Təkcə çörəyi yox, şan-şöhrəti də daşlardan çıxmış Cəlal Qaryağdı
“İncəsənət” ifadəsinin iki sözdən yarandığını hamı bilir. Bəs onu necə yaratmağı necə? Yox, bunu bacaranların sayı çox azdır. Yaxşı ki, belədir. Yoxsa, o da adiləşər, eyni bir adamda cəm olmuş intəhasız xoşbaxtlıqlar (və ya bədbəxtliklər), var-dövlət (və ya kasıb-kasadlıqlar) kimi gözdən düşər, dəyərsizləşərdi. Əgər qızıl-brilyant da dəmir-çuqun qədər çox olsaydı, Tanrı öz həris və hərif bəndələrinin başını nəynən qatardı?..
Bax, incəsənət təkcə həmin o maddi zinətlərin yox, həm də bütün mənəvi nemətlərin başında, incəsənətçilər isə bunların hamısının peşində duran nadir nəsnə, qadir kimsələrdir. Bu vəzifə xüsusi qabiliyyət, ilham, istedad, səbr-cəbr tələb etdiyindən, istehsalçılarının sayı istehlakçılarınınkından dəfələrlə azdır.
Həmin bu incəsənətdə - incə sənətdə “kobud” bir daşlıq sahəsi də var: heykəltəraşlıq.
Bu incə sahə adamları yeganə sənətçilərdir ki, əllərindəki “çörək ağacı” qabar “məhsulu” da yetirir. Elə bu yazının qəhrəmanının əlləri kimi. Mən bu xəyali müqayisəni onun əllərini görəndə aparmışdım. Müxtəlif düşüncələrə qapılıb, müəyyən qənaətlər yapmışdım. Məsələn, onun - heykəltəraş Cəlal Qaryağdının - əmisi, yetmiş il qaval döymüş Qaryağdıoğlu Cabbarın əlləri qabar görməyib. Yaxud, bütün digər sənətçilər. Lap elə bu əza ilə səsləşən “Nazik əllər” kimi mahnıların mətnçi-bəstəçi-ifaçı-çalançı dəstələrini götürək. Hətta bu qəbil zəriflik konsertlərində daim iştirak imkanı olanların əllərini təsəvvürə gətirək. Nə görürük? Əlbəttə, doxsan doqquz faiz “ağ biləklər, nazik əllər”...
Bu sahəyə dair “müsibəti”-münasibətlər...
Yəni, digər “arka”lar, çeşid-çeşid poza-doza, pyedestal-pəstahlarla bərabər, həm də qabar ornamentli əllərin istehsal etdiyi materiya-məhsulların ictimai formasiya, siyasi deqradasiya, ideoloji bazar müsibətləri! Bəli, bütün başqa sənət adamlarının problemi - bir qədər redaktə və ya əlgəzdirim şərtilə “bazar münasibətləri” olduğu halda, heykəltəraşların işləri həm də mənəvi “bazar” müsibətlərilə əlaqəlidir. Onların illərlə tişələdikləri monumental bir əsər, bəzən bir “inqilab” əsiminin badına qurban gedir. Onlar, uşaqlıqda təsadüfən bir düşərgədə istirahət etmiş, sonralar isə biri bütün dünyanı güldürmüş Çarli Çaplinin də heykəlini yaratmalı olur, bütün dünyanı ağlatmış Adolf Hitlerin də...
Bəli, başqa incəsənətçilərin işi xeyli asandır; zəmanə bəd gəldimi, rəssam çəkidə yüngül (vəzndə nə qədər ağır olur-olsun) portretləri aradan çıxara bilər. Ədib “köhnə” romanları yeni “seçilmiş əsərlər”inə salmaya, bəstəkar “dosye”li - simfoniyasını səsləndirməyə, TV-lər “ÇP” verilişləri göstərməyə, ədəbi qiraət ustaları əzbərlədikləri “tribun”alları deklamasiyalamaya bilər. Bəs sənətin bu möhtəşəm çöl növünü, gecə-gündüz kütləvi tamaşaçı-xalq qarşısında psixo-ideoloji tərənnüm atəşləri saçan “ağır artilleriya”ları neyləyəsən?
