Azərbaycan
   
   10 avqust 1913 - Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 - 6.10.1992) anadan olub. Opera tamaşalarının («Leyli və Məcnun», «Koroğlu»), bir sıra filmlərin (“Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Əhməd haradadır?”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub.
   10 avqust 1936 - Yazıçı, şair, filosof Əlisa Nicat (Əlisa Qulam oğlu Hüseynov) Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. “Qızılbaşlar”, “Gəncəli müdrik” romanlarının, “Zərdüşt”, “Sasanilərin sonu” və s. tarixi əsərlərin, “Ruhların söhbəti”, “Dünya tarixçiləri”, “Yüz böyük azərbaycanlı”, “Tarixin qürubu” və s. kitabların müəllifidir. Azərbaycan ədəbiyyatında pritça janrının ustadıdır.
   10 avqust 1939 - Şair Zəki İslam (Yusifov) Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan olub. Aşıq şeirlərinin, dini şeir və poemaların müəllifidir.
   10 avqust 1946 - Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 - 15.12.1995) anadan olub.
   10 avqust 1949 - Xalq artisti, Prezident təqaüdçüsü Qəndab Həbib qızı Quliyeva Füzuli rayonunun Dilağarda kəndində anadan olub. Xalq mahnıları və muğamların mahir ifaçısıdır. Opera tamaşalarında Leyli, Əsli, ("Leyli və Məcnun", "Əsli və Kərəm"; Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyli) və s. partiyaları ifa edib.
   
   11 avqust 1973 - Şair, dramaturq Zeynal Rza oğlu Xəlil (23.3.1914, Gəncə - 1973) vəfat edib. “Düşüncələr”, “İki dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və s. şeir kitablarının, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Qatır Məmməd”, “Gənc ustalar” pyeslərinin müəllifidir. “Qatır Məmməd” pyesinin motivləri əsasında eyniadlı film çəkilib. Rus dilindən tərcümələr edib.
   
   12 avqust 1880 - Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880-1931) anadan olub.
   12 avqust 1921 - Görkəmli yazıçı Ələviyyə Hənifə qızı Babayeva anadan olub. "Mənim müəllimim", "Kənd yolları", “Sehrli pillələr" və s. kitabların, "Adamlar və talelər", “Haradasan dost, harada”, “Bəlkə, sabah olmadı”, “Səni axtarıram”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir. Uşaq və gənclərin həyatından bəhs edən əsərləri müxtəlif dillərə tərcümə olunub.
   12 avqust 1923 - Xalq rəssamı, tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) anadan olub.
   12 avqust 1926 - Xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 - 3.4.2007) anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s. Respublika Dövlət mükafatı (1976), "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.
   12 avqust 1942 - Tarixçi, jurnalist və publisist Şəmistan Nəzərli anadan olub. Azərbaycanın hərb tarixi, tanınmış azərbaycanlı generalların həyatına dair kitabların müəllifidir.
   12 avqust 1943 - Ədəbiyyatşünas İntiqam Böyükağa oğlu Qasımzadə Şuşa şəhərində doğulub. "Bayatı" ədəbi televiziya almanaxının müəllifi olub, "Azərbaycan" jurnalının baş redaktorudur (1997-ci ildən). Rus dilindən tərcümələr edir. Ssenarisi əsasında bir neçə cizgi filmi və sənədli film çəkilib.
   12 avqust 1954 - Filologiya elmləri doktoru, professor, yazıçı-publisist, Əməkdar incəsənət xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Baba oğlu Hüseynov anadan olub. “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa” və s. populyar kitabların, dərslik və monoqrafiyaların müəllifidir. AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatıdır.
   12 avqust 1967 - Əməkdar artist, Prezident mükafatçısı Mehriban Aslan qızı Xanlarova Bakıda anadan olub. Akademik Milli Dram Teatrının aktrisasıdır. “Qəzəlxan", “Sahilsiz gecə”, “Məhkumlar” və s. filmlərdə çəkilib.
   
   13 avqust 1941 - Xalq artisti, tanınmış müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1957-ci ildə Hindistanın baş naziri C.Nehrunun dəvəti ilə bu ölkəyə gedib, üç il orada hind rəqs sənətini, hind mahnılarını öyrənib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.
   13 avqust 1947 - Tanınmış rejissor, Xalq artisti Azər Paşa Zəfər oğlu Nemətov anadan olub. 70-80-ci illərdə Gənc Tamaşaçılar Teatrında işləyib, bir müddət Sankt-Peterburqda çalışıb. 1990-cı ildən Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayıb. Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir.
   13 avqust 1962 - Populyar müğənni Şəbnəm İlyas qızı Tapdıq anadan olub.
   
