Öz yaradıcı “mən”inin ilkinci, özgə mətnlərinin ikinci müəllifi - Həsən Əbluc
   

   O, Təbrizdə doğulmuşdu və büsbütün Təbrizə bənzəyirdi. Canında canlı Təbriz gəzdirirdi. Bir üzü Güney idi, bir üzü Quzey. Surətisə bütöv Azərbaycan idi. Otuz-otuz beş yaşında efirdə söylədiyi “Yarım o tayda qaldı, Yarım bu tayda qaldı, Toyum burda çalındı, Yarım o tayda qaldı” (B.Vahabzadə) misralarını əlli-əlli beşində də ekranda elə qiraət edirdi ki, deyirdin bəs, bu “qərib” kəs hələ də subaydır...
   
   Növbəti çıxışlarında deyəndə ki; “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal, salamat” (M.Araz) - deyirdin bəs, bu bəyin məşuqəsi təbiətdi, bütün güllər-çiçəklərsə zürriyyət...
   Füzulidən ötrü ölürdü, Bəxtiyarçün sinə (sino) gedirdi, Məmməd Arazı “Arazbarı” kimi sızlayıb-bozlayırdı. Onların misralarının ikinci müəllifi təsiri bağışlayırdı - hər ifada. İstər məclis-mərəkələrdə, istər efir-ekranlarda. Məclislərdə məcmu nəfəs surətini, səhnələrdə, ekranlarda məlum qəfəs obrazını xatırladırdı. Hara düşürdüsə, oralı olurdu. O sayaq ilahi səs sahibi Azərbaycan teleradiosunun pilləkanlarını elə səssiz, elə kövrək-hürkək təhər-tövrlə qalxıb-enərdi ki, sanasan göydə quşuna, yerdə qoşuna borcu var.
   Bu borc onun canından çox sevdiyi xalqına, bütün canı-qanı ilə ifa etdiyi “Vətən daşı olmayandan - Olmaz ölkə vətəndaşı” kimi misralardakı vətəndaşlarına ədəb-ərkan təcəssümü idi. Milli ziyalı ziyası, kişi həyası, soydaş sayğısı idi.
   Bəzən ana Vətəndən umduğu, cəmi-camaatın beş-onundan küsdüyü məqamlar da olurdu. Belə hallarda “haqq-hesab”ı şəxsi planda yox, yenə sənət “büdcə”sində “çürüdürdü”. Məsələn, ötən dəfə yalnız şair xitabı kimi səsləndirdiyi “İti bazarında atından baha, Mən belə dünyanın nəyindən küsüm” misralarına öz qaş-göz, avto qırım-durum “ədəva”sı da qatırdı. “Mən güneyli oldum, arzum quzeyli, Ona çatammadım - çalışdım xeyli, Bəxtiyar, bəxtindən oldun gileyli, Bu da sənin üçün xoş bəhanədi” mayalı bəndləri ədəbiyyat-sənət-qiraət əlçatmazlığı kimi təqdim edib, həyat-qəbahət xırdaçılıqlarına bənd olmamağa çalışırdı.
   Onun adını göstərən titrlərdən, subtitrlərdən də poeziya dalğalanırdı, tamaşaçıya təkrarsız poeziya, qançəkər, şirin-şəkər şeiriyyət vəd edilirdi.
   “...Sənət səmasında üzür Füzuli,
   Sənət göylərindən öz qələmiylə
   Al-əlvan çiçəklər üzür Füzuli...”

   
   Bu gözəl misraların özəl ifasından sonra ağlı başında olan tamaşaçının həddi nəydi cınqırını çıxarmayıb növbəti şeirlərə diqqət kəsilməsin?! Əgər Həsən o tamaşaçını bu “sadə” ilə “dilə tutub” cəzb etməsəydi, növbəti “mürəkkəb”in şeirini çatdıra bilməzdi ki: “Ey mələksima, səndən özgə hamı heyrandı sana, Həqq bilir, insan söyləməz - hər kəs ki insandır, sana”...
   Aha, budurana, ekran açılır, qeybdən bir Səs, qaibdən bir Səda saçılır:
   
   “Nə gözəlsən, ay gözəl,
   Sən gözəlsən, Ay gözəl?!”
   
   Budur, ha; sehrli Səhnə. Gözəl səs, qiraət ustaları. Salonda sözü gözündən vuran, sədanı yüzündən seçən xiridarlar. Şüar-qübarlarından biri də “kim qazana, kim yeyə” olan bu gidi siyasət dünyasının sənət səhnəsində kim daha yaxşı deyə, kim daha çox alqışlana?..
   ...Hamı deyir, hamı söyləyir, hamı alqışlayır. Şair Fikrət Sadığın bir misrasına müdaxilə ilə desək, biri elə deyir, biri elə-belə deyir, biri isə belə deyir! “Belə”(!) deyən Həsən Əbluc:
   
   Ala gözlüm, səndən ayrı düşəli,
   Hicranın qızıyla kef eyləmişəm.
   Günüm ahnan-vaynan keçib dünyada -
   Dərd alıb, qəm satıb nəf eyləmişəm!..
   
