994) anadan olub. Teatrda knyaz Mışkın (“İdiot”, F.Dostoyevski) rolu ilə məşhurlaşıb. Filmləri: “Hamlet” (Hamlet), “Avtomobildən qorun” (Detoçkin), “Ölü canlar” (Plyuşkin) və s.
   28 mart 1936 - Peru yazıçızı, dramaturq və publisist, ədəbiyyat üzrə “Nobel” mükafatı (2010) laureatı Mario Varqas Lyosa anadan olub. “Şəhər və itlər”, “Yaşıl ev”, “Kilsə”də söhbət”, “Dünyanın sonunun müharibəsi”, “Keçi bayramı” və s. romanların müəllifidir.
   
   29 mart 1735 - Alman yazıçısı, folklorşünas Yohan Muzeus (Johann Karl August Musaus; 1735-1787) anadan olub.
   29 mart 1936 - Məşhur rus kinorejissoru, aktyor Stanislav Sergeyeviç Qovoruxin anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Voroşilov nişançısı” və s. filmlərə quruluş verib.
   29 mart 1949 - Türk musiqiçisi, bəstəkar, müğənni Kayahan (Açar) İzmirdə doğulub.
   
   Hazırladı: Vüqar Orxan