Mədəniyyət tariximizdən
   
  
   Azərbaycan mədəniyyətinin inkişafında, milli-mənəvi dəyərlərimizin toplanmasında, qorunmasında və təbliğində xidmətlər göstərmiş ziyalılardan biri də Hüseyn bəy Mirzəcamalov (Hüseyn Camal Yanar) olub. «Mədəniyyət»in oxucuları onu ölkəmizdə ilk dövlət muzeyi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılmış İstiqlal muzeyinin yaradıcılarından biri kimi tanıyırlar. O, eyni zamanda, ədəbi yaradıcılıqla məşğul olmuş, tərcümələr etmiş, teatr təşkilatçısı kimi də tanınmışdır.
   
   Hüseyn bəy Mirzəcamalov 1878-ci ildə Şuşada doğulub. İlk təhsilini Şuşada alıb. Daha sonra Xarkov Universitetində oxuyub. Mənbələrdən məlum olur ki, ötən əsrin əvvəllərində Tiflisdə yaşayıb və bu şəhərin ədəbi-mədəni mühiti ilə çox bağlı olub. Həmin illərdə Tiflisdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Ömər Faiq, Hüseyn Ərəblinski, Üzeyir Hacıbəyli və başqa yaradıcı ziyalılar yaşayıb-yaradır, yaxud tez-tez buraya gəlirdilər. Şəhərdə Azərbaycan teatr truppası formalaşmışdı. Azərbaycan yazıçılarının əsərlərini, dünya dramaturgiyasından nümunələri uğurla tamaşaya qoyan truppa öz ətrafında Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, Məmmədtağı Ələsgərov, Mustafa Mərdanov, İbrahim İsfahanlı, Nadir İbrahimov, Həbib Köçərlinski, İsmayıl Həqqi, Yusif bəy Tahirov və başqa sənət fədailərini birləşdirmişdi. Əbdürrəhim bəy Haqverdiyev teatrın fəaliyyətində yaxından iştirak edir, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla bu aktyorların iştirakı ilə tamaşalar hazırlayır, onlarla birlikdə tamaşalarda çıxış edirdilər.
   Artıq yetkin bir ziyalı kimi formalaşmış Hüseyn bəy Mirzəcamalov bu qaynar ədəbi-mədəni mühitdən kənarda qala bilməzdi. 1912-ci ildə Tiflisdə Azərbaycan teatrı üçün xüsusi binanın - «Auditoriya»nın açılış mərasiminin təşkilində başqa ziyalılarla birlikdə Hüseyn bəy Mirzəcamalov da fəal çalışmış və tədbirdə çıxış etmişdir.
   «Auditoriya»nın rəsmi açılışı barədə «Zakavkazye» qəzetinin 3 aprel 1912-ci il tarixli sayında oxuyuruq: «Müsəlman teatr cəmiyyətinin «Auditoriya» binasının açılışı olmuşdur. Şəhər qlavası Xatisov, generallardan Koxanovski və Əmir Kazım Mirzə, mətbuat, ictimai təşkilatların nümayəndələri, Axund Mollazadə, xəzinədar M.M.Əhmədov, Y.Tahirov, H.Köçərlinski, Ə.Haqverdiyev, H.Mirzəcamalov, səhnə xadimi İ.Volkov, knyaz Eristov, Baratov və Belyayev truppasının nümayəndələri təbrik nitqi söyləmişlər” (Q.Məmmədli, «Azərbaycan teatrının salnaməsi». Bakı, 1975, səh. 286-287).
   Hüseyn bəy Mirzəcamalov bundan sonra da «Auditoriya» ilə əlaqədə olmuş, burada keçirilən tədbirlərdə iştirak etmiş, maarifləndirmə işi aparmışdır. Professor Əziz Şərifin «Keçmiş günlərdən» kitabından: «Auditoriya»da və Zubalov teatrında tez-tez tamaşa və konsertlər verilir, bəzən də pulsuz mühazirələr oxunurdu. Bu mühazirələrdən biri 1912-ci il aprelin 29-da universitet tələbəsi Hüseyn bəy Mirzəcamalov və gimnaziyanın yeddinci sinif şagirdi Həbib Köçərlinski tərəfindən oxunmuşdu».
