...ədəbi dramı, politərcümeyi-halı, canlı tarix-adamı
   
   Belə universal adamlar hər xalqın tarix-taleyində barmaqla sayılası qədər az olur. Bizim ötən əsr tarix-taleyimizin bolşevik barmağı, NKVD perosu, ÇK karandaşı ilə yazıldığını nəzərə alanda isə belələrinin qədir-qiyməti birə milyon artmış olur. Bu dəyər “faza”sından çəkingənlərin nəzərinə cəsarətli siyasi ideoloqlardan birinin “şəxsiyyət və xalq” formuləsini də çatdırmaq istərdim: “Tarixdə şəxsiyyət 1, xalq (kütlə) 6 sıfırdır və bu tərəflərin hər biri o birisiz heç kimdir...”
   
   Bu formulə bütün ictimai, siyasi və... ədəbi formasiyalarda həqiqət olub və olacaq. Şəxsiyyətlər öz xalqının milli-mənəvi tərcümeyi-hal kitablarının hər hansı zor (istər kənar, istər “doğma”) tərəfindən bağlandığı dövrlərin canlı dəftərləri, yığcam konspektləridirlər. Bu canlı tarix-adamlar öz “məzlum” xalqlarının hər gizlin sözü, məxfi mətləbi açıq deyə biləcəyi çağlar üçün istinad mənbəyi, ictimai-irfani inkişaf tutarğasıdır. Balzakın “Dahilər ucqarlarda doğulur, Parisdə ölür” postulatından yanaşsaq, Bakıda (əlbəttə, Fəxri Xiyabanda) dəfn olunmuş Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli, Səməd Vurğun, İlyas Əfəndiyev və başqaları həm də öz doğulduqları bölgələrin tarix-tarixçələri, demoqrafik-bioqrafik ifadəçiləri deyillərmi? Onlar öz “xatirə dəftərləri”lə oraların ictimai-siyasi, ədəbi-kulturoloji, sosial-psixoloji ab-havasını da ehtiva etmirlərmi?..
   Onların hamısı hər vaxt, həmişə bizimlədir, heç birini heç vaxt unuda bilmərik. Budəfəki sözümüzsə, doxsan səkkiz il bundan əvvəl dünyaya göz açmış poetik nasir, dramatik dramaturq əfəndimizdən - İlyas Məhəmməd oğlu Əfəndiyevdəndir.
   
