Azərbaycan
   
   27 aprel 1951 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.
   27 aprel 2007 - Dünya şöhrətli musiqiçi, violonçelist, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı - 2007, Moskva) vəfat edib. Musiqiçi dünyanın bir çox ölkələrinin ali mükafatları, o cümlədən Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.
   
   28 aprel 1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.
   28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda məşhur “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
   28 aprel 1920 - Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.
   28 aprel 1920 - Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920-28.1.1987) anadan olub.
   28 aprel 1921 - Görkəmli dilçi alim, professor Məmməd Tağı oğlu Tağıyev (1921 - 28.9.1994) Samux rayonunun Samux kəndində doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeolji lüğət”in tərtibçisi, dilçiliyə dair tədqiqatların müəllifidir. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rektoru olub.
   28 aprel 1925 - Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 - 6.7.1994) Lerik rayonunun Kürdəsər kəndində doğulub. Əsərləri: “Dağlar oğlu”, “Torpağın ətri”, “Döyüşən illər” (romanlar), “Prokuror”, “Ana fəryadı” (pyeslər).
   28 aprel 1935 - Şair Mir Sabir (Mirsabir Mirfərəc oğlu Nağıyev) anadan olub.
   28 aprel 1938 - Şair, dilçi, publisist Adil Babayev (1938-1977) anadan olub.
   
   29 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.
   29 aprel 1919 - Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.
   
   30 aprel 1880 - Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Əzim Aslan oğlu Əzimzadə (1880 - 16.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır.
   30 aprel 1937 - Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası nümayiş olunub.
   30 aprel 1947 - Xalq artisti, məşhur tarzən Ramiz Əyyub oğlu Quliyev Ağdamda doğulub. Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri kafedrasının professorudur.
   
   Dünya
   
   27 aprel 1791 - Amerika rəssamı və teleqraf sahəsində ixtiraçı Samuel Morze (Samuel Finley Breese Morse, 1791-1872) anadan olub. Elektromaqnit teleqraf aparatı (“Morze aparatı”) və Morze kodu (teleqraf əlifbası) onun adı ilə bağlıdır.
   27 aprel 1820 - İngilis filosofu, sosiologiyanın banilərindən biri Herbert Spenser (Spencer, 1820-1903) anadan olub.
   27 aprel 1878 - Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə, 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.
   27 aprel 1927 - Tanınmış rus aktyoru Yevgeni Aleksandroviç Morqunov (1927 - 25.6.1999) anadan olub. Leonid Qaydayın “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” və s. filmlərdə “Çoxbilmiş” rolu ilə məşhurlaşıb.
   27 aprel 1932 - Fransız aktrisası, 50-60-cı illərin kinoulduzu Anuk Eme (Anouk Aimee - Françoise Sorya-Dreyfus) anadan olub. Filməri: “Kişi və qadın”, “Səkkiz yarım”, “Monparnas, 19” və s.
   
   28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.
   28 aprel 1902 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Valentina Aleksandrovna Oseyeva (1902-1969) anadan olub. Əsərləri: “Vasek Trubacev və onun dostları” (povest), “Sehrli söz”, “Ata ködəkçəsi”, “Mənim dostum” (hekayələr toplusu).
   28 aprel 1902 - Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.
   28 aprel 1924 - Məşhur Litva aktyoru Donatas Banionis anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Sakit mövsüm”, “Solyaris”, “Mister Mak-Kinlinin qaçışı” və s.
   28 aprel 1974 - Məşhur ispan kinoaktrisası, «Oskar» mükafatı laureatı Penelope Krus (Penelope Cruz Sanchez) anadan olub. Filmləri: “Canlı bədən”, “Gözlərini aç”, “Anam haqqında hər şey”, “Viki Kristina Barselona” (“Oskar”, 2009).
   
   29 aprel dünyada Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) kimi qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
   29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker, 1842-1899) anadan olub. Əsərləri: “Kasıb tələbə”, “Üç cüt ayaqqabı”, “Qrafinya Dübarri”
   29 aprel 1899 - Məşhur Amerika caz ifaçısı, bəstəkar və dirijor Dük Ellinqton (Edward Kennedy Ellington, 1899-1974) anadan olub.
   29 aprel 1907 - Avstriya mənşəli Amerika rejissoru Fred Sinneman (Fred Zinnemann, 1907-1997) anadan olub. Dörd filmi “Oskar” mükafatına layiq görülüb: “Bu analar yaşaya bilərdi”, “Benci” (qısametrajlı), “Bütün zamanların adamı”, “İndidən və hər zaman” (ümumilikdə 8 “Oskar”).
   29 aprel 1957 - Hollivud ulduzlarından kinoaktrisa Mişel Pfayffer (Michelle Marie Pfeiffer) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Canavar”, “Sevgi tarlası”, “Ledi-qırğı”, “İstvik əcinnələri”.
   
   30 aprel 1870 - Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub. “Şən dul qadın”, “Qraf Lüksemburq”, “Qaraçı məhəbbəti”, “Eva”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.
   30 aprel 1883 - Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb. “Pan Tenkratın əzabları”, “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.
   30 aprel 1926 - Məşhur Amerika aktrisası Kloris Liçmen (Cloris Leachman) anadan olub. Filmləri: “Sonuncu kinoseans” (“Oskar”), “Gənc Frankenşteyn”, “Yüksəklik qorxusu”, “Dünya tarixi, birinci hissə”.
   30 aprel 1952 - Fransız rejissoru və ssenaristi Jak Odiar (Jacques Audiard) anadan olub. Filmləri: “Gör, adamlar necə düşür”, “Dodaqlarından oxu” (doqquz “Sezar” mükafatı).
   
   Hazırladı: Vüqar Orxan