Kabus illərin salnaməsi
Stalin repressiyasının məşum illərində Azərbaycanın minlərlə ziyalısı həbs edilərək güllələnib, minlərlə insan əzablı, məhrumiyyətlərlə dolu sürgün həyatı sürüb. On minlərlə adam «xalq düşməni» damğası vurulmuş yaxınlarının həsrət və kədər dolu taleyinə yanmaqla yaşayıb. Özü də tənələrə, məzəmmətlərə, ədalətsiz münasibətlərə dözə-dözə.
Millətin düşünən beyinlərini sıradan çıxarmaq, onun alimlərini, şairlərini, yazıçılarını, müəllimlərini, mədəniyyət və incəsənət xadimlərini məhv etmək siyasəti qadın ziyalıları da hədəf seçmişdi. O qurbanlar arasında gözəl xanım, istedadlı musiqiçi Xədicə Qayıbova da vardı.
Günahkar olmaq asan imiş
Azərbaycanın ilk peşəkar qadın pianoçusu, muğamlarımızın fortepianoda ilk mahir ifaçısı kimi tanınan Xədicə xanım Qayıbova haqqında çox yazılıb. Onun faciəli taleyi haqqında akademik Ziya Bünyadov, professorlar Rafael Hüseynov, Fərəh Əliyeva araşdırma və məqalələrində geniş bəhs ediblər. Vətənə, millətə bağlı olan bu xanımı musiqidən, sənətdən uzaqlaşdırıb əzablara məhkum edən siyasətin, onun haqqında açılan cinayət işi, qaldırılan ittihamlarla tanış olduqca, sadəcə, dəhşətə gəlirsən.
Görkəmli akademik Ziya Bünyadovun məşhur “Qırmızı terror” kitabında repressiya qurbanı olmuş bir çox ziyalılarla yanaşı, onun da cinayət işinin mətni var. Saxta ittihamlar, cəfəng iddialar və yalan şahid ifadələri ilə dolu olan cinayət işinin, uzun, sıxıcı dindirilmələrinin bəzi məqamlarını bu yazıda təqdim edirik. Tarixin küllüyünə atılmış imperiyanın qorxunc simasını görmək, insanlara tutduğu divan siyasətini bir daha dərk etmək üçün.
Erməni fitnəkarlığı və yalan ittihamlar
Bu ittihamlara, yalan, böhtan xarakterli ifadələrə çoxdan öyrəşmişdi Xədicə xanım. Amma bütün bunlara məhəl qoymayaraq incəsənətə xidmət etməkdə, yeni musiqiçilər nəslinin yetişməsinə töhfələrini verməkdə idi. Amma artıq onun taleyi həll olunmuş, haqqında ağla gələn və gəlməyən ittihamlardan ibarət ittiham aktı da hazırlanmışdı. 1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölmənin üçüncü şöbə rəisinin müavini, leytenant Tvosyan uydurmalarla dolu arayış hazırlamışdı. Sənəddə Qayıbovanın “Müsavat” firqəsinin fəallarından birini evində gizlətdiyi və onun sonradan qaçaraq ölkəni tərk etməsinə şərait yaratdığı, Türkiyə kəşfiyyatı ilə yaxından əlaqədə olduğu, millətçi təşkilatın üzvləri ilə mütəmadi görüşdüyü bildirilirdi.
Həmin arayışa əsasən, Qayıbovanın casusluqda kifayət qədər «ifşa» olunduğunu nəzərə alaraq haqqında cinayət işinin açılması və həbs olunması barədə qərar çıxarılır.
Beləcə, bir insanımızın, bir ziyalımızın da taleyinə qara ləkə salınır. Azərbaycan türklərinə nifrət ruhunda tərbiyə olunan və bunu hər hərəkətlərində isbat edən erməni leytenant Xədicə xanımın dindirilməsini də can-başla icra edir.
Bu minvalla o, doqquz dəfə dindirilməyə cəlb edilir və hər dəfə bütün ittihamlardan imtina etsə də, yalan, böhtan olduğunu israrla desə də, qərəzli proses öz işini görür.
