Çox rollar oynamış Cahangir Zeynalovun öz obrazı...
   
   Sovet dövrü publisistikasındakı ən dəb, brend təyin-“ayin”lə başladım bu yazıma. Amma “təyini söz birləşməsi”ndə o dövr mətbuatı üçün ideoloji dissidentliyə yol verdim: “fəhlə-kəndli”, “proletar”, “muzdur” əvəzinə, “tacir aydınlığı” yazdım...
   
   Hansı ki, o dövrdə nəinki həyat və fəaliyyətini, intəhasız maliyyə varidatını millət səhnəsinə həsr etmiş Zeynalabdin Tağıyevdən, hətta öz xırda ticarət və istedadını milli teatr səhnəsinə sərf etmiş Cahangir Zeynalovlardan da bəhs etməyə lilli bir yasaq yaşanırdı...
   Cahangir Zeynalov, vur-tut, ibtidai təhsil almışdı. Belə bir “ibtidai” faktdan sonra, sonralar mətbuatda, teatr-sənət oçerklərində yazılan “milli teatrımızın ilk peşəkar aktyorlarından biri”, “Azərbaycan realist aktyor məktəbinin banisi” kimi ali informasiyalar. Və ən sonda - bizim baxımımızca:
   
   “Peşəsiz” peşəkar!
   
   1865-ci ildə Bakıda doğulmuş, gilavar təbli, xəzri təbəddülatlı uşaqlıq çağları yaşamış, atasının peşə yoluna düşüb, tacirliyə başlamışdır.
   Rus və fars dillərini mükəmməl bilən Cahangir tay-tuşlarından geniş mütaliəsilə də seçilirmiş. Oğlanlara deyərmiş “gəlin teatro oynayaq”, qızlara tapşırarmış ki, siz də axırda bizə əl çalarsınız. Bir kərə o qızcığazlardan birinə də pıçıldayıb ki, əgər oyunum çox xoşuna gəlsə, üstündə oynadığım çəlləyə yaxınlaşıb, bu sarı donunun üstündəki qırmızı güllərdən birini verərsən mənə...
   Azərbaycanda hamı bilir ki, dahi aktrisa Nəsibə xanım Zeynalova Cahangir Zeynalovun qızıdır. Amma çox az adam xəbərdardır ki, Azərbaycan səhnəsində ilk qız rolunu C.Zeynalov oynayıb. Özü də 1885-ci ildə - iyirmi yaşında ikən. Bu, onun özünün də ilk rolu olub. Yeniyetmə Cahangir tək elə ticarət edib mədəsini doyurmaqla kifayətlənmir, gecə-gündüz mənəvi qida üçün də fikirləşirdi. Bakıda fəaliyyət göstərən məşhur aktyorlarla (Lanskoy, Aqriptseva, Şorşteyn və b.) yaxın əlaqələr yaradır, bu milyonçular şəhərinə gələn qastrol truppalarının tamaşalarına müntəzəm tamaşaçılıq edirdi. Böyük aktyor və sənət-mədəniyyət fədaisi bütün bunlar haqda, habelə nəzəri-təcrübi fikir və mülahizələrini traktat səpgili “Teatro dəftərçəsi”ndə də qeyd edib.