   Hüseyn bəy Mirzəcamalov, qeyd etdiyimiz kimi, bədii yaradıcılıq və tərcümə ilə də məşğul olmuşdur. «Baku» qəzetinin 3 may 1912-ci il tarixli sayında belə bir məlumat dərc edilmişdir: «Tiflisdən verilən xəbərlərə görə, Qafqaz Mətbuat Komitəsi M.Əlibəyovun «Məhkəmələr qapısında tökülən göz yaşları» və Hüseyn Mirzəcamalovun birpərdəli «İşgilli Məmo» əsərlərinin Qafqaz səhnələrində oynanmasına icazə vermişdir». Təəssüf ki, həmin əsərin tamaşaya qoyulub-qoyulmaması barədə hələlik hər hansı bir məlumata rast gəlməmişik.
   «Baku» qəzetinin məhz həmin il başqa bir sayında Hüseyn bəy Mirzəcamalovun gürcü yazıçısı İ.Kedevanişvilinin «Xain» pyesinin Azərbaycan dilinə tərcüməsi üzərində işləməsi barədə də məlumat verilmişdir. Bu tərcümənin aqibəti barədə də məlumata rast gəlmədik. Onun gürcü dilindən tərcümə etdiyi başqa bir əsər - İosif Mçedlişvilinin «Qaçaq Kərəm» pyesi isə elə həmin illərdə Tiflis və Bakı teatrlarında tamaşaya qoyulmuşdur.
   İ. Mçedlişvili ötən əsrin əvvəllərində Tiflisdə fəaliyyət göstərmiş mütərəqqi fikirli gürcü yazıçılardan biridir. Burada qəzet redaktoru-naşir olmuşdur. Onun Qazax mahalından olan Qaçaq Kərəm haqqında qələmə aldığı pyesin Hüseyn bəy Mirzəcamalovun tərcüməsində ilk tamaşası 1912-ci il mayın 10-da Tiflis Azərbaycan teatrı aktyorlarının iştirakı ilə Gürcü Əyanları Teatrında göstərilmişdir. Həmin ərəfədə «Zakavkazskaya reç» qəzetində belə bir məlumat verilmişdi: «Mayın 10-da Azərbaycan Teatr Cəmiyyətinin artistləri Gürcü Əyanları Teatrında məşhur «Qaçaq Kərəm» dramını tamaşaya qoyacaqlar. Bu pyes üçün yeni dekorasiyalar, parik və kostyumlar alınmışdır. Əsas rolları ifa edirlər: Kərəm - Məmmədtağı Ələsgərov, Rəhim xan - Mirzəli Abbasov, Raxraxadze - Mirseyfəddin Kirmanşahlı, Xeço - məşhur komik, Tiflis tamaşaçılarının sevimlisi Mirzəxan Quliyev» (Adil Mişiyev, «Azərbaycan yazıçıları və Tiflis ədəbi-ictimai mühiti». Tbilisi, 1987, səh. 304).
   Həmin tamaşada o vaxtlar Tiflisdə kommersiya məktəbində təhsil alan, sonradan görkəmli teatr xadimi, aktyor və rejissor kimi məşhurlaşan Xalq artisti Rza Təhmasib Qaçaq Kərəmin silahdaşlarından birinin rolunda ilk dəfə səhnəyə çıxmış və bu, professor Əziz Şərifin yazdığı kimi, onun «gələcək həyat və fəaliyyət yolunu müəyyənləşdirmişdir». Əsər Tiflisdə dəfələrlə göstərilmiş və hər dəfə tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.
   «Qaçaq Kərəm» 1913-cü ildə Tiflis Azərbaycan teatrının aktyorlarının və yerli həvəskarların iştirakı ilə Gəncədə tamaşaya qoyulmuşdur. Baş rolda teatrın tanınmış simalarından olan Mirseyfəddin Kirmanşahlı çıxış etmişdir.
   Əsərin və tamaşanın bu cür şöhrət qazanması «Qaçaq Kərəm