Dövrünün baş heykəltəraşlarından sayılan Cəlal Qaryağdıya bilavasitə dəxli olan bu sicilləməyə daha bir bənzətmə əlavə edib, onun sovetizmdən dolayı - yaralı yaradıcılığına keçəcəm. “Bənzətmə”msə budur ki, əgər başqa sənətkarların matahları nəhəng “ictimai seyf”in içərisindəkilər - götürülməsi, təkrar işlənməsi, reval-devalvasiyası mümkün olan baratlardırsa, heykəltəraşlarınkı məhz o zindan seyfin özüdür...
1985-ci ilin bu günləri...
O gün heykəltəraşın yetmiş yaşı tamam olurdu və AzTV-nin “Xəbərlər” baş redaksiyasından məni göndərdilər ki, onun yubileyilə bağlı “Günün ekranı” proqramına 4-5 dəqiqəlik bir süjet hazırlayım. Yol gedərkən, hamı kimi mən də öz növbəti obyekt-subyektim haqda düşünür, “üzlər görmüş” bir sifət görəcəyimi zənn edirdim. Bu hiss və qənaəti məndə onun qəribə tişə işləri yaratmışdı o çağlaradək. O tişə, qoca tarixin yaşıyla yanaşsaq, Şuşamızın dünənki qızı Xurşidbanu Natəvanı xalqımızın ulu nənəsi, qədimlik anası kimi yaratmayıbmı? Bu sənət Fərhadımız hələ otuz yaşını yenicə adlayarkən yaratdığı Mirzə Ələkbər Sabir abidəsində milli müdrikliklə bəşəri satira-sarkazm vəhdəti yapmayıbmı?..
Başqa əsərləri haqda düşünürdüm ki, maşınımız onun emalatxanası qarşısında dayandı və onu bir ağac kölgəsində sərinlənən gördüm. İlk, daha doğrusu, qiyabi təəssürat və qənaətlərimsə bir anda yox oldu; yetmiş sinli bu kişinin sifətindən, yalan olmasın, yeddi yaşlı bir uşaq məsumluğu yağırdı.
Hazırlayacağım süjetin həcm sıxıntısına görə, əvvəlcə onunla bir atüstü “dedim-dedi” kəşfiyyatı apardım. Məlum oldu ki, əsil-kök və şəxsi məfkurə etibarilə təpədən-dırnağa özgür olan bu sənətkarın bütün yaradıcı ömrü - beş-on milli mövzulu nümunəsi istisna edilməklə, özgələri tərənnüm etməkdə, yad-yabançıları yonub-yontalamaqda keçib. Vladimir Lenin, İosif Stalin, İvan Fioletov, Çaparidze və başqaları. Bu “və başqaları” mənim hazırladığım süjetin xronometraj saniyələrindən də çox olduğuna görə, söhbət və hisslərinin gizlinində bir faciə yaşayan qocaman sənətkara çox əziyyət verməli olmadım. Hətta kefi bir az durulsun deyə, bu yarınma-daranma tragi-komediyasının bütün həyat səhnələrimizdə oynanıldığını bildirdim və ona öz redaksiyamızla bağlı “bir şəkil”lik qaravəlli də söylədim. Dedim, bizdə də elələri var ki, NQÇİ-lərdə (Neft və Qazçıxarma İdarələri) plandakı 1 milyon ton əvəzinə 2 milyon ton neft çıxarılması faktı ilə rastlaşanda mikrofonlarının çiçəkləri çırtlayır, redaksiyaya qayıdıb bu şad xəbəri xalqa bəxtəvər-bəxtəvər çatdırır və hələ aşağı düşüb, hər ay “Krunk”a “dolya” ötürən Zina “xanım”ın bufetində bu plan və öhdəlikdən əlavə yağmalanmağımızı “yuyur”lar da...