   Maddi cəhətdən geniş imkanları olan Cahangir Zeynalov təkcə daxilində çağlayan teatr-səhnə eşqinə görə yox, həm də öz ziyalılıq mahiyyətilə həyatın sənət, mədəniyyət sahəsinə bütün dövrlərçün nümunə olası sayğı və yardımlar edib, ağlı kəsəndən aktyorlara, sənət adamlarına əl tutub. Bununla kifayətlənməyən bu ibtidai təhsilli (!) böyük şəxsiyyət (!!!) indiki Şahmat klubunun yerində (Azərbaycan- Dilarə Əliyeva küçələrinin kəsişməsində) yerləşən evinin böyük bir zalını teatr-tamaşa məşqləri üçün ayırmışdı. Ciddi məbləğdə xərc çəkib, zalın baş tərəfində xüsusi zövqlə düzəltdirdiyi səhnədə dövrün və əbədi sənət tariximizin müqtədir aktyorları (Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Məhəmməd bəy Əlvəndi, Hacıağa Abbasov), müəllim və səhnə-mədəniyyət fədailəri (Bədəl bəy Bədəlbəyli, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov) dəfələrlə məşqlər etmiş, tamaşalar hazırlamışlar.
   “Peşəsiz” peşəkar yarımbaşlığı altında bu xatirə və faktlara (həm də bir az təfsilatla) bu qədər yer ayırmağım heç də nahaqdan deyil. Belə ki, Cahangir Zeynalovun xeyriyyəçiliyində də bir peşəkarlıq cövhəri vardı. Başqaları ətrafa yardım edib, təyinatsız pul verib təyinatlı ad alırdılarsa, o öz dividendini sənətdə konkret nəticələr verən mənəvi qazanclar kimi götürürdü. İştirakçısı olduğu böyük mədəniyyət, teatr-səhnə aləmindəki peşəkarlığına gəldikdə isə, gözəl obrazlar yaratmağıyla, “Şirkət” adıyla məşhurlaşmış “Müsəlman dram artistləri şirkəti”nin yaradılmasında müstəsna rolu və digər işlərilə bahəm, 19-cu əsrin sonlarında quruluşlar verdiyi tamaşalar, ötən illərin əvvəllərində “Nicat”, “Səfa”, “Nəşri-maarif” kimi mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında bitkin tamaşalar hazırladığını xatırlamaq kifayətdir. O vaxtlar imperiyanın “unutduğu” ucqar Bakı şəhərində adlı-sanlı elm ocaqlarından olan “Səfa” məktəbində Səməd Mənsur, Abbas Mirzə Şərifzadə, Cəfər Bünyadzadə kimi populyar isimlərlə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. O, uzun müddət “Səfa” teatr bölməsinin idarə heyətinin rəhbərləri sırasında olmuş, 1914-cü ildə sədr vəzifəsinə seçilmişdir.
   