   26.V.1914
   
   Dörd ildən sonra həmin ay millətimizin şərəf tarixçəsinə çevriləcək, İlyas da bütün ömrü boyu öz ad gününü bu millətin ad günüylə birgə qeyd edəcəkdi. Lakin altı ildən sonra gətirilən 28 aprel tarixçəsi hər şeyi dəyişəcək, külli-Qarabağda səmimiyyəti, xeyriyyəçiliyi, ticarətilə tanınan Məhəmməd kişiyə “kulak” damğası vurub, bütün varidatını əlindən alacaq, ailənin bir parasını “xalq düşməni” kimi qəbirlərə, bir qismini Sibirlərə göməcək, İlyası “çətinliklərlə ləbaləb orta məktəb”dən, “həyat universiteti” anasından aldığı tədris və təlim-tərbiyəsinə rəğmən (hələ ali təhsil almamış) orta məktəbdə müəllim işlətsə də, pedaqoji institutdan bir kərə qovduracaq, bir dəfə möhlət götürməyə məhkum edəcək və... uzun illərdən sonra (öz rejim qaytanları boşaldıqca, habelə, bu qabiliyyətli oğlanın, dərkli-dərrakəli gəncin, dözümlü ahılın fitri istedadı qarşısında duruş gətirə bilmədikcə) onu Xalq yazıçısı şərəfi ilə təltif edəcəkdi...
   Taleyin “Xalq yazıçısı” yazısına qədər çox məşəqqətli həyat körpüləri keçib “Körpüsalanlar” yazmış, idillik arzuları, tifillik mahnıları dağlarda qalmış, “İntizar”ını “Bahar suları”nda qərq etmiş böyük ədib, lap sonralar adama çox əsər edən belə-belə xatirə-əsərlər də yazacaqdı: “Ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında-üstündə yatırdılar...”
   Bəli, bu həyati-vizual sətirlər balaca İlyasın böyük qəlbində, istedadlı könlündə iri-iri abzaslara, xalı-xalı səhifələrə, dolu-dolu hekayətlərə, povest, roman, dram əsərlərinə çevriləcəkdi. Amma hələ “məhsul yığımı” dövrü idi. Hələ o, orta məktəbi bitirib, rayonun Böyük Bəhmənli kəndində dil-ədəbiyyatdan dərs deyə-deyə, sonralar adı Füzuli ilə əvəz ediləsi Qaryagin şəhərində coğrafiya müəllimi işləyə-işləyə, rayon teatrındakı tamaşaların özünə tamaşaçı, mətnlərinə, librettolarına “müştəri gözü ilə” baxa-baxa, rayonda çıxan “Qızıl Araz” qəzetinə oxur-yazarlıq edə-edə böyük Bakı səfərinə “tədarük zəmanəsi” idi. Yazıçı bunları öz xatirələrində daha sərrast ifadə edir: “Rayonda ora-bura qaçaraq, gündə səkkiz-doqquz saat işləməklə bərabər, hələ gecə kurslarında da dərs deyirdim. Çox yorulmağıma baxmayaraq, Qarabağın qarlı, uzun qış gecələrində, heç kəsə bildirmədən hekayələr yazdım. Sonralar “Kənddən məktublar” adı ilə çap olunan həmin hekayələri götürüb, 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...”
   Bakı isə onunçün elə ilk baxışdan çox maraqlı olub; həm ilk təəssüratları, sivil söhbətləri, qayğıkeş münasibətləri, həm də təbii, nəşriyyat və teatral aləmi ilə. İlk ədəbi həmsöhbəti - ustad yazıçı Əbülhəsən əvvəlcə “coğrafiya müəllimi hara, yazıçılıq hara?” deyə, onu pərt etsə də, nəticədə doqquz hekayəsini birbaşa nəşriyyata göndərərək, gənc İlyas Əfəndiyevə “ilk kitab müəllifi olmaq” şərəfi nəsib edib. İlyas Əfəndiyev həmin illəri belə xatırlayır: “Rayonda o qədər zülm çəkmiş, o qədər təhqir-təslim olunmuşduq ki, burada adamlardan bir kömək, hörmət-izzət, insani münasibət görəndə kövrəlirdim. Mənə elə gəlirdi ki, tamam yeni bir dünyaya düşmüşəm. Sən demə, səs hüququndan məhrum edilmiş tacir oğluna da kömək, hörmət olarmış...”
   Söhbət bütün mahiyyətilə xəlqi, büsbütün kolorital bir sənətkardan getdiyindən, bu məqamda bir el məsəlini xatırlatmağa əşhədi-ehtiyac duydum: “Örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçər”. Yəni, “epitet”lərindən biri də “yığma komanda” olan paytaxt-“doğanaq”, bütün hallarda, “örkən”-ucqarların səviyyə eyiblərini ütüləyən, xalqı əyər-əskikliklərdən arıdıb-yarıdan milli-ali taxtdır. O vaxtlar üçün bu növbəti istedadlı “kəndçi balası”na edilən hörmət də nə imiş ki, - Əli Vəliyevin köməkliyilə “Yeni yol” qəzetinin mədəniyyət və ədəbiyyat şöbəsində ədəbi işçi, “Kommunist”də müxbir, “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri, Səməd Vurğunun dəstəyilə - üç il yaşadığı mehmanxanada (“Əski Şərq”) balaca bir otaq, Rəsul Rzanın zəmanətilə Yazıçılar İttifaqına üzvlük (1940) və sair...
   Amma iyirmi doqquz yaşlı bu gəncə Mehdi Hüseyn kimi məşhur, populyar bir ədibin müştərək pyes yazmaq təklifi yalnız hörmət-izzət, humanizm əlaməti yox, həm də onun ədəbi gələcəyinə ümumədəbi ümid, reputativ inam təzahürü idi və elə o vaxtdan yaxın ətrafın, qohum-qardaşın cılxaca İlyas deyə çağırıb-xatırladığı bu gənc xalqın əbədi yaddaşına möhtəşəm İlyas Əfəndiyev olaraq həkk olundu...
   