23311 nömrəli iş
1938-ci ilin 12 aprel tarixində keçirilən yeddinci dindirmədə müstəntiq Xədicə xanımın birinci əri Rəşid Qayıbovun «praktiki əksinqilabçı fəaliyyəti» ilə maraqlanır, aprelin 23-nə təyin olunan növbəti dindirmədə qardaş və bacıları haqqında danışıqlar gedir. Bütün cəhdlərə baxmayaraq, xanım Qayıbovanın «günahını» sübuta yetirmək istəyən proses icraçıları və müstəntiq aprelin 28-də sonuncu dindirmədə günahsız qurbana onu gözləyən aqibətin sorağını verir. O ya «günahını» etiraf etməli, ya da...
1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması haqda protokol tərtib olunur. Ertəsi gün həmin müstəntiq Tvosyan istintaq işi üzrə ittihamnamə tərtib edir və X.Qayıbova Azərbaycan SSR CM-in bir çox ziyalılarımızın taleyində iz buraxan 68-ci maddəsi ilə müqəssir hesab edilir.
Artıq sükut etməli...
Altı aydan sonra, 1938-ci il 19 oktyabr tarixində Azərbaycan SSR XDİK-in xüsusi üçlüyü belə bir qərar çıxarır: Qayıbova Xədicə Osman qızı - Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin...
İttiham mətni və çıxarılan hökmü sükutla qarşılayan musiqiçi qəlbinin dərinliklərində gizlədiyi, eyni taleni yaşadığı həbsxana yoldaşları ilə belə bölüşmədiyi son musiqi parçasını elə ürəyindəcə zümzümə edir, əllərinin qandallı olmasına məhəl qoymayaraq sanki pianonun şirmayı dillərinə toxunurmuş kimi barmaqlarını hərəkətə gətirir. Özünü böyük konsert salonunun səhnəsində qoyulan royalda ifa edərkən təsəvvür edir ... və artıq qərar icra olunub, hər şey bitib, ətrafı barıt qoxusu bürüyüb.
Amma arzular dağlar qədər əzəmətli idi
Xədicə Osman qızı Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib. Ana tərəfdən Terequlovlar nəslindən olan Xədicənin atası mütərəqqi düşüncəli insan idi. O, qızına mükəmməl təhsil vermək, övladının arzusuna uyğun olaraq peşəkar musiqiçi görmək istəyirdi. Ona görə də ailənin maddi vəziyyətinin imkan verdiyi dərəcədə bu arzusunu reallaşdırır. Qafqaz canişinliyinə yazılmış ərizəyə əsasən Xədicə xanım Tiflisdə «Müqəddəs Nina» qızlar məktəbinə daxil olur. Uşaq yaşlarından xüsusi istedadı ilə fərqlənən Xədicə ilk musiqi təhsilini də burada alır, ibtidai musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrənir. L.N.Knini və Truskovskidən musiqinin sirlərini öyrənir. 1911-ci ildə təhsilini başa vuran gənc xanım Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu, mühəndis Nadir Qayıbovla ailə həyatı qurur. Ailəsi ilə birlikdə bir müddət Tİflisdə yaşayan Xədicə burada tatar (Azərbaycan) məktəbində dərs deyir, ictimai-mədəni tədbirlərdə fəal iştirak edir.
1919-cu ildə Qayıbovlar Bakıya köçür. Təbii ki, bu ona musiqiçi kimi fəaliyyətini genişləndirməsinə təkan verir. O, artıq konsertlərdə çıxış etməyə başlayır. Fortepianoda xalq mahnıları və muğamlarımız əsasında gözəl, maraqlı improvizasiyalarla çıxış edən Xədicə xanım qısa vaxtda Bakının musiqi mühitində tanınmağa başlayır. Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha çox fəallıq göstərir, pedaqoji sahədə bir sıra proyektlərlə çıxış edir. Onun maarifçilik istiqamətindəki bu fəaliyyəti nəzərə alınır və Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Musiqiçinin təşəbbüsü ilə «Qısamüddətli Şərq musiqi kursları» təşkil edilir, uşaq xoru yaradılır. «Şərq musiqi kursları» ləğv edildikdən sonra X.Qayıbova 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında professor L.Abdan nəzəriyyə və bəstəkarlıqdan dərs alır. Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən musiqiçi, eyni zamanda dövrünün ictimai xadimi və görkəmli ziyalısı kimi də fəaliyyət göstərir. 1933-cü ildə sovet hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunaraq 3 ay müddətinə həbs olunur. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.
