Azərbaycan
15 may 1893 - Dünya şöhrətli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.
15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
15 may 1921 - Əməkdar elm xadimi, filosof Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) anadan olub.
15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.
15 may 1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.
15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Sevimli şəhər", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Talelər qovuşanda”, «Ordan-burdan» və s.) müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. O.İoselianinin "Araba hələ aşmayıb", V.Şukşinin "Diribaş adamlar" pyeslərini Azərbaycan dilinə çevirib.
15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
15 may 1931 - Ədəbiyyatşünas, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1999) anadan olub.
15 may 1939 - Nasir, dramaturq Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) anadan olub. Alman ədəbiyyatında bir çox əsərləri (Hötenin "Qərb-Şərq" divanı, Lessinqin "Müdrik Natan" dramı, Şillerin "Balladalar"ı və s.) dilimizə tərcümə edib.
15 may 1944 - Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “ Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Atları yəhərləyin” (Həsən Turabovla birgə),” Şəhərli biçinçilər” (Hüseyn Mehdiyevlə birgə), “Gecə qatarında qətl” və s. filmlərə quruluş verib.
16 may 1950 - Xalq artisti, aktyor Arif Quliyev anadan olub. “Bəyin oğurlanması”, “Bəxt üzüyü”, “O dünyadan salam” filmlərində, “Evləri köndələn yar”, “Yarımştat” və s. televiziya tamaşalarında çəkilib. Musiqili Komediya, Milli Dram teatrlarında işləyib. Hazırda İrəvan Azərbaycan Dram Teatrında çalışır.
16 may 1992 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 - 1992) vəfat edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi”, “Nizami” və s. filmlərin quruluşçu operatorudur.
17 may 1870 - Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 - 11.12. 1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan", “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”, “Ac həriflər” və s. pyeslərin, bir çox hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən tərcümələr (M.Qorki, A.Çexovun hekayələri, habelə U.Şekspirin “Hamlet”, F.Şillerin “Qaçaqlar” pyesləri və s.) edib. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub. Bakı Dövlət Universitetində (1921-1931) dərs deyib.
17 may 1928 - Xalq artisti, tanınmış rəqqasə Roza İsmayıl qızı Cəlilova Dəvəçi (indiki Şabran) rayonunda doğulub. Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Muğam Teatrının baletmeysteri olub. "Qavalla rəqs", "Azərbaycan süitası", "Durnalar" və s. rəqslərə quruluş verib.
17 may 1938 - Əməkdar İncəsənət xadimi, rejissor Arif Lətif oğlu Qazıyev Gəncədə doğulub. Azərbaycan televiziyasının ilk diktorlarından olub. "Muğam" teatrının yaradıcısı və rəhbəridir. Bir çox musiqili televiziya filmlərinin (“Şur”, “Təsnif”, “Salam, Zeynəb!”) müəllifidir.
17 may 1944 - Şair, ədəbiyyatşünas Əhməd Elbrus (Elbrus Misir oğlu Əhmədov; 1944-2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.
Dünya
15 may Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur.
15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.
15 may 1848 - Görkəmli rus rəssamı Viktor Vasnesov (1848-1926) anadan olub. Məşhur rəsmləri: “Üç cəngavər”, “Çar İvan Qroznı” və s.
15 may 1862 - Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler, 1862-1931) anadan olub.
15 may 1891 - Məşhur rus yazıçısı Mixail Bulqakov (1891 - 10.3.1940) Kiyev şəhərində doğulub. Roman və povestləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı”; pyesləri: "Qaçış", “Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", “İvan Vasilyeviç” (pyes əsasında “İvan Vasilyeviç peşəsini dəyişir” komediyası çəkilib).
15 may 1891 - Gürcü yazıçısı, akademik Konstantin Qamsaxurdia (1891-1975) anadan olub. Gürcüstanın mərhum prezidenti Zviad Qamsaxurdianın atasıdır.
15 may 1925 - Rus bəstəkarı, SSRİ Xalq artisti Andrey Eşpay anadan olub.
16 may 1898 - Yaponiya milli kinematoqrafiyasının banilərindən olan rejissor Kendzi Midzoquti (Kenji Mizoguchi, 1898-1956) anadan olub.
16 may 1910 - Görkəmli rus yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, radioda çalışıb, “Leninqrad poeması”nı yazıb.
16 may 1915 - İtaliya kinorejissoru Mario Moniçelli anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
16 may 1953 - Məşhur irlandiyalı aktyor Pirs Brosnan (Pierce Brendan Brosnan) anadan olub. “Agent 007” seriyasından dörd filmdə (o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə neft kəmərindən bəhs edən “Bütün dünya da bəs etməz” (1999) filmində) çəkilib.
17 may Dünya İnformasiya Cəmiyyəti Günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib. Bu günün tarixi 1865-ci il mayın 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının (İnternational Telegraph Union) yaradılması ilə bağlıdır.
17 may 1510 - Görkəmli italyan rəssamı Sandro Bottiçelli (əsl adı Alessandro di Mariano Filipepi, 1445-1510) vəfat edib.
17 may 1873 - Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse, 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.
17 may 1904 - Məşhur fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. Polis komissarı Jül Meqredən bəhs edən filmlərdə baş rolu oynayıb. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.
17 may 1911 - Rus aktrisası, SSRİ Xalq artisti Sofiya Stanislavovna Pilyavskaya (1911-2000) anadan olub. Filmləri: “Anna Karenina” , “Canlı meyit” və s.
17 may 1936 - Amerika aktyoru və rejissoru Denis Hopper (1936-2010) anadan olub. Filmləri: “Göy məxmər”, “Sürət”, “Cəhənnəm qatarı” və s.
Hazırladı: Vüqar Orxan