Anadan oğula keçən istedad
Musiqimizin beşiyi və sənətkarlar yurdu sayılan Şuşa XVIII əsrin ortalarından başlayaraq Qarabağ xalçaçılıq məktəbinin mərkəzinə çevrildi. Elə o vaxtdan da Şuşa xalçaları əl-əl gəzərək dünya muzeylərinə yaraşıq gətirdi. Deyirlər ki, hətta xalça ilə bağlı bu qədim şəhərdə bir-birindən mənalı və gözəl bayatılar da yaranıb. Analar hana arxasında əyləşərkən hər ilməni vurduqca şirin Qarabağ ləhcəsində oxuyardılar:
Həyətim bağçalıdı,
Bağımız alçalıdı.
Bir bizim evə baxın,
Hər yeri xalçalıdı.
Şuşada toxunan qədim xalçalardan biri «Xanlıq» adlanır. Qarabağın ilk hökmdarı Pənahəli xan Cavanşirin saray emalatxanasında toxutdurduğu bu xalça orijinal kompozisiya və rəng baxımına görə sənət əsəri sayılıb. İndiyə kimi də rəngini itirməyib. Əsrlərin dizini qatlayaraq gözəlliyini saxlaya bilib. Şuşa xalçalarını fərqləndirən əsas elementlər onların həndəsi və nəbati naxışlarla zəngin olmasıdır. Qədim şəhərdə toxunan hər bir xalçanın öz adı və yaranma səbəbləri var. Ötən yüzilliklərdən soraq verən bu xalçalarda təkcə nənələrimizin zəhməti, yuxusuz gecələri naxışlanmayıb. Onlarda həm də o dövrdə yaşayan soydaşlarımızın təfəkkürü, düşüncəsi, həyat tərzi, arzuları çeşnilənib, bəzən sirləri gizlənib. Bu xalçaların adlarına fikir verin: «Güzgülü zili», «Göllü kilim», «Balıq», «Ləmpə», «Xan tirmə», «Bulud», «Bağçada güllər», «Şabalıd buta», «Saxsıda güllər», «Nəlbəki gül», «Fatma xanım», «Muncuq», «Buynuz» və s.
* * *
Telli Hacı Nəsib qızı Şuşanın məşhur xalça ustalarından sayılıb. Onun toxuduğu xalçalar bədii tərtibatına, bənzərsiz naxışlarına görə seçilib. Təkcə xalça deyil, müxtəlif naxışlı corablar, xurcunlar, mərfəşlər, kilim və cecimlər toxuyan bu xanımın çox zərif duyğuları, qızıl barmaqları olub. Bütün naxışları, çeşniləri özü fikirləşib taparmış. Onun əl işləri bütün Qarabağda məşhur idi. Hətta deyirlər ki, nəinki Şuşada, bütövlükdə ətraf bölgələrdə elə bir ev tapılmazdı ki, orada Telli Hacı Nəsib qızından yadigar nəsə olmasın. Sovet dövründə Mehmandarovların malikanəsində yaradılan Xalça muzeyinin eksponatları arasında əsas yeri də məhz Telli Hacı Nəsib qızının yaratdığı sənət əsərləri tutub.
Telli xanımın həyat yoldaşı da sənətkar idi. Papaqçı Hüseynin məharət və ustalığı haqqında Qarabağda xoş sözlər danışardılar. Onlar Şuşanın Quyuluq məhəlləsində yaşayırdılar. 1905-ci ildə ermənilərin bu dilbər guşədə törətdiyi qırğınlar nəticəsində ailənin iki oğlu qətlə yetirildi. Ona görə də Telli xanımın həyat verdiyi xalçalarda qəribə bir hüznün işarələri duyulurdu. Sonralar Tanrı bu sənətkarlar ailəsini yenidən sevindirdi. 1906-cı ildə bir oğul uşağı dünyaya gəldi. Adını Lətif qoydular. Bəlkə də o vaxt valideynlərin heç ağıllarına da gəlməzdi ki, Lətif Kərimov nəinki Şuşada, Qarabağda, hətta Azərbaycanda böyük şöhrət qazanan bir rəssam olacaq. Anasının yanını kəsdirərək onun sənətinə maraq göstərən, al-əlvan rənglərdə uşaq arzularını yaşadan Lətifdə sənət duyğusu, zövqü elə kiçik yaşlarından formalaşdı. Əslində Lətif Kərimovun elə ilk sənət müəllimi də anası oldu. Onun hana arxasında oxuduğu bayatılar Lətifin gələcək yoluna işıq saldı.
