Azərbaycan
   
   13 iyun 1709 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib.
   13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. İyunun 17-dək davam edən qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək yazıçılar ayrı-ayrı ədəbi birləşmələrdə fəaliyyət göstərirdilər. 1923-cü ildə "Türk ədib və şairlər ittifaqı dərnəyi", 1925-ci il dekabrın 25-də "Qızıl qələmlər" ədəbi cəmiyyəti, 1927-ci ilin iyulunda qələm əhlini qismən bir araya gətirən Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yaranmışdı. ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra cəmiyyətin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqı yarandı.
   13 iyun 1959 - Xalq artisti, tanınmış aktrisa Bəsti Əli qızı Cəfərova anadan olub. Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif yaddaqalan obrazlar yaradıb: Xavər ("İblis", H.Cavid), Solmaz, Pəri ("Od gəlini", "Solğun çiçəklər", C.Cabbarlı), Nazlı, Bənövşə ("Əliqulu evlənir", "Nişanlı qız", S.Rəhman), Ağabəyim ağa ("Hökmdar və qızı", İ.Əfəndiyev) və s. “Günaydın, mələyim” filmində, televiziya tamaşalarında çəkilib.
   
   14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 - 16.11.1852, Tiflis) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyahı Fridrix Bodenştedtlə tanış olur. Şair ona öz qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə (“Mirzə Şəfi nəğmələri”) nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin artıq dünyadan köçmüş Mirzə Şəfi Vazehə məxsus olduğunu etiraf edir.
   14 iyun 1888 - İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. 1938-ci ildə repressiya olunub, 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka həbs düşərgəsində vəfat edib. 
   14 iyun 1926 - Xalq artisti, məşhur tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 - 15.8.1994) anadan olub. 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub.
   14 iyun 1947 - Bəstəkar, Əməkdar incəsənət xadimi, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano və simfonik orkestr, piano və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, «Vətən» oratoriyası, caz kompozisiyaları və mahnıların müəllifidir.
   
   Dünya
   
   13 iyun 1865 - İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Uilyam Yits (William Butler Yeats; 1865-1939) anadan olub.
   13 iyun 1940 - Keçmiş Yuqoslaviyanın məşhur kinoaktyoru Qoyko Mitiç (Gojko Mitic) anadan olub. Hindulardan bəhs edən filmlərdə (“Çinqaçuk - Böyük İlan”, “Böyük Ayı bürcünün oğulları” və s.) rolları ilə şöhrət qazanıb.
   13 iyun 1943 - İngilis kinoaktyoru Malkolm Maldauell (Malcolm McDowell) anadan olub. Filmləri: “Kaliqula”, “Çar qatili”, “Pişik-insanlar” və s.   

   14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. Yazıçının ən məşhur əsəri olan “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.
   14 iyun 1835 - Məşhur yəhudi pianoçusu və dirijoru, pedaqoq Nikolay Qriqoryeviç Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.
   14 iyun 1933 - Rus kinorejissoru, ssenarist Vladimir Krasnopolski (əsil soyadı Ledov) anadan olub. “Kölgələr günorta yox olur”, “Əbədi çağırış”, “Yermak” teleseriallarına (hər üçü Valeri Uskovla birgə) quruluş verib.
   14 iyun 1956 - Məşhur rus kinoaktrisası Yelena Safonova anadan olub. “Qış albalısı”, “Qara gözlər”, “Taksi-blüz” və s. filmlərdə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan