Azərbaycan
11 may 1915 - Məşhur heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Azərbaycanın görkəmli ədiblərinin, mədəniyyət xadimlərinin büst-portretlərini, Bakıda Nizami Gəncəvinin, Səməd Vurğunun heykəllərini, "Azad qadın" heykəlini yaradıb.
11 may 1935 - Xalq yazıçısı Maqsud İbrahimbəyov anadan olub. Mənəvi-əxlaqi problemlərdən bəhs edən povest, hekayə və pyeslərin, ssenarilərin müəllifidir. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”, ”Bütün yaxşılıqlar üçün - ölüm!” və s.) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi, “Ən vacib müsahibə” və s. filmlərin ssenarisini yazıb.
12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 - 10.6.1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının və bir çox mahnıların ("Oxu tar", "Qurban adına", "Oxu, gözəl" və s.) müəllifidir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.
12 may 1940 - Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından (Taras Şevçenko, Lesya Ukrainka və d.) dilimizə tərcümələr edib.
12 may 2011 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949, Bakı, Mərdəkan - 2011) vəfat edib. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. Bir sıra filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor, dövlət xadimi Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" (roman), “Dolça”, “Bir görüşün tarixçəsi” (povest), “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Şekspir” (pyes) və s. “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.
13 may 1982 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəs oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" (1960) simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.
13 may 1929 - Şair və tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 - 2.8.1995) anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir.
13 may 1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub.
14 may 1805 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında Qarabağda muxtar hakimiyyət vəd etmişdilər. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi. 1805-ci il mayın 21-də imzalanan ikinci Kürəkçay müqaviləsi ilə Şəki xanlığı Rusiyaya birləşdirildi.
14 may 1916 - Azərbaycan kinosu tarixində birinci tammetrajlı bədii film olan “Neft və milyonlar səltənəti” ilk dəfə nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.
Dünya
11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Polşa inqilabçısı M.Voyniçin həyat yoldaşı olub. Məşhur “Ovod” əsərini italyan xalqının XIX əsrin 30-40-cı illərindəki azadlıq mübarizəsinə həsr edib.
11 may 1882 - Avstriya bəstəkarı və pedaqoqu Yozef Marks (1882-1964) anadan olub.
11 may 1904 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizimin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.
11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela, 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Apelsinlər qış meyvələridir” və s. romanların müəllifidir.
11 may 1937 - Məşhur gürcü kinorejissoru, ssenarist Georgi Şengelaya doğulub. Filmləri: “Pirosmani”, “Veri məhəlləsinin melodiyası” və s.
12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet, 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s.
12 may 1907 - Amerikanın əfsanəvi kinoaktrisası Ketrin Hepbern (Katharine Hepburn, 1907-2003) anadan olub. Kino tarixində ən çox - dörd dəfə «Oskar» mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.
12 may 1933 - Tanınmış rus şairi Andrey Andreyeviç Voznesenski (1933 - 1.6.2010) anadan olub.
12 may 1942 - Amerikanın fantast yazıçısı Barri Lonqier (Barry Brookes Longyear) anadan olub.
12 may 1966 - Amerikalı kinoaktyor Stiven Bolduin (Stephen Baldwin) anadan olub. Filmləri: “Şübhəli adamlar”, “Düşmə zamanı”.
13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet, 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Cek”, “Safo” (romanlar), “Arlezianka” (pyes).
13 may 1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque, 1882-1963) anadan olub.
13 may 1923 - Rus bəstəkarı İsaak Şvarts (1923-2009) anadan olub. Bir çox filmlərə musiqi yazıb: “Səhranın bəyaz günəşi”, “Cənab Mak-Kinlinin qaçışı” və s. 13 may 1924 - Sovet hökuməti kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Kino çəkilişi və prokatında inhisarçılıq bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.
13 may 1950 - Məşhur Amerika müğənnisi və bəstəkarı Stiv Uander (əsl adı Steveland Judkins Morris) anadan olub.
13 may 1956 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa, 1901-1956) intihar edib. “Tarmar”, “Udeqedən sonuncu”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək özünü öldürüb.
14 may 1265 - İntibah dövrünün dahi italyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. “İlahi komediya”nın müəllifidir.
14 may 1944 - Amerika kinorejissoru Corc Lukas (George Walton Lucas) anadan olub.
14 may 1959 - Fransız aktyoru Patrik Brüel (Patrick Bruel) anadan olub. “Yaquar” filmi (Fransua Peren) ilə məşhurlaşıb.
14 may 1969 - Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Blanşet (Cate Blanchett) anadan olub. Filmləri: “Elizaveta”, “Aviator” (“Oskar” mükafatı), “Üzüklərin hökmdarı” və s.
Hazırladı: Vüqar Orxan