İfaçılıq sənətimiz
   
   İfaçılıq sənətimizin tarixinə nəzər salarkən bu sahədə iz qoyan, daima hörmətlə xatırlanan sənətkarların adlarına rast gəlirik. Onlardan biri də Ələkbər Əsgərovdur.
   
   Ustad sənətkar nəfəsli alətlərin bir çoxunda - milli alətlərimiz olan zurnada, balabanda, neydə, musiqimizdə doğmalaşmış klarnetdə peşəkarlıqla və məharətlə ifa etməyi bacarırdı. Deyirlər ki, sənətkarın çalğısındakı gəzişmələr və improvizasiyalar bədahətən olardı. Hətta özü də etdiyi improvizasiyaları ikinci dəfə təkrarlaya bilməzmiş. O, nəfəs alətləri ifaçılığında məktəb yaradan şəxslərdən biri olmuşdur. Onun davamçıları bu gün respublikamızın tanınmış ifaçılarıdır.
   Ələkbər Əsgərov 1933-cü ildə Bakıda anadan olmuşdur. Musiqi qabiliyyəti ona Allah vergisi idi. Çünki uşaq yaşlarından heç bir məktəb keçmədən ifa etməyi bacarırdı. 11 yaşında ikən toy və el şənliklərində çıxış etməyə başlayır. İlk addımlarından sənətkarların diqqətini cəlb edir. Musiqi savadı olmayan, amma çox gözəl ifaçılıq bacarığına malik gənci 1951-ci ildə Musiqili Komediya Teatrının xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Xalq artisti, ilk qadın müğənnilərimizdən biri Həqiqət Rzayevanın rəhbərlik etdiyi ansambla dəvət edirlər.
   Artıq gözəl ifaçı kimi tanınmasına rəğmən o, musiqi təhsili almaq məqsədilə 1957-ci ildə A.Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Az sonra görkəmli sənətkarlar Əhməd Bakıxanov və Səid Rüstəmovun rəhbərlik etdikləri xalq çalğı alətləri ansambllarına dəvət alır. Sənətkar müxtəlif illərdə ustad xanəndəmiz Əlibaba Məmmədovun rəhbərlik etdiyi “Humayun” ansamblında da çalışmışdır. Xalq artisti Əlibaba Məmmədov onun haqqında xatirələrində bunları söyləyir: “Ələkbər Əsgərovu gənc yaşlarından tanıyırdım. Çox gözəl sənətkar idi və onun sənətinə həmişə çox böyük hörmətim olub. El şənliklərində, konsertlərdə tez-tez rastlaşardıq və bu mütəmadi görüşlər nəticəsində bizim dostluğumuz yarandı. 1968-ci ildə mən “Humayun” ansamblını yaradanda onu kollektivə dəvət etdim. Bizim kollektivdə çalışdığı beş il müddətində onunla bir çox qastrol səfərlərində, bölgələrimizdə konsert proqramları ilə çıxışlar etdik. Tamaşaçılar hər zaman onun solo ifasını gözləyirdilər. Böyük sənətkar idi”.
   Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Nəriman Əzimovun da Ələkbər Əsgərov haqqında maraqlı xatirələri var: “Elə sənətkarlar var ki, onlar heç vaxt unudulmur, musiqisevərlərin və xalqın qəlbində əbədi yaşayır. Ələkbər Əsgərovla tanışlığımız 1957-1958-ci illərə təsadüf edir. Hər ikimiz Səid Rüstəmovun təşkil etdiyi xalq çalğı alətləri orkestrində çalışırdıq. O, orkestrin ən gözəl solistlərindən biri idi. Yaxşı yadımdadır, 1959-cu ildə Moskvada keçiriləcək dekadaya hazırlaşırdıq. S.Rüstəmov respublikanın ən istedadlı ifaçılarını orkestrə toplamışdı. Onların arasında Əhsən Dadaşov, Baba Salahov kimi görkəmli sənətkarlarla bərabər, Ələkbər Əsgərov da var idi. Həmin dövrdə o, gənc və istedadlı ifaçı kimi şöhrət qazanmışdı. Neydə, balabanda, klarnetdə ifa edəndə hər alətin özünəməxsus sirr və gözəlliyini dinləyiciyə çatdıra bilirdi. Öz sənətini sevən və sənətinin ustadı olan ifaçı idi. Klarnetdə Ü.Hacıbəylinin “Sevgili canan”, “Sənsiz”, balabanda S.Rüstəmovun “Sənindir”, tütəkdə isə böyük bir improvizasiya ilə çaldığı əsərləri dinləyəndə bunun şahidi oluruq. Ney kimi çətin aləti xalq alətləri orkestrinə gətirib, yerini püxtələşdirən də Ələkbər Əsgərov olmuşdur.
