Klassik musiqi mədəniyyətimizin inkişafında və formalaşmasında tar ifaçılarımızın böyük xidmətləri olub. Həmin görkəmli sənətkarlardan söz düşəndə, ilk xatırlananlardan biri də tarzən Mirzə Fərəc olur...
   
   Mirzə Rza oğlu Fərəc 1847-ci ildə Bakıda anadan olub. Hələ çox kiçik ikən ata-anası dünyasını dəyişir. O, qardaş-bacıları ilə dayısının himayəsində qalır. Çətinlik və ehtiyac içində keçən illər bir-birini əvəz edir, Fərəc böyüyür. Dayısı onu oxutmaq məqsədilə mədrəsəyə qoyur. Lakin o, mədrəsədə dinc oturmur. Hər dəfə qonşuluqdan musiqi səsi eşidəndə durub pəncərəyə qalxar, dərsi pozarmış... Bir gün molla Fərəcin dayısını görür və deyir: - Bundan ruhani olmaz, apar, qoy musiqidən-zaddan öyrənsin...
   Onda musiqiyə həvəs erkən yaşlarından yaranmışdı. Nazənin adında xalası qızı yaxşı nağara çalırmış, tez-tez şəhərin zəngin ailələrinin qız toylarına dəvət olunurmuş. Hər dəfə də toya gedəndə Fərəci də özü ilə apararmış. Sonra Fərəcə də nağara çalmağı öyrədir. Beləliklə o, 14-15 yaşından toylarda nağara çalmağa başlayır, məclislərdə adlı-sanlı sazəndələrin çalıb oxumalarını çox dinləyir. Bu minvalla onda tara həvəs yaranır. Tezliklə tar çalmağı da öyrənir. İlk dəfə tarzən kimi bakılı xanəndə Baladadaşla birlikdə məclisdə çıxış edir. Tez bir zamanda diqqət çəkir. Məşədi Məlik Mansurovun musiqi məclislərinin fəal üzvlərindən biri olur. Bununla yanaşı, özündən böyük və təcrübəli Cənubi Azərbaycan sənətkarlarından tarzən Əli Şirazinin, tehranlı kamançaçı Mirzə Səttarın və Sadıqcanın çalğısını təkrar-təkrar dinləyir. Hətta o, Şərq musiqisini dərindən öyrənmək məqsədilə İrana gedir və bir müddət orada yaşayır. Fürsətdən istifadə edib fars və ərəb dillərini də öyrənir. Ərəb, yunan və fars alimlərinin musiqiyə dair əsərləri ilə yaxından tanış olur. Məhz buna görə də Fərəc müasirləri arasında savadlı və dünyagörüşlü bir musiqişünas kimi də tanınır...
   1904-cü ildə Mirzə Fərəc yenə İrana gedir. Rəşt şəhərində xanın qonağı olur. Sarayda yerli musiqiçilərlə bakılı sənətçilərin yarışı keçirilir. Əvvəl iranlı sənətçilər çalıb-oxuyur. Sonra söz Mirzə Fərəcin dəstəsinə verilir. Yarışmada iranlı sənətçilər yorulduqlarını etiraf edib sarayı tərk edirlər. Mirzə Fərəcə dəyərli bəxşişlər verilir. Onların arasında sədəflə bəzənmiş və üzərində şahlıq rəmzi olan zərif tar da olur.
   Musiqişünas Firidun Şuşinski qocaman musiqiçi Mirzə Mənsurun xatirələrinə əsasən yazır ki, Mirzə Fərəc bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bilirdi. O, xanəndələrdən Seyid Mirbabayev, Cabbar Qaryağdıoğlu və Davud Səfiyarov ilə bir neçə il əməkdaşlıq edir. 1900-1905-ci illərdə Mirzə Fərəc kamançaçı Məşədi Qulu ilə birlikdə məşhur xanəndə Cabbar Qaryağdıoğlunu müşayiət edir. Şübhəsiz ki, Cabbar Qaryağdıoğlu kimi böyük muğam ustası ilə sənət dostluğu etmək Mirzə Fərəcə çox şey verir. O, bütün Azərbaycanda kamil tarzən kimi şöhrət tapır. Sonralar o, ixtiyar yaşında keçdiyi sənət yolunu yada salarkən Cabbar Qaryağdıoğlunu xoş sözlərlə xatırlayır...