Allahverdilər tayfası adlanan bu nəslin toxuduğu xalçalar mahalda məşhur idi. İki oğlunun qətlindən sonra Lətifi də itirməkdən ehtiyatlanan valideynlər bu səbəbdən 1912-ci ildə İranın Məşhəd şəhərinə köçüblər. Lətif əvvəlcə mədrəsədə oxudu. O zaman bu məktəb gimnaziyaya bərabər idi. Dərslər Fransa üslubu ilə keçirilirdi. Bütün elmlər öyrədilirdi. Lətif “Quran”ı da oxumağı bacarırdı. Xatirələrində tez-tez deyərdi: «Yaxşı səsim var idi. Bəzən ayələri muğam üstə oxuyardım». Lətif on yaşında olanda atası rəhmətə gedib. Qərib yerdə ailə başçısını itirmək çətin olsa da, dözməkdən başqa çarə yox idi. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib. Xalçaçılığa olan böyük marağı, həvəsi, anadangəlmə istedadı onun burada bir sənətkar, toxucu kimi formalaşmasını şərtləndirdi. Lətif Təbriz, Ərdəbil xalça məktəblərinin sənətkarlıq xüsusiyyətlərini dərindən öyrəndi. Ürəyi arzularla döyünürdü. Gah miniatürçü olmaq istəyirdi, gah da nəqqaş. Hətta onun verdiyi çeşni əsasında Məşhəddə bir xalça da toxundu. Bacıları İranda ailə qurdular. İllər ötdü. Uşaq ikən ayrıldığı Şuşaya bir də 22 yaşında dönüb Lətif Kərimov. Artıq xalça ustası kimi məşhur idi.
Sonralar Şuşa şəhərində Qarabağ xalça artelinin ilk rəhbəri və yaradıcısı oldu. Bu, sadəcə, bir xalça sexi deyildi. Yaxın rayonlardan, bölgələrdən gələnlər xalçatoxuma işinin sirlərini öyrənirdi.
Ötən əsrin 30-cu illərindən başlayaraq Şuşa nəinki Qarabağın, eləcə də Azərbaycan xalçaçılıq məktəbinin mərkəzlərindən hesab olunurdu. Burada 50 dəzgahlıq (hər dəzgahda üç nəfər işləyirdi) xalça sexi fəaliyyət göstərirdi. Şuşada toxunan xalçalar yüksək keyfiyyəti, əlvan naxışları ilə fərqlənirdi. Lətif Kərimov da bir şuşalı xalçaçı rəssam kimi əlindən gələn köməyi əsirgəmirdi.
Qəribə şakəri vardı. Azərbaycanı qarış-qarış gəzərək çox qədim zamanlarda toxunmuş naxışlı corablar toplayardı. Müsahibələrin birində belə demişdi: «Azərbaycanın müxtəlif rayonlarından 150-dən çox corab növü toplamışam. Şuşada toxunan corablar istər toxunma, istərsə də milli koloriti ilə fərqlənir. Bu corabları geyim kimi istifadə etmək hayıfdır. Onları ya gərək hədiyyə kimi bağışlayasan, ya da eləcə saxlayasan».