   14 avqust 1923 - Görkəmli ədəbiyyatşünas alim, akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 - 20.1.2006) anadan olub. “Abbas Səhhət”, “Qorki və Azərbaycan”, “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” (1986-cı ildə Respublika Dövlət mükafatına layiq görülüb) və s. monoqrafiya və kitabların müəllifidir.
   14 avqust 1940 - Yazıçı Asif Akif oğlu Əliyev (1940 - 8.9.2001) anadan olub.
   14 avqust 1948 - Şair, nasir Qəşəm İsa oğlu İsabəyli Kürdəmirin Xəlsə kəndində doğulub. “Bir qarıyla bir qoca”, “Bir qəlbin məhəbbət etirafları” və s. kitabların müəllifidir.
   14 avqust 1953 - Əməkdar artist Əjdər Qüdrət oğlu Həmidov Şabran rayonunun Aygünlü kəndində anadan olub. Sumqayıt Musiqili Dram Teatrında çalışıb, 1990-cı ildən Milli Dram Teatrının aktyorudur. "Kişi sözü" (Qasım), “Girişmə, öldürər!” (Əjdər), "Lətifə" (Əhməd), “Milli bomba” (Məmməd) filmlərində çəkilib.
   14 avqust 1957 - Xalq artisti, dünya şöhrətli xanəndə Alim Həmzə oğlu Qasımov Şamaxıda anadan olub. Opera və Balet Teatrının səhnəsində Məcnun (“Leyli və Məcnun”) və Kərəm (“Aşıq Kərəm”) partiyalarını ifa edib. Bir çox ölkələrdə konsertlərlə çıxış edərək Azərbaycan muğamını dünyaya tanıdıb. Festival və müsabiqələrin qalibi olub, UNESCO-nun musiqi mükafatını qazanıb. Azərbaycanın “Şöhrət” ordeninə (2007), mədəniyyət sahəsi üzrə Dövlət mükafatına (2010) layiq görülüb.
   
   Dünya
   
   10 avqust 1845 - Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845-1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət mənsur poema ədibin ən böyük əsəridir.
   10 avqust 1865 - Rus bəstəkarı Aleksandr Qlazunov (1865-1936) anadan olub. “Raymonda”, “İlin fəsilləri” baletlərinin müəllifidir.
   10 avqust 1895 - Məşhur rus şairi və yazıçısı Mixail Zoşenko (1895-1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.
   10 avqust 1902 - Kanada aktrisası Norma Şirer (Edith Norma Shearer, 1902-1983) anadan olub. “Oskar” mükafatı (“Boşanma”, 1930) laureatıdır.
   10 avqust 1912 - Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado, 1912-2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.
   10 avqust 1960 - İspaniyalı aktyor, Hollivud ulduzu Antonio Banderas (Jose Antonio Dominguez Bandera) anadan olub. Filmləri: “Mambo kralları”, “Muzdlu qatillər”, “Evita”, “Zorronun maskası”, “Tale qadını” və s.
   10 avqust 1960 - Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960-3.5.2000) anadan olub. Azərbaycan tamaşaçılarına Vaqif Mustafayevin «Yaramaz» filmindən (Hətəm) tanışdır. Rusiyada “Pasport”, “Deribasov küçəsində hava yaxşıdır” və s. filmlərdə çəkilib.
   
   11 avqust 1748 - Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster, 1748-1812) anadan olub.
   11 avqust 1921 - Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı dünyanın 40-dək dilinə tərcümə olunaraq yazıçıya şöhrət qazandırıb.
   11 avqust 1947 - Amerika kinorejissoru və ssenaristi Stüart Qordon (Stuart Gordon) anadan olub. Filmləri: “Robot Coks”, “Kosmosa yükdaşıyanlar” və s.
   
   12 avqust Beynəlxalq Gənclər Günüdür (International Youth Day). 1998-ci ilin 8-12 avqustunda Lissabonda (Portuqaliya) keçirilmiş dünya gənclər nazirlərinin I toplantısının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1999) təsis edilib.
   12 avqust 1866 - İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Xasinto Benavente-i-Martines (Jacinto Benavente Martinez, 1866-1954) anadan olub. "Məşhur adamlar", "Qubernatorun xanımı", "Şənbə gecəsi", "Yaxşı məhəbbətin dərsləri" və s. pyeslərin müəllifidir.
   12 avqust 1881 - Amerika rejissoru, «Paramaunt pikçerz» kinoşirkətinin qurucusu Sesil Blaunt de Mill (Cecil Blount de Mille; 1881-1959) anadan olub.
   12 avqust 1907 - Rus kinorejissoru Aleksandr Stolper (1907-1979) anadan olub. Filmləri: “Bizim şəhərli oğlan”, “Əsl insan haqqında povest” və s.
   12 avqust 1955 - Görkəmli alman (yəhudi əsilli) yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 6.6.1875 - 1955) vəfat edib. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s.
   
   13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner, 1655-1707) anadan olub.
   13 avqust 1899 - Məşhur Amerika rejissoru, bir neçə dəfə «Oskar» mükafatı laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.
   13 avqust 1907 - Rus aktrisası, SSRİ Xalq artisti Tamara Makarova (1907-1997) anadan olub. Filmləri: “Yeddi cəsur”, “Gənc qvardiya”, “Pyotrun gəncliyi” və s.
   
   14 avqust 1866 - Rus yazıçısı, şair, ədəbiyyatşünas, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizmin banilərindən biri, tarixi-fəlsəfi roman janrının yaradıcısıdır: “Xristos və Antixrist” trilogiyası və s. 1919-cu ildən mühacirətdə yaşayıb.
   14 avqust 1867 - İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (1867-1933) anadan olub. Məşhur “Forsaytlar haqqında saqa” trilogiyasının, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.
   14 avqust 1945 - Alman rejissoru Vim Venders (Wilhelm Ernst Wenders) anadan olub. Filmləri: “Paris-Texas” (Kann kinofestivalının baş mükafatı, 1984), “Lissabon tarixi”, “Berlin üzərində səma” və s.
   
   Hazırladı: Vüqar Orxan