Azərbaycan
   
   6 iyul 1918 - Yazıçı-tərcüməçi Şəfiqə Ağayeva (1918-1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının (A.P.Çexov, M.Prilejayeva, K.Komarovski, Y.Koşevaya, A.Kononov və s.) uşaq və yeniyetmələr üçün hekayə və povestləri Ş.Ağayevanın tərcüməsində işıq üzü görüb.
   
   7 iyul 1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova anadan olub. Rus və Azərbaycan dilində yazdığı elmi-fantastik əsərləri bir sıra ölkələrdə çap olunub. "Yeraltı dünya", "Həyat naminə. Qarabağ - xoşbəxtlik və kədərim", “Vaxtdır, qardaşım” və s. əsərlərin müəllifidir.
   
   8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, akademik Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 - 10.4.1979) Şəkidə anadan olub. 1946-cı ildən ömrünün sonunadək Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin, orta və ali məktəb dərsliklərinin müəllifidir. Azərbaycanın Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı olub.
   
   9 iyul 1821 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgər Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdır. 1918-ci ildə erməni Andronikin quldur dəstələrinin törətdiyi qırğınlardan sonra bir müddət el-obasından qaçqın düşüb, sonra yenidən doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.
   9 iyul 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi - XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları işçilərinin peşə bayramı günü elan edilib.
   9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854, Şuşa - 1926) vəfat edib. "Müsibəti-Fəxrəddin" pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. Lənkəran Dövlət Dram Teatrı dramaturqun adını daşıyır.
   9 iyul 1939 - Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir Dövlət Dram Teatrında çalışıb, 1976-cı ildən Akademik Milli Dram Teatrının aktyorudur. “Biz qayıdacağıq”, “Cavid ömrü”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
   9 iyul 1996 - Tanınmış yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 22.6.1924-1996) vəfat edib. Qubadlı rayonunun Qəzyan kəndində doğulan yazıçı xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” tarixi romanların, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.
   
   Dünya
   
   6 iyul 1859 - İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1916) laureatı Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.
   6 iyul 1865 - İsveçrə bəstəkarı Emil Dalkroz (Emile Jaques-Dalcroze; 1865-1950) anadan olub.
   6 iyul 1927 - Amerika aktrisası Canet Li (Canet Elen Morrison; 1927-2004) anadan olub.
   6 iyul 1943 - SSRİ Xalq artisti, Rusiyanın məşhur opera müğənnisi Tamara Sinyavskaya anadan olub. Dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin (1942-2008) həyat yoldaşı olub.
   6 iyul 1946 - Amerika kinoaktoyru, Hollivud ulduzu Silvestr Stallone (Sylvester Gardenzio Stallone) anadan olub. “Rokki” və “Rembo” filmləri ilə məşhurlaşıb. 1976-cı ildə “Rokki” seriyasından birinci filmə görə ssenari müəllifi və baş rolun ifaçısı kimi 2 “Oskar” alıb. Digər filmləri: “Tanqo və Keş”, “Mütəxəssis”, “Qisas mələyi” və s.
   6 iyul 1893 - Görkəmli fransız yazıçı sı Gi de Mopassan (Henry-Rene-Albert-Guy de Maupassant; 1850-1893) vəfat edib. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” və s. romanlar, “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s. novellalar.
   
   7 iyul 1860 - Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler; 1860-1911) anadan olub.
   7 iyul 1882 - Belarus ədəbiyyatının görkəmli nümayəndəsi, şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.
   7 iyul 1883 - Finlandiya bəstəkarı Toyvo Kuula (Toivo Kuula; 1883-1918) anadan olub.
   7 iyul 1884 - Yəhudi əsilli məşhur alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger; 1884-1958) anadan olub. «Qoyya», «İspan balladası», «Lautenzak qardaşları» və s. tarixi romanların müəllifidir.
   7 iyul 1887 - Yəhudi əsilli məşhur Rusiya-Fransa rəssamı Mark Zaxaroviç Şaqal (1887-28.3.1985) Vitebskdə (Belarus) anadan olub. 1923-cü ildə ailəsi ilə Fransaya mühacirət edib. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardının ən tanınmış simalarından biridir.
   7 iyul 1899 - Amerika kinorejissoru Corc Kyukor (George Dewey Cukor; 1899-1983) anadan olub. Filmləri: “Adəmin qabırğası”, “Romeo və Cülyetta”, “Mənim gözəl ledim” - 1964-cü il “Oskar” mükafatı”) və s.
   7 iyul 1901 - İtalyan aktyoru, kinorejissor, 4 dəfə «Oskar» mükafatının laureatı Vittorio De Sika (Vittorio De Sica; 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.
   7 iyul 1907 - Məşhur Amerika fantast-yazıçısı Robert Enson Haynlayn (Robert Anson Heinlein; 1907-1988) anadan olub. Artur Klark və Ayzek Azimovla birlikdə fantast-yazıçıların “Böyük üçlüyü”nə daxildir.
   7 iyul 1922 - Dünya şöhrətli fransız modelyer Pyer Karden (Pierre Cardin) anadan olub.
   7 iyul 1930 - Məşhur ingilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 22.5.1859 - 1930) vəfat edib. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən detektiv əsərlərin müəllifidir.
   7 iyul 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun barabançısı Rinqo Star (Ringo Starr) anadan olub.
   7 iyul 1943 - Məşhur italyan müğənnisi və bəstəkarı Toto Kutunyo (Salvatore Cutugno) anadan olub.
   
   8 iyul 1621 - Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine; 1621-1695) anadan olub. Antik dövr yazarlarının (Ezop, Fedra və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb. Lafontenin ”Qarğa və tülkü”, “Qurd və quzu”, “Qarışqa və cırcırama” və s. təmsilləri sonralar rus şairi İvan Krılov (1769-1844) tərəfindən təbdil və tərcümə edilərək təqdim olunub.
   8 iyul 1892 - İngilis yazıçısı Riçard Oldinqton (Richard Aldington; 1892-1962) anadan olub. Əsərləri: “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndir” və s.
   8 iyul 1908 - Rus aktyoru, SSRİ Xalq artisti Vladimir Belokurov (1908-1973) anadan olub. “Ölü canlar”, “Dirilmə”, “Zolaqlıların səfəri” və s. filmlərdə çəkilib.
   8 iyul 1938 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Andrey Vasilyeviç Myaqkov anadan olub. «Xoş təsadüf və ya həmişə təmizlikdə» (Lukaşin), «İşdə məhəbbət macərası» (Novoselsev), «Qaraj» (Xvostov) və s. filmlərdə çəkilib.
   
   9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe; 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın banilərindən biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.
   9 iyul 1834 - Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr”, “Ovliya cüməsi nəğmələri” və s. kitabların müəllifidir.
   9 iyul 1933 - Rusiyanın Xalq artisti, kinorejissor Elem Klimov (1933-2003) anadan olub. Filmləri: “Get və bax”, “Aqoniya” və s.
   9 iyul 1944 - Amerikalı fantast-yazıçı Qlen Kuk (Glen Cook) anadan olub. Əsərləri: “Harretin sərgüzəştləri”, “Qara dəstənin salnaməsi” və s.
   
   Hazırladı: Vüqar Orxan