1930-cu ildə xalça sənətinin mütəxəssisi kimi Azərbaycan Xalça Birliyinə rəssam-təlimatçı vəzifəsində işə başladı. Uzun illər «Azərxalça» Birliyində xalça istehsalına bədii-texniki sahə üzrə rəhbərlik etdi. Lətif Kərimovun başçılığı və eskizləri əsasında toxunmuş «Qarabağ», «Şuşa», «Qonaqkənd», «Əfşan», «Göygöl», «Butalı», «Bahar», «Zərxara», «Heyvanlar aləmində» və s. iriölçülü xalçalar milliliyi, kompozisiya bitkinliyi, naxış quruluşu, rəng ahəngdarlığı ilə fərqlənirdi. Tədqiqatçı Vasif Quliyev yazır: «İstedadlı xalça ustası burada işlədiyi müddətdə Azərbaycan dekorativ-tətbiqi sənətini müasir ornamentlərlə zənginləşdirib, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaradıb. Bu xalçaların bədii həllində Lətif Kərimov yeni naxışlardan, rəmzi məna daşıyan elementlərdən ustalıqla istifadə edib. Bu isə toxunan xalçaların həm ideya məzmununu, bədii formasını zənginləşdirir, həm də estetik təsir gücünü artırır».
İllər keçdikcə Azərbaycan xalçasının şöhrəti dünyanı bürüyürdü. Təbii ki, belə mükəmməl çeşnili xalçaların toxunmasında Lətif Kərimovun böyük əməyi var idi. O, respublikamızda xalçaçılıq məktəbinin yaradıcısı sayılır. İlk dəfə Bakıda, Qubada xalça məktəblərinin açılmasında onun zəhməti danılmazdır. O, təkcə xalçaçılıq sahəsində deyil, dekorativ-tətbiqi sənətin başqa növlərində ustad idi. Onun eskizlərində Şərq bədii sənət xəzinəsinin cizgiləri aydın görünür. İstedadlı xalçaçı rəssamın yaradıcılığında portret xalçalar da diqqət çəkir. 1934-cü ildə böyük şair Əbülqasım Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə toxuduğu xalça tətbiqi sənətimizdə mühüm hadisə kimi qiymətləndirildi. Sənət əsəri 1937-ci ildə Parisdə - Dünya sərgisində nümayiş etdirildi və müəllifə böyük şöhrət gətirdi. Lətif Kərimov bina və tikililərə bədii tərtibat verməkdə ustad idi. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası vaxtilə Lətif Kərimovun əllərinin sığalını görüb.
Dahi Nizaminin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar olaraq Lətif Kərimovun «Xəmsə»nin süjetləri əsasında hazırladığı beş məşhur xalça təkcə Azərbaycan dekorativ-tətbiqi sənətinin deyil, dünya mədəniyyətinin inciləri sayılıb. O vaxt Lətif Kərimovun yanında çalışan, sonralar xalçaçılıq sənətinin klassiki adını qazanan rəssam Kamil Əliyev öz xatirələrində deyərdi: «Xalçaçılığa maraq anamdan gəlsə də, bir rəssam kimi formalaşmağımda, müxtəlif mövzulara müraciət etməyimdə Lətif Kərimovun böyük əməyi var».
Lətif Kərimov xalçalarda portretini yaratdığı qəhrəmanının həyat yolunu mütləq öyrənirdi. Bu səbəbdən də eskizləri təbii, səmimi və təsirli alınırdı. Müəllifi olduğu xalçalar tarixi mahiyyət daşıyırdı, sənət nümunəsi kimi dəyərləndirilirdi. Dahi Nizamiyə həsr olunmuş bu xalçalar müxtəlif sərgilərin bəzəyi oldu, sənətşünasların rəğbətini qazandı. Bu zəhmətinə görə də Lətif Kərimov SSRİ Dövlət mükafatına layiq görüldü. «Xəmsə»dən başlanan uğurlu yol Füzuli poeziyasının xalçada əks olunması ilə davam etdi. Xalça üzərində toxuduğu Memar Əcəminin portreti ilə UNESCO-nun iqamətgahını bəzədi. Naxçıvanda yaşayıb yaratmış Əcəminin 850 illik yubileyinə həsr olunmuş bu xalça Lətif Kərimovun ünvanına növbəti şöhrəti qazandırdı.