   Sənət və təbiət ləpələri...
   
   Təbiət - konkret desək, dəniz ləpələri barədə bir neçə abzas-ləpələrdən sonra. Hansı ki, o ləpələr onun - böyük, canlı sənət dalğalarımızdan birinin əbədiyyətə gömülməsinə vəsilə olmuşdu...
   Deməli, hələ sənət ləpələri.
   Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, 1910-cu il noyabrın 30-da teatr ictimaiyyəti ona təntənəli yubiley keçirmişdir. Özü də o dövr leksikonunca “Yomi ali” nam-nişanı altında. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyətinin (Qurban bayramı günü, Tağıyev teatrında) keçirdiyi yubiley təntənəsində rəsmi hissə də olmuş, dövrün məşhur sazəndə-xanəndələri böyük sənət-məhəbbət eşqilə çalıb-çağırmış, ardınca “Lənkəran xanının vəziri” (M.F.Axundzadə) komediyası oynanılmış, Mirzə Həbib rolunu isə yubilyar ifa etmişdir. Dövrün mətbu səhifələrində (“Kaspi”, “Səda”, “Bakı”, “Günəş”, “Kafkazskaya kopeyka” və s.) həmin yubiley tədbiri, yubilyarın yaradıcılığı və xeyriyyəçiliyi haqda geniş materiallar, N.Nərimanovun, M.Hacınskinin, ayrı-ayrı teatr truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini dərc etmiş, müxtəlif ictimai-mədəni təşkilatlar ona qiymətli hədiyyələr vermişlər. O qəzetlər yazırdılar ki, M.Əliyev, M.Vəlixanlı, H.Abbasov və başqa azman aktyorların səhnəyə gəlişində, həyat və sənət səhnələrində intriqaların söndürülməsində (məsələn, “Müsəlman artistləri ittifaqı” ilə Hacıbəyov qardaşlarının “Opera və dram truppası” arasında) Cahangir Zeynalovun müstəsna ağsaqqallıq, sözükeçərlilik xidmətləri olmuş, sənət naminə hamını birliyə çəkmişdir.
   Bu “ibtidai” peşəkarın milli səhnəmizdə yaratdığı, o dövrün milli mətbuatında bütün parametrlərdən çox yüksək qiymətləndirilən saysız rollarından bir neçəsinin adını isə yazımın həcmi baxımından, yalnız müəlliflərsiz sadalamaq istərdim: Hacı Qara, Şahbaz bəy, Məstəli şah, Rüstəm bəy, Molla İbrahimxəlil, Rza bəy, Tarverdi, Mirzə Həbib, Hacı Qəmbər, Vəli, Hacı İbrahim, Hacı Murad və başqaları. Onun o dövrə məxsus pafos, ritorika, boğazdanyuxarı deklomasiyaçılıq, şit hərəkət-jest kimi süni səhnə “atribut”larına qarşı şəxsi nümunə məktəbi, primitivizm estetikası əleyhinə çıxaraq, real oyun-ifa üslubu sistemi yaratması isə daha geniş bir yazıya mövzudur.
   Cahangir Zeynalov bugünkü böyük, ali səhnəmizin ibtida çağlarında çox ciddi, başdan-başa dramatik rollar yaratsa da, deyilənlərə görə, bütün daxili “mən”i ilə heyrətamiz dərəcədə komik imiş. Lakin dövrün mədəni-mənəvi nəbzi onu daha çox ciddiyyətə, “qırımından qan dammaq”lığa çəkirmiş. Hərdən də dost-tanışına söyləyərmiş ki, zaman gələcək, Azərbaycan teatrının səhnələri ictimai-siyasi “qaş-qabaq” ovqatından qurtulub, öz tamaşaçılarını şaqraq qəh-qəhələrə qərq edəcək!
   Onun gözlədiyi həmin “zaman” çox gecikmədi və “qəh-qəhələr”in böyük yaradıcılarından biri də öz doğma övladı Nəsibə oldu. Təəssüflər ki, Cahangir Zeynalov - cəfakeş-sənətkar ata bütün xalqın da övladı olan Nəsibə xanım Zeynalovanın ustadlığını görmədi. Bu qəribə həyat dramı isə beş-üç sətrə sığası bir görəcək: 1918-ci ilin martında erməni daşnakları Bakıda yanğın-qırğın vəhşilikləri törədir, bu ata da öz xanımını və ikiyaşlı qızını götürüb Ənzəliyə (İran) gedir, qayıdarkən dənizdə fırtına qopur, səkkiz gün durğun qalan gəmidə elə bir natəmizlik yaranır ki, bir neçələrilə bərabər, Cahangir Zeynalov da yatalaq xəstəliyinə tutulur, Bakıda ən yaxın qohum və dostlarından belə xəbərsiz, dünyasını dəyişir...
   
   Qızlar...
   
   Onlardan biri yüz otuz beş il öncə Bakının dar dalanlarının birində çəllək üstdə “teatro” çıxaran on iki yaşlı Cahangirə gizlin-gizlin əl çalmış, güllü-güllü donu üstündəki qızıl güllərdən birini ona bağışlamağın şəbihini çıxarmışdı. Başqa bir qızcığazsa, iyirmi beş il öncə Üzeyir Hacıbəyli küçəsində (“Cücələrim” kafesinin sol tərəfində) anası ilə söhbət edən Nəsibə xanımın diqqətini, nəhayət ki, cəlb edib, Azərbaycanın bu təkrarsız sənət anasına, bənzərsiz səhnə “qayınana”sına rəğbət və məhəbbətinin gücündən kövrələ-kövrələ və sidq-ürəkdən dedi: “Nəsibə nənə, anam canı mən böyüyəndə yaxcı gəlin olacağam!..”
   Allah hər iki böyük sənətkara - ata-balaya rəhmət eləsin...
   
   Tahir Abbaslı