Qərəz, “çərəz” söhbətimizə son verib, onun böyük sənət tikintisi meydançasını xatırladan emalatxanasına keçdik. Mənim “İncə sənətin yaradıcısı əllər” mövzu-motivimdən xəbərdar teleoperatorumuz onun qabarlı əllərini, damarlı barmaqlarını “krupnı”layıb obrazlaşdırmaqda, mən isə bu zəhmətkeş, istedadlı əllərin illərlə sığal-tumar verib yaratdığı saysız barelyef, qorelyef, büst, heykəl, eskiz, bəzisi sınmış, bəzisi heç vaxt tamaşaçı, küçə, meydan vüsalına yetməyəsi fiqur və abidələri müşahidə etməkdə.
Qısaca tanışlıq ərzində mənə inanıb bel bağladığından, söhbətində “lazım olmayan” yerlərə də dil çalan sənətkar M.Ə.Sabirin Elmlər Akademiyası Rəyasət Heyəti binası yanındakı heykəlindən söhbət düşəndə gülümsündü. Dedi ki, bəli, əvvəl o heykəl ayaqüstü formada idi. Sonra... köhnə millətçi kişilərin “Sabiri də oturtdular!” dediyi o işin müəllifi mənəm...
Dedim, ən qədim sələflərinizdən olan Fərhadın heykəlini yaratmaq arzunuz da olubmu? Dedi, olub, amma heç vaxt heç kimə duyurmamışam. Bilirəm ki, desəm, deyəcəklər olar, amma mütləq, nəsə bir sovet ştrixi, bolşevik çaları ilə...
Söhbətimizin qaçaraq bir dəmində soruşdum ki, niyə bu Qırat, Dürat xalqının paytaxtında bir at heykəli yoxdur? Sözünün canı bu oldu ki, “...o atı minib İran-Turana atlanmaq xəyallarımızın qarşısının alınması üçün...”
Stolun üstündəki saata baxıb gördüm “Xəbərlər” proqramının başlanmasına 3 saatdan da az qalır - əlbəəl bu dövran mükaliməsindən keçdim o dövrün şablon ekran müsahibəsinə. Elə müsahibələrə isə nə vardı ki; sən nəsə de, qoy o da nə deyir-desin (məsələnin çətinliyi bir bunda idi ki, “qoy nə deyir-desin” deyən təkcə o, ayrı-ayrı “o”lar deyildi, bütün onlar idi)!..
Nə qaldı...
Təkcə onun haqqında deyiləsilərdən yox, həm ondan - Cəlal Qaryağdı sənətkarımızdan bizə nə qaldı? Nüvəsində tər-təmiz bizlik - özgür-özümüzlük olan çox şey. Əvvəla, onun yaşadığı ciddi, “köhnə kişilər” sifət-siqlətli ömrü, şəxsiyyəti, 15 yaşında Azərbaycan Rəssamlıq Texnikumunu, 20 yaşında Tbilisi Rəssamlıq Akademiyasını bitirməsi, 22 yaşında mükafata layiq görülən üç büst, beş barelyef yaratmasının özü bir fenomenal sənətkar nümunəsidir. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun, böyük alim Yusif Məmmədəliyevin abidələri, dahi Qara Qarayevin, Fikrət Əmirovun büstləri, dillər əzbəri Səməd Vurğunun qəbirüstü abidəsi onun o vaxtkı müsahibəmizdə danışmağa çətinlik çəkdiyi “əsərsiz” əsərlərindən fərqli olaraq, yüzillərlə ucadan və qürurla danışacaqlar. Nizami muzeyinin qərb fasadı lojasındakı monumental işi - Molla Pənah Vaqifin son dərəcə lirik, şairanə heykəli isə, tək elə “Xumar-xumar baxmaq göz qaydasıdır” kimi misralar yox, həm də müqəyyəd “usta-usta yonmaq, yapmaq ustad əl qaydasıdır!” kimi öygü nidaları da dalğalandıracaq...
Tahir Abbaslı