   3.X.1996 - ......
   
   Nə sirdisə, bu yazımın yarımbaşlıqları rəqəm-tarixçələrlə gəlir. Özü də əgər birincisi təbii, qəflətən-bədahətən gəlmişdisə, bu - ikinci - bir qədər məqsədli, belə deyək, “haqq-hesab”ətən alındı. Sözümün canı isə bu ki, bu yarımbaşlıqdakı tire işarəsinin solundakı rəqəmlər İlyas Əfəndiyevin sənəd ölümünə dəlalətdirsə, solundakı nöqtələr onun əbədi sənət olumuna ümümxəlqi bir əmin-arxayınlıqla edilən işarətdir. Qələmindən çıxan ədəbi, bədii, dramatik, publisistik məhsullardan neçə-neçə nəsillər yetişib və hələ yetişəcəksə, bu, əbədi milli-ictimai müəllimlik deyilmi? Yüzlərlə hekayəsi, “Körpüsalanlar”, “Söyüdlü arx”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca!”, “Üçatılan” kimi roman və povestləri dəfələrlə çap edilib və bundan sonra da mütəmadi nəşr olunacaqsa, bu, əbədiyaşarlıqdır. “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” və digər pyesləri yüz dəfələrlə, təkcə “Unuda bilmirəm”i 12 ildə 350 kərə tamaşaya qoyulubsa və hələ məlum münaqişə-müharibə illətimizdən sonra gələsi lirik-dinclik çağlarımızda, sevgisaçar dövranlarımızda gündə-günaşırı oynanılacaqsa, yuxarıdakı nöqtələrin hər birini bir yüzillik, minillik hesab etmək olmazmı?..
   ...Ötən əsrin altmışıncı illərinin ortalarında indiki Hüseyn Cavid küçəsindəki bir binanın kəllə tərəfinə (“Space” telekanalı ilə üzbəüz dururkən - sol tərəfdə) “Söyüdlü arx”ın üz qabığının çox nəfis şəkildə işlənmiş şəkli həkk edilmişdi. Hamı bunu dövrün sənətə, kitaba hörmət və sayğı əlaməti kimi qimətləndirir, biz kəndçi tələbələr isə, ürəyimizin ən gizlin guşəsində belə bir fors da yaşayırdıq ki, “pah, bizim tozlu-torpaqlı, “arxaik” arx kəlməmiz bu çiçi paytaxtın lap alnına yapışdırılıb ki!..”
   Bizim gəlişimizədək, artıq, Bakıda “İlyas Əfəndiyev poetik nəsri” tərkibi yaranmışdı, bizdən sonra (və elə bizim də iştirakımızla) “İlyas Əfəndiyev teatrı” deyimlənməyə başladı. Amma bir xiffətimiz qaldı: “İlyas Əfəndiyev və kino”. O vaxtlar deyirdilər ki, İlyas Əfəndiyev də “başdan-başa leksikon Çexov” kimi, sözdən gözə çətin gəldiyinə görə, kinematoqrafçılar onun yaradıcılığına girişə bilmirlər. Bəs indi necə, əfəndilər? Kinematoqrafiyanın bilavasitə sələfi olan teatroqrafiya azmanına müraciətetmə səviyyəsinin vaxtı deyilmi?
   Bu sualda ərk də var, umu-küsü də var, sizlər üçün perspektiv-işgüzar uğurlar da...
   
   Tahir Abbaslı