Məhluqə Sadıqova. Bu adı eşidəndə hər kəs ilk olaraq uzun illərdir dövlət radiosunda yayınlanan “Bulaq” verilişini xatırlayır. Görkəmli aktrisa 40 ildən artıq “Bulaq” verilişinin əvəzsiz aparıcılarından olub. Gözəl nitqi, aydın və səlis diksiyası ilə uşaqdan böyüyə hər kəsdə özünə məhəbbət yaratmışdı. Səsi bulaq kimi qəlblərə yayılırdı.
Məhluqə Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində doğulub. 1930-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Tibb təhsili almasına baxmayaraq, rəqs və dram dərnəklərində məşğul olub. 1936-cı ildə Akademik Dram Teatrının truppasına qəbul olunub. 54 il bu teatrda çalışan Məhluqə xanım bir-birindən maraqlı rollara imza atıb. Məzmun və mahiyyətindən asılı olmayaraq müxtəlif janrlarda hazırlanmış tamaşalarda iştirak edib. İfadəli səhnə danışığı aktrisanın oynadığı rollara da təsirsiz ötüşməyib, yaratdığı obrazlara dolğunluq gətirib. 1949-cu ildə Əməkdar artist, 1980-ci ildə isə Xalq artisti adına layiq görülən aktrisa bu gün də yaddaşlarda xoş xatirələrlə yaşayır. Sənətkarın doğum günündə onu vaxtilə çiyin-çiyinə çalışdığı sənət dostları ilə birlikdə xatırladıq.
İlham Əsgərov (Xalq artisti):
- Onun haqqında xatirə danışmaq mənə çətin olsa da, şərəflidir. Uzun illər Məhluqə xanımla birlikdə “Bulaq” verilişinin yazılışlarında iştirak etmişik. Verilişə dəvət edildiyim vaxt məndən öz məsləhətlərini əsirgəmədi. Səməndər Rzayevdən sonra, əlbəttə ki, mənə bu verilişi oxumaq çətin idi. Amma onun köməkliyi, səmimiyyəti və hörməti ilə bu verilişi bir neçə il onunla birlikdə təqdim etdik. Təzə gələndə düşünürdüm ki, bir-iki həftə oxuyaram, ola bilsin xoşları gəlməz və mən bu proqramdan gedərəm. Məhluqə xanımdan çox şeyləri öyrənib böyük məktəb keçdim. Bəzən veriliş təkrar gedəndə narahat olub mənə zəng edərdi. “Niyə yeni veriliş yazılmır”, - deyə soruşardı. Məhluqə xanımla bağlı çoxlu xatirələrim var. Bəzən işə çıxa bilməyəndə soruşurdu ki, bu nömrə verilişi kiminlə yazacaqsan? Deyərdim, qoy təkrar getsin, siz gələndə yazarıq. Bu ona xoş gəlirdi. Bu gün biz bu verilişi tanınmış aktrisamız Səidə Quliyeva ilə birlikdə yazırıq. Hər efir zamanı Məhluqə xanımın sözləri yadımıza düşür, əziz xatirəsi hər zaman qəlbimizdədir.
Rafiq Əzimov (Xalq artisti):
- 50 ildir ki, teatrdayam. 1962-ci ildən etibarən bir çox sənətkarlarımızla bir səhnədə tərəf-müqabili olmuşam. Əvəzsiz sənətkarlarımızdan biri də Məhluqə xanım idi. O, çox alicənab və ziyalı qadın, həm də səmimi tərəf-müqabili idi. Elə tamaşalar olub ki, Məhluqə xanım mənim anam rolunu da oynayıb. Bernard Şounun “Şeytanın şagirdi” əsərində Sofa Bəsirzadə ilə dublyor olaraq mənim anam rolunu ifa edirdilər. Çox çətin psixoloji rolun öhdəsindən hər iki qadın böyük məharətlə gəlirdi. Baxmayaraq ki, hər ikisi müxtəlif səpkili aktrisa idilər. “Vaqif” tamaşasında mənim ifa etdiyim Vidadi surəti və Məhluqə xanımın da ifa etdiyi yengə rolu çox xarakterik və başqa rolların bənzəməyən obrazları olduğu üçün tamaşaçılar tərəfindən maraqla qarşılandı. Onun aktrisa olmasına bəlkə də həyat yoldaşı, görkəmli rejissor Ələsgər Şərifov səbəb olmuşdu. Hələ məktəbdə oxuyarkən onu səhnədə müxtəlif rollarda görmüşdüm: “Solğun çiçəklər”, “Fərhad və Şirin”, “Məhəbbətin hökmü”, “Şeyx Sənan” və s. Çox maraqlı rollarından biri də A.Saqarelinin “Xanuma” əsərindəki obrazı idi. Onun ifalarının hamısı bir-birindən fərqlənirdi. Burada Mehdi Məmmədovun bir fikrini xatırlamamaq olmur. Məhluqə xanımın mənə qarşı qayğıkeş münasibətinin şahidi onda oldum ki, onun həyat yoldaşı bizim teatrda tamaşa hazırlayanda rol bölgüsü zamanı o, baş rollardan birinə məni məsləhət bilmişdi və rol mənə həvalə olundu. O vaxt həmin tamaşada Məlik Dadaşov, Hökümə Qurbanova kimi sənətkarlarımız oynayırdı. Vaxtilə İsmayıl Osmanlı kimi böyük sənətkarımızın ifa etdiyi obrazı mənə həvalə etdilər. Tərəf-müqabilim isə Amaliya Pənahova oldu. Bu uğurlu rolumun əsas səbəbkarı Məhluqə xanım olmuşdu. İstər xarici ölkə dramaturqlarının, istərsə də öz dramaturqlarımızın əsərlərində xarakterik obrazlar yaradırdı. Rolları nə qədər müxtəlif idisə, tamaşaçıların sevgisi də bir o qədər çox idi. O, birplanlı aktrisa deyildi. C.Məcnunbəyovun “Məhəbbətin hökmü” əsərindəki Zeynəb surətini (dublyor Barat Şəkinskaya) məharətlə oynayırdı. C.Cabbarlının əsərlərindəki obrazları bir-birindən tamam fərqli idi. Bu gün belə sənətkarlarımızı böyük fəxrlə xatırlayırıq. Əziz xatirəsi sənət dostlarının qəlbində yaşayan aktrisanın ruhu hər zaman səhnədədir.
Lalə Azəri