Azərbaycan teatrı xalqın mənəvi təkamülündə, estetik dünyagörüşünün formalaşmasında böyük rol oynamış görkəmli sənətkarlar yetişdirib. Belə səhnə ustalarından biri respublikanın ilk Xalq artisti adına layiq görülmüş Hacıağa Abbasov olub.
   
   Hacıağa Mütəllib oğlu Abbasov 1888-ci ildə Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub. İlk təhsilini rus-tatar məktəbində alıb. Sonra təhsilini görkəmli ziyalı, maarifçi Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadənin açdığı özəl rus-müsəlman məktəbində davam etdirib. Burada böyük teatr xadimi Hüseyn Ərəblinski ilə görüşür. Bu görüşün onun gələcək həyatına böyük təsiri olur. Səhnə fəaliyyətinə 1905-ci ildə başlayır. Debütü M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsərində Molla İbrahimxəlil rolu olur.
   1906-cı ildə Port-Petrovskda (indiki Mahaçqala) təhsilini davam etdirir. Burada azərbaycanlılardan ibarət teatr truppası yaradır. Bir neçə il sonra bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Bunyaksk rayonu) teatra çevirir. 1909-cu ilin axırlarında Bakıya dönür. Müsəlman Artistləri Cəmiyyəti İttifaqının “Nicat”, “Həmiyyət” teatr truppalarında, sonra “Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” adlı teatr truppasında fəaliyyətini davam etdirir. Bütün bunlarla bərabər, o, Balaxanı kənd məktəbində Mirzə Ələkbər Sabirlə birlikdə dərs deyir.
   Onu da deyək ki, H.Abbasov rus dilini mükəmməl bilib. Bu səbəbdən rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoyun yaradıcılığına maraq göstərib, onun əsərlərini tərcümə edib və tamaşaya qoyub. Böyük rus ədibinin yaradıcılığına intəhasız maraq onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə aparır. O, ədiblə yaxından tanış olub. H.Abbasov bu barədə xatirələrində yazır: "Mən böyük ədibə Azərbaycan oxucuları tərəfindən çox sevildiyini dedim. O, xeyli məmnun oldu. Biz ayrılarkən “Hərb və sülh" kitabına "Yadigar üçün L.N.Tolstoydan" sözlərini yazıb, mənə bağışladı”.
   Bu görkəmli sənətkarın səhnə fəaliyyətinin müəyyən bir dövrü rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlı olub. 1921-ci il noyabrın 13-də teatrın açılışında dövlət və mədəniyyət xadimləri - Nəriman Nərimanov, rus rejissoru Konstantin Stanislavski, memar Zivər bəy Əhmədbəyov, rəssam Əzim Əzimzadə, yazıçı Məmməd Səid Ordubadi iştirak ediblər. H.Abbasov teatrın səhnəsində müxtəlif ədiblərin əsərləri ilə yanaşı, özünün yazdığı pyesləri də tamaşaya qoyub. Dünya və rus dramaturqlarının əsərlərini tərcümə etməklə yanaşı, dramaturgiya sahəsində də öz qələmini sınayıb. O, “Bakının fəthi”, “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi”, “Rus macərası” kimi maraqlı pyeslərin müəllifidir. “Sabirin məhkəməsi” pyesində o, böyük satirikin kəşməkəşli həyatını təsvir edib. Əsər haqqında H.Abbasov yazır: "1923-cü ildə mən Sabirlə işlədiyim günlərin xatirinə “Sabirin məhkəməsi" adlı kiçik pyes yazdım. Pyes o vaxt Tənqid-Təbliğ Teatrında, Bakı fəhlə klublarında bir müddət müvəffəqiyyətlə oynanıldı. Bu, mənim müəllim yoldaşım olan böyük şairə kiçik bir hədiyyəm idi".
   O, teatr kollektivi ilə tez-tez Bakı kəndlərində tamaşalar göstərir. Teatrın səhnəsində özünün ən çox sevdiyi Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə) rolunu əlli dəfədən çox oynayır. 1975-ci ildə “Ulduz” jurnalının 5-ci sayında dərc etdirdiyi məqaləsində yazır: “Bu obraz mənim ifamda Mirzə Cəlilin çox xoşuna gəlirdi”.
   Görkəmli aktyor həm də maarif fədaisi olub. Mövhumatın güclü olduğu kəndlərdə məktəblərin açılması, qızların məktəbə cəlb olunması işində fəal iştirak edib. Həmin maarif ocaqlarından biri də onun doğma Maştağa kəndində yaratdığı məktəb olur. Böyük Vətən müharibəsi illərində respublika Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsində çalışır. Qazax, Şamaxı, Göyçay, Zaqatala və Bərdədə teatrların yaradılması məsələsində böyük səy göstərir. O, Azərbaycanı kənd-kənd gəzir, istedadlı gəncləri arayıb üzə çıxarır və onların ali təhsil alması üçün çox çalışır. Adil İsgəndərovu məhz o, Gəncədən Bakıya gətirir, onun Moskvaya oxumağa göndərilməsinə nail olub.
   H.Abbasov 1927-ci ildə indiki Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin olunur. İlk gündən özünü bacarıqlı mədəniyyət xadimi kimi göstərir. Mustafa Mərdanov, Möhsün Sənani, İsmayıl Osmanlı kimi istedadlı aktyorları Gürcüstandan Bakıya dəvət edir. Azərbaycan teatrında yeni aktyor nəslinin formalaşmasına xüsusi diqqət göstərir. Bu keyfiyyətləri nəzərə alınaraq az sonra Bakı Teatr Texnikumuna rəhbər (1927-1937) təyin edilir. O, ilk növbədə, teatrı bacarıqlı rejissor və aktyorlarla təmin etmək qayğısına qalır. Bu illərdə Azərbaycan səhnəsi üçün böyük bir aktyor nəsli yetişir. Onların bir çoxu - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı təkcə Azərbaycanda deyil, Sovet İttifaqı məkanında tanınan sənətkarlar olurlar. Bütün bu xidmətlərinə görə Hacağa Abbasov 1932-ci ildə Azərbaycanın Xalq artisti adına layiq görülür.
   H.Abbasov teatr səhnəsində bir-birindən gözəl obrazlar yaradıb: M.F.Axunzadənin “Hacı Qara” komediyasında Hacı Qara, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində Hacı Qəmbər, Nəriman Nərimanovun “Nadir Şah” əsərində Mirzə Mehdi xan, “Şamdan bəy”də Şamdan bəy, Şəmsəddin Saminin “Dəmirçi Gavə” əsərində Qubad, Nikolay Qoqolun “Müfəttiş” əsərində Osip və s.
   Mədəniyyət sahəsində böyük xidmətlərinə rəğmən, görkəmli sənətkarın ömür yolu təlatümsüz keçməyib. 1937-ci ilin qara yelləri onu da vurur. Orta Asiyada məcburi sürgün həyatı yaşayır. O, orada da əlini əlinin üstünə qoyub oturmur. Səhnə fəaliyyətini davam etdirir. Teatr truppaları və dərnəklər yaradır...
   Xalq artisti Hacıağa Abbasov uzun ömür yaşayıb. 1975-ci ildə, 87 yaşında Bakıda vəfat edib.
   
   Savalan Fərəcov