Azərbaycan
   
   4 sentyabr 2003 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921-2003) vəfat edib. "Aləmdə səsim var mənim" (S.Ə.Şirvani haqqında), "Yad et məni" (A.Səhhət), "Bakı-1501" (Xətai) və s. romanların müəllifidir. "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.
   5 sentyabr 1892 - Məşhur tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892-26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda onun adını daşıyır) olub. “Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kitablarının müəllifidir.
   5 sentyabr 1935 - Xalq artisti, görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan anadan olub. Musiqili Komediya və Akademik Milli Dram teatrlarında (məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”) və s.) çalışıb. Televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”), filmlərdə (“Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam”) bənzərsiz obrazlar qalereyası yaradıb.
   5 sentyabr 1944- Şair, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Hidayət Xuduş oğlu Orucov Qərbi Azərbaycanda, Zəngəzurun Maralzəmi kəndində doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edib. Azərbaycan Respublikasının milli məsələlər üzrə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyib. 30-dan çox kitabı nəşr olunub: «Zirvə çağırır», «İrəvanda xal qalmadı», «Həsrət», «Sözün vaxtı», «Burdan min atlı keçdi» və s.   
    5 sentyabr 2007 - Aktyor Şahin Cəbrayılov (29.10.1949 -2007) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”), filmlərdə (“Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”) maraqlı obrazlar yaradıb.    

   Dünya
   
   4 sentyabr 973 - Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 - 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.
   4 sentyabr 1768 - Fransız yazıçısı Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand, 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Rene və ya ehtirasların nəticəsi” romanlarının müəllifidir.
   4 sentyabr 1791 - Alman bəstəkarı Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub. Böyük həcmli operaların müəllifi kimi tanınıb: “Robert-şeytan”, “Quqenotlar” və s.
   4 sentyabr 1904 - Fransız kinorejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi), “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.
   4 sentyabr 1913 - İtalyan rejissoru Renato Kastellani (Renato Castellani; 1913-1985) anadan olub. Filmləri: “Romeo və Cülyetta”, “Cüzeppe Verdi”, “Leonardo da Vinçinin həyatı” və s.
   4 sentyabr 1952 - Məşhur hind aktyoru Rişi Kapur (Rac Kapurun oğlu) anadan olub. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı”, “Qara şahzadə Acuba” (sovet-hind filmi) və s.
   
   5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
   5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” (roman), “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” (dramatik trilogiya) və s.
   5 sentyabr 1946 - Əslən iranlı məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Fredi Merkuri (Freddie Mercury - əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
   
   6 sentyabr 1860 - Amerika filosofu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
   6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib.
   
   Hazırladı: Vüqar Orxan