   Mirzə Fərəc gənc tarzənlərin yetişməsində də fəallıq göstərib. Tələbələrinə yaxşı sənətkar olmağın sirlərindən danışarkən deyərmiş: “Kamil tarzən olmaq üçün nadir istedad, uzun, iti barmaqlar və mükəmməl biliyə malik olmaq hələ yetərli deyil. Muğamatı yaxşı bilmək üçün gərək heç olmasa, 5-10 il ustad xanəndə ilə çalıb-çağırasan. Sənət yolunda çox mahir sənətkarlara rast gəlmişəm. Onlardan çox şey öyrənmişəm. Əgər istəyirsiniz ustad tarzən olasınız, böyük xanəndələrlə oturub-durun. Onda çox şey qazanarsınız”.
   O, 1905-ci ildən sonra Keçəçioğlu Məhəmmədin dəstəsində çıxış edir. Onu xalq şənliklərində və konsertlərdə müşayiət edir. 1907-ci ilin yanvarında Bakıda keçirilən ilk “Şərq gecəsi”ndə Keçəçioğlu Məhəmmədi müşayiət edir. “Humayun” muğamının məharətlə ifasına görə tamaşaçıların alqışları ilə qarşılanır. Sonralar xanəndə Seyid Mirbabayevi, Davud Səfiyarovu və Zülfiqar Sarıyevi bir neçə dəfə müşayiət edib.
   Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Mirzə Fərəc gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Şərq konservatoriyasında (1920-1921), Ramana fəhlə klubunda (1923), Bakı Şəhər Musiqi Texnikumunda (1924-1926) tar dərsi deyir. Onu da deyək ki, Mənsur Mənsurov, Paşa Əliyev kimi bir sıra görkəmli tarzənlər vaxtilə Mirzə Fərəcin tələbələri olublar.
   Saşa Oqanezaşvilinin yaratdığı və rəhbərlik etdiyi “Şərq orkestri”ndə Mirzə Fərəc də yaxından fəaliyyət göstərir. Muğam ustası və tar müəllimi kimi bilik və təcrübəsini tələbələrdən əsirgəmir. Lakin “Rast” muğamının sirlərini gənc tarzənlərə axıradək öyrətmir. Dərs zamanı muğamın “Əraq” şöbəsinə keçəndə tələbələrə deyirmiş: “Üzünüzü yana çevirin. Barmaqlarıma baxmayın. Amma yaxşı-yaxşı qulaq asın”. Əgər tələbələrdən hər hansı biri eynilə onun barmaqlarını vurarmışsa, əsəbləşib deyərmiş: - Oğlum, bu olmadı, nə üçün mənim barmaqlarımı vurursan?! Mirzə Fərəcin bu “dərs üsulu”ndan xəbər tutan rektor tələbələrə “Rast” muğamını yaxşı öyrədən müəllimlər üçün müsabiqə elan edir. Birinciliyi qazanan müəllimə qızıl saat mükafatı vəd edir. Mirzə Fərəc vurduğu barmaqlar özgələr tərəfindən mənimsənilməsin deyə bir müəllim kimi müsabiqədən çəkilir və həmkarlarına deyir: - Hər kəsin öz yolu, öz izi olmalıdır. Başqasının süfrəsinə göz yetirən öz barını yetişdirə bilməz...
   Müəyyən mənada görkəmli tarzən öz fikrində haqlı olub. Doğrudan da, əsl sənətkarın öz yolu, öz ifaçılıq üslubu olmalıdır. Özgəsini təkrarlamaqla sənətdə uğur qazanmaq mümkün deyil. Ancaq bu gözəl sənəti inkişaf etdirmək və zənginləşdirmək üçün mütləq sənin davamçın olmalıdır. Əgər belə olmasa müqəddəs musiqi ənənələrimizi gələcək nəsillərə çatdırmaq çətin olar... Mirzə Fərəcin də bir tarzən kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafındakı faydalı əməyi inkar edilməzdir. O, ömrünün 60 ilini Azərbaycan musiqisinin təbliği işinə həsr edib.
   Sovet dövründə Mirzə Fərəc böyük bir həvəslə Şərq Konservatoriyasında və Musiqi Texnikumunda dərs deyir. Bu arada kommunist təbliğatı respublikada tar əleyhinə kampaniya başladır. Əlindən bir şey gəlməyən görkəmli sənətkar özünə qapanır. Bütün günü qapını bağlayıb bu kampaniyaya etiraz əlaməti olaraq tar çalır. Hirsindən ta qan çıxanacan dodaqlarını dişləyir. Beləcə, günlər keçir və onun alt dodağında şiş yaranır. Həkimlər bu şişi müalicə etsələr də, faydası olmur... Mirzə Fərəc 1927-ci ildə, 80 yaşında vəfat edir.
   
   Savalan Fərəcov