1934-cü ildən istedadlı musiqiçinin professional fəaliyyəti Azərbaycan Dövlət Konservatoriyası nəzdində Elmi Tədqiqat Musiqi kabineti ilə bağlı olub.
Günahsız günahkar
Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının professoru, sənətşünas Fərəh Əliyeva «XX əsr Azərbaycan musiqi tarixi - totalitar zaman kəsiyində» adlı məqaləsində XX əsrdə repressiyaya məruz qalan incəsənət, musiqi xadimlərindən söz açarkən Xədicə xanımın da taleyinə işıq salır. Müəllif X.Qayıbova ilə bağlı araşdırmasında onun xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olmaqla yanaşı, ictimai fəaliyyətindən də söz açır. Onu enerjili, nikbin, təşəbbüskar bir qadın kimi xarakterizə edərək elə bu cəhətinin də onun sonrakı taleyinə təsirsiz ötüşmədiyini yazır: «Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilir. Musiqi salonunun sahibi kimi o, ziyalıları - musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları toplayırdı. Bu salonun qonaqları arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, müxtəlif tədbirlərdə iştirak edən xarici qonaqlar, xüsusilə də Türkiyədən alimlər, şairlər var idi. Bu axşamlara Ü.Hacıbəyli, R.Qliyer, L.Rudolf, L.Ab, M.Pressman, H.Sarabski, Bülbül, V.Qorovits, N.Milşteyn, F.Köprülüzadə, İ.Hikmət və başqaları təşrif buyururdular. 1937-ci ildə X.Qayıbova yenidən “xalq düşməni” kimi tutulur. Bu dəfə əri - Rəşid Qayıbov da həbs edilmişdi. Xədicə xanımı Türkiyə lehinə casusluqda, müsavatçılara rəğbət bəslədiyinə görə ittiham edirlər. Onun həbsinə rəvac verən bəhanə XDİK-də saxlanılan, döyülərək yüzlərlə insanın cinayətkar kimi adına imza atmağa vadar edilən Ə.Fərəczadənin ifadələri oldu. Buradan isə qəribə «zəncir» başlanır; Ə.Fərəczadə Xədicə Qayıbovanın adını artıq həbs edilmiş Dadaş Bünyadzadədən eşitdiyini söyləyir, Dadaş Bünyadzadə isə heç bir dindirilmədə musiqiçinin adını çəkməmişdi. Lakin 1937-ci ildə «satqın və casus ovunda» X.Qayıbova ideal hədəf idi. Xarakteri etibarilə aktiv, ünsiyyətsevər bir insan olduğundan X.Qayıbovanın evində Cümhuriyyət dövründə də, sovet illərində də türk zabitləri, xarici qonaqlar çox olurdu. 1937-ci ildə musiqi axşamları siyasi kontekstdə yad edilməyə başlandı və sonda sənət, musiqi ilə döyünən daha bir ürək susduruldu».
Gecikmiş bəraət
Maraqlıdır ki, Xədicə xanımın güllələnməsi barədə ailəsinə belə xəbər verilməyib. Onun qızı Alanqulu Sultanova 1954-cü ildə Azərbaycan SSR Daxili İşlər Nazirliyinə yazdığı ərizəsində «məktublaşmadan məhrum edilməklə 10 il həbs (!) cəzasına məhkum edilən” anasının taleyi haqqında məlumat verilməsini xahiş edir. Məktuba əsasən tozlu arxivlərdəki minlərlə sənədlər arasından yenidən X.Qayıbovanın adı çəkilir. Amma bu dəfə bəraət alması üçün. DTK-nın xüsusi şöbəsinin baş müstəntiqi Xədicə xanımın qızının ərizəsinə əsasən qərar çıxarır. Beləcə, 1956-cı il fevralın 29-da Alanqulu anasının işinin xətmi və bəraəti haqqında arayış alır. İllərlə “xalq düşməni”nin qızı kimi tənələrə, təqiblərə, təhqirlərə məruz qalan Alanqulu anası ilə bağlı verilən qərarın olduğu kağız parçasını ömrünün sonunadək qoruyub saxlayır...
Həmidə Nizamiqızı