Onun bioqrafiyası ilə maraqlananda ilk baxışda qəribə görünən iş yerləri diqqətimizi çəkir. Ötən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan radiosunda diktor işləyib, fars dilini mükəmməl bildiyindən bu dildə olan materialları səsləndirib. Hətta məşhur diktor Aydın Qaradağlının bəyənilib işə götürülməsini o tövsiyə edib.
Lətif Kərimov çoxcəhətli yaradıcılığa malik bir şəxsiyyət idi. Onun «Azərbaycan xalçalarında ornament» kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi dəyəri olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad (Sankt-Peterburq) şəhərində sənətşünaslıq namizədi alimlik dərəcəsi verilmişdi. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli «Azərbaycan xalçası» monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə çap edilən monoqrafiya uzun illərin bəhrəsi idi. Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda yaradılan Xalça muzeyi bu sahə üzrə dünyanın ilk muzeylərindən sayılır. O illərdə dövlət mükafatlarına, orden və medallara, Azərbaycanın Xalq rəssamı adına layiq görülən Lətif Kərimov Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun dekorativ və tətbiqi sənət üzrə şöbə müdiri olmuşdur. Dünya mətbuatında Azərbaycan xalçaları haqqında oxuculara geniş məlumatlar verirdi. Amerika, Almaniya, İngiltərə, Türkiyədə Lətif Kərimovun elmi məqalələri dərc edilirdi.
2007-ci ildə Parisdə, UNESCO-nun iqamətgahında xalçaçı-rəssamın 100 illik yubileyi münasibətilə «Azərbaycan xalçası və Azərbaycan xalça sənəti» mövzusunda beynəlxalq simpozium keçirildi. Sənətkarın eskizi əsasında toxunan xalçalar sərgiləndi, haqqında çəkilən film nümayiş etdirildi.
Lətif Kərimov zəngin ömür yaşadı və uzunömürlü əsərlər yaratdı. 1991-ci ildə vəfat etdi. Hərdən qəribə hisslər keçiririk. Qarabağı Məcnun kimi sevən, «Şuşa havamdır» - deyən Lətif Kərimov vətəninin işğalından xəbərsiz oldu. Amma ruhlar yaşayır ki... Ruhu didərgin düşən neçə-neçə şuşalılar kimi Lətif Kərimovun da qibləsi Qarabağ idi. Həmişə xalçalarımızın taleyindən narahat olan, mənfur qonşularımızın bu sənət xəzinəmizdən etdiyi oğurluqlardan yana-yana danışan, ömrü boyu xalçaçılığın yeni növlərini yaradan, qoruyan Lətif Kərimovun bir arzusu da gerçəkləşdi. Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Ömrünü ilmələrdə naxışlayan Lətif Kərimovun ruhuna yəqin ki, bir dinclik bəxş olundu! Bir dəfə ona belə bir sual vermişdilər: «Ən sevimli xalçanız hansıdır». Qəribə cavabı var idi: “Özümün yaratdığım bütün xalçalar mənim üçün əzizdir. Ümumiyyətlə, dünya xalçasından söhbət getsə, XIV əsrdə Təbrizdə toxunan, Londonun Viktoriya və Albert muzeyində saxlanılan «Şeyx Səfi» xalçasıdır. İlk dəfə Londona gedəndə fikirləşirdim ki, həmin xalını öpəcəyəm. Amma dodaqlarımı yapışdıranda hiss etdim ki, xalça şüşənin altındadır». Belə bir həssas ürəyin sahibi idi Lətif Kərimov.
Maraqlıdır ki, mənim anam da xalça ustası idi. Soydaşlarımızın evində əlinin nişanəsi qalmaqdadır. Xalçadan danışanda istər-istəməz qulağıma həmişə elindən didərgin düşən doğmamın yanıqlı bayatısı gəlir:
Dövlətim, malım qaldı,
Pətəkdə balım qaldı.
Hanadan kəsmədiyim
Bir güllü xalım qaldı...
Flora Xəlilzadə
yazıçı-publisist