   Dədə Ələsgərin, bu mənəvi əntiq, poetik daş-qaş “alver”indəki nəfində Həsən Əbluc elə bir ifa-investisiya “əməliyyatı” aparır ki, külli-zövqlər “milyoner”ləşir.
   Hələ onun xatirəsinin isti çağlarıdır; dünyadəyişiminin on səkkizinci sənəsidir. Yüzlərlə yananı, minlərlə xatırlayanı, milyonlarla ananı var. Kimlərinsə ürəyindən əvəzsiz itki ağrısı kimi, kimlərinsə gözləri qarşısından kinolenti kimi keçir. Birinci keçkiyə sözüm yox, ikinciyə isə ehtiyac. Nədən ki, o, neçə-neçə kinolentlərdə yaşamaqda. Ya səsi-sözü, ya üzü-gözü, ya büsbütün özü ilə. Abbas Mirzə Şərifzadə haqda çəkilmiş qısametrajlı sənədli filmdə onun səsi əsas qəhrəmanlardan biri kimi canlanır. “Dəli Kür”ü, “Dantenin yubileyi”ni, “Babək”, “Ən vacib müsahibə”, “Tənha narın nağılı”, “Uşaqlığın son gecəsi”, “Yaşamaq gözəldir, qardaşım!”, “İstintaq”, “Qanlı zəmi”, “Sən niyə susursan?” və onlarla digər filmləri xatırlayın. Qeyd edim ki, bu xatırlama “əməliyyat”ında hay-küysevər, vurçatlasınxoşlar tamaşaçılar üçün bir qədər çətinlik yaranacaq. Nədən ki, Həsən Əbluc bütün kompleksi ilə lirika idi, təbiətin tufansız-küləksiz təsir qüvvəsi, bədii sükut diqtəsi, əsərlərin, yazı-pozuların üç nöqtəsi idi...
   ...Bu qənaətimdə bir qaranlıq varsa, xəyalən, məsələni gün kimi aydınlaşdıran, ən yaddaqalan “Qatarda” televiziya tamaşasına səyahət edin. O tamaşada aləmi bir-birinə qatan Dadaşovla abrına qısılan “müəllim”i müqayisə edin. Kupenin bir oturacağında fırtınalı dramatizm (Yaşar Nuri), digərində psixo-müalicəvi lirizm (Həsən Əbluc). Bu əsərin müəllifi və tamaşa rejissorunun məqsəd-mizanı öz yerində, Həsən Əblucun əlavə-əlahiddə yön-fon elementləri ayrıca bir faktura kimi canlanır.
   Onun dublyaj səsi də özgə bir aləmdir. O, filmlərdəki uzaq-uzaq adamları bizimçün necə də yaxınlaşdırır, yad obrazları necə də doğmalaşdırır!
   Yeni aktyorlar, qiraətçilər gəlir səhnələrimizə, ekranlarımıza. Onların bir çoxunda bir çox ustadların tərzi-hərəkətləri, diksiyaları hiss olunur. Daha çoxunda isə Həsən Əbluc nəfəsi duyulur. Deməli, o həm də gözəl müəllim olub - bir vaxt Politexnik İnstitutunu buraxıb, qəbul olunduğu Teatr İnstitutunda (ADMİU).
   Amma... o, kim olub, nəçi olub, özü, sözü nə olub - bütün bunlar öz yerində. Səsi isə özgə bir aləm, alayı bir dünya idi.
   
   “Ey daşlaşan, torpaqlaşan ulu babam!
   Bugünümdən dünənimə uzaqlaşan ulu babam!
   Küləkləşən, dumanlaşan ruhunla sən,
   Səs ver mənim səsimə sən!” -
   
   - deyəndə, şəxsən mən elə bilirdim, ulu babalarımız bu gün olmasa da, sabah onun bu heyrətamiz Səsinə səs verəcək...
   ...O büsbütün anadan olduğu Təbrizə, yaşayıb-yaradıb dünyasını dəyişdiyi Bakıya, hər bir sənətsevərinin yaddaşında əbədi yaşayacağı bütöv Azərbaycana, can dəftərinə yazıldığı böyük Turana bənzəyirdi.
   22 aprel 1942 - Təbriz, 13 mart 1994 - Bakı.
   Bu da yetmiş yaş, Təbrizli dadaş, Bakılı qardaş!..
   Ruhun şad!..
   
   Tahir Abbaslı