Azərbaycan
   
   17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev (1942-25.10. 2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, 1969-cu ildə Sopotda (Polşa) beynəlxalq mahnı festivalının qalibi olub. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Populyar mahnıların, o cümlədən Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” (“Baharlı yurdum”) mahnısının müəllifidir. Rejissor Eldar Quliyevin “Nizami” filmində baş rola çəkilib, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” filmlərinə musiqi yazıb. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib.
   17 avqust 1948 - Xalq artisti, tanınmış müğənni İlhamə Quliyeva anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının, Qastrol-Konsert Birliyinin solisti olub. "Şöhrət" ordeni ilə təltif edilib.
   17 avqust 1950 - Tanınmış aktyor, Əməkdar artist Ənvər Həsənov Bakıda doğulub. Kinoda yaddaqalan obrazlar yaradıb. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.
   17 avqust 1950 - Əməkdar artist Cəfər Namiq Kamal (Əhmədov) Bakıda anadan olub. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında maraqlı rollar oynayıb. “Yalan”, “Yük”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
   
   18 avqust 1946 - Ədəbiyyatşünas alim, türkoloq, professor Kamil Vəli Nərimanoğlu Cəbrayıl rayonunda anadan olub. BDU-da kafedra müdiri işləyib. 1990-cı ildən Türkiyədə, Şimali Kiprdə universitetlərdə çalışır. Türk Dil Qurumunun üzvüdür. 40-dək kitabın müəllifidir.
   18 avqust 1991 - Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 - 1991) vəfat edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarının müəllifidir.
   18 avqust 2006 - Prezident İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.
   
   19 avqust 1901 - Görkəmli aktyor, rejissor, teatr xadimi, Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901- 11.11.1951) anadan olub. Opera və Balet Teatrında "Koroğlu", "Arşın mal alan" tamaşalarını səhnələşdirib. İlk milli baletimiz olan "Qız qalası"nın (bəstəkar - Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. "Qız qalası", "Almaz", "Altıncı duyğu" filmlərində çəkilib.
   19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 - 13.7.2001) Qazax rayonunun Musaköy kəndində doğulub. "Məhəbbət", "Əlcəzairli qız", "Partizan Aliyə", "Ana ürəyi", "Məhəbbətin göz yaşları" poemalarının, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və s. kitabların müəllifidir. Nizaminin, Nəvainin (fars dilindən), eləcə də rus şairlərinin əsərlərini dilimizə tərcümə edib. «İstiqlal» ordeni ilə təltif edilib.
   19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas, pedaqoq Lyudmila Karagiçeva-Bretanitskaya anadan olub. Qara Qarayev, Fikrət Əmirov və digər bəstəkarların yaradıcılığına dair elmi-tədqiqat əsərlərinin müəllifidir.
   
   20 avqust 1901 - Məşhur xanəndə, böyük muğam ustadı, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Geniş diapazonlu, gur və məlahətli səsi ilə şöhrət qazanıb. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. mahnı və təsniflərin müəllifidir.
   20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov, 1912 - 2.8.1984) anadan olub. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
   20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri Aydın Çingiz oğlu Qaradağlı (1929 - 28.1.1980) anadan olub. 1946-cı ildən radioda çalışıb. Diktorlar arasında ilk dəfə Əməkdar artist adına layiq görülüb.
   
   21 avqust 1930 - Tanınmış ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatları laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930-15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
   
   22 avqust 1921 - Xalq artisti, musiqişünas, professor Adilə Məmmədova anadan olub. Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir.
   
   23 avqust 1922 - Tarixçi alim, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922-6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru (1953-1958 və 1967-1969) işləyib.
   23 avqust 1990 - Məşhur saz-söz ustadı Aşıq Əkbər (Əkbər Zərbalı oğlu Cəfərov, 1933, Tovuz, Bozalqanlı - 1990) vəfat edib. “Leyli və Məftun” dastanının,. məşhur gəraylı, qoşma, təcnislərin (“Dağlar”, “Bənövşələr”, “Doymaq olmaz”, “İstərəm” və s.) müəllifidir.
   