   Mərhum ifaçının qızı, hazırda Azərbaycan Milli Konservatoriyasında pedaqoq kimi fəaliyyət göstərən Mahirə Quliyeva atası haqqında xatirələrini bizimlə bölüşdü: “Atam haqqında çoxlu xoş xatirələrim var. Bu gün mənim musiqi sahəsində olmağımda da, əlbəttə ki, atamın böyük rolu olub. Yadımdadır, evimiz həmişə qonaq-qaralı olardı. Həbib Bayramov ailəsi ilə birlikdə, Rəşid Behbudov, Şövkət Ələkbərova, Elmira Rəhimova, Əlibaba Məmmədov mütəmadi olaraq evimizin qonağı olar, qastrollar və sənət barədə söhbətlər edərdilər. Atamın ən yaxın dostlarından biri də ölməz sənətkarımız Süleyman Ələsgərovun oğlanları Arzu və Eyyub olub. Dəfələrlə onların evimizdə sənət, musiqi barədə atamla söhbətlər apardıqlarının şahidi olmuşam. Atamın tələbələri də çoxdur. Bu gün Qulammirzə Mirzəyevi, Hakim Abdullayevi atamın davamçıları hesab etmək olar. Rəhmətlik Vəli Qədimov da hər zaman atamla məsləhətləşərdi.
   Onu da qeyd edim ki, atamın musiqidən savayı digər bir sevimli məşğuliyyəti dünya xalqlarının dillərinə olan marağı idi. O, ərəb, fars dillərini öyrənirdi.
   Yeri gəlmişkən, hələ SSRİ dövründə atama Ərəbistanda işləmək təklif edilsə də, o, təklifi qəbul etməmişdi.
   Deyilənlərə görə, atamın xüsusiyyətlərindən biri də onun konsertlər zamanı hər bəstəkarı öz musiqisi ilə salamlaması olub. Yəni orkestr hansı müəllifin əsərini ifa edəcəkmişsə, həmin bəstəkarın digər əsərindən kiçik bir parça ifa edərmiş. Bu həm tamaşaçıların, həm də müəlliflərin çox xoşlarına gələrmiş. Görkəmli bəstəkarımız Fikrət Əmirov da atamın bu təqdimatını bəyənər və bunu atamın musiqi savadının yüksək olması kimi dəyərləndirərdi. Alətləri seçərkən çox diqqətli olardı. Onların hazırlanmasında bəzən özü də iştirak edərdi. Balaban və ney kimi alətləri hazırlayan bacarıqlı usta Məmmədnaib Hacıyevlə hər bir aləti kiçik detallarına qədər diqqətlə nəzərdən keçirərdilər. Bəlkə elə bu səbəbdən də onun alətlərinin səslənməsi tam fərqlidir. Həmin alətləri bu gün atamın yolunu davam etdirən qardaşım ifa edir. Hazırda o, Rusiyada yaşayır və sənətini orada davam etdirir”.
   Ələkbər Əsgərov 1966-cı ildən ömrünün sonunadək Sumqayıt Musiqi Texnikumunda balaban sinfində müəllim işləmişdir. Eyni zamanda 1973-cü ildə ölməz sənətkarımız Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivlə keçmiş SSRİ-nin respublikalarında, dünyanın bir çox ölkələrində qastrol səfərlərində olur. Sənət dostlarının xatirələrində deyilir ki, bu konsertlər zamanı Ələkbər Əsgərov milli nəfəs alətlərimizdə möhtəşəm ifası ilə tamaşaçıları heyran edərmiş. 1984-cü ildə sənətkar uzunmüddətli və səmərəli fəaliyyətinə görə SSRİ Ali Soveti tərəfindən “Əmək veteranı” medalı ilə təltif edilir.
   Ömrünün son illərində Ələkbər Əsgərov Sumqayıt Musiqi Texnikumunun müəllimlərindən ibarət "Dügah" folklor ansamblını yaradır. Ansambl öz alət tərkibinə, repertuar və ifa üslubuna görə bütün respublikada yeganə kollektiv idi. Sənətkarın ifa etdiyi “Şur", “Rast", “Segah", “Çahargah", “Humayun", “Rahab", “Bayatı-Şiraz" və s. muğamlar, “Vağzalı", "Tərəkəmə", “Uzundərə” və s. xalq rəqsləri, habelə özünün bəstələdiyi “Maralı", "Natəvanı" və s. oyun havaları və "Dügah" folklor ansamblının lent yazıları bu gün Azərbaycan Televiziyası və Radiosunun “qızıl fond”unda qorunub saxlanılır.

   Lalə Azəri