   Dünya
   
   17 avqust 1935 - Aktyor, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edir. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “Baharın on yeddi anı”, “D’Artanyan və üç muşketyor” və s.
   17 avqust 1943 - Amerika aktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”, “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.
   17 avqust 1960 - Amerika kinoaktyoru Şon Penn (Sean Justin Penn) anadan olub. Filmləri: “Karlitoya yol”, “Sirli çay” (“Oskar” mükafatı, 2004), “Harvi Milk” (“Oskar”, 2009) və s.
   
   18 avqust 1750 - İtalyan əsilli Avstriya bəstəkarı Antonio Salyeri (1750-1825) anadan olub. Tarixdə musiqi əsərlərindən daha çox dahi bəstəkar V.A.Motsartla düşmənçiliyi ilə yadda qalıb.
   18 avqust 1850 - Böyük fransız yazıçısı Onore de Balzak (Honore de Balzac 20.5.1799 - 1850) vəfat edib. “Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
   18 avqust 1933 - Polyak (yəhudi) əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann festivalının qalibi və “Oskar” laureatı), “Dalan” (Berlin festivalının qalibi) və s.
   18 avqust 1937 - Amerika rejissoru və aktyoru Robert Redford (Charles Robert Redford) anadan olub. “Adi adamlar” filminin rejissoru kimi “Oskar” qazanıb. Çəkildiyi filmlər: “Brubeyker”, “Ədəbsiz təklif” və s.
   
   19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizmin banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” romanlarının müəllifidir.
   19 avqust 1909 - Polyak yazıçısı, dissident Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz” (həmçinin eyniadlı filmin ssenari müəllifi).
   19 avqust 1915 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867, İstanbul - 1915) vəfat edib.
   19 avqust 1936 - Məşhur ispan şairi və dramaturqu Federiko Qarsia Lorka (1898-1936) vəfat edib. Pyesləri: “Publika”, “Beş il keçəndən sonra”, “Qanlı toy”, “Bernarda Albanın evi”.
   19 avqust 1951 - Tanınmış rus aktyoru Vladimir Konkin anadan olub. Filmləri: “Polad necə bərkidi” (Pavel Korçaqin), “Görüş yerini dəyişmək olmaz” (Şarapov).
   
   20 avqust 1847 - Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.
   20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1959) laureatı Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.
   20 avqust 1905 - Yapon kinorejissoru Mikio Naruse (1905-1969) anadan olub. Filmləri: “Ana”, “Üzən buludlar” və s.
   20 avqust 1937 - Rus kinorejissoru və ssenaristi Andrey Mixalkov-Konçalovski anadan olub. 80-ci illərdən Amerikada yaşayıb. Filmləri: “Asya Klyaçinanın əhvalatı”, “Sibiriada”, “Mariyanın sevgililəri”, “Tanqo və Keş” (ABŞ) və s.
   
   21 avqust 1913 - Rus yazıçısı və dramaturqu Viktor Rozov (1913-2004) anadan olub. Dramaturqun “Ədəbi yaşayanlar” pyesi əsasında çəkilmiş “Durnalar uçur” filmi Kann festivalının qalibi olmuş (1958) yeganə sovet filmidir.
   21 avqust 1925 - Fransız rejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.
   21 avqust 1929 - Latış aktrisası, SSRİ Xalq artisti Viya Artmane (Vija Artmane; 1929-2008) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Edqar və Kristina”, “Robin Qudun oxları” və s.
   21 avqust 1997 - Görkəmli rus aktyoru Yuri Nikulin (18.12.1921 - 1997) vəfat edib. Uzun illər Moskva Sirkinə rəhbərlik edib. Çəkildiyi filmlər: “I” əməliyyatı”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s.
   
   22 avqust 1862 - Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.
   22 avqust 1920 - Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920-6.6.2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.
   22 avqust 1999 - Rus aktyoru Aleksandr Demyanenko (30.5.1937 - 1999) vəfat edib. “Qafqaz əsiri”, “I əməliyyatı”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. populyar komediya filmlərində çəkilib.
   
   23 avqust 1851 - Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” tarixi romanların müəllifidir.
   23 avqust 1880 - Rus yazıçısı Aleksandr Qrin (əsl adı Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.
   23 avqust 1912 - Amerika aktyoru, müğənni və kinorejissor Cin Kelli (Gene Kelly; 1912-1996) anadan olub. Filmləri: “Amerikalı Parisdə”, “Yağış altında rəqs edənlər” (aktyor və rejissor).
   
   Hazırladı: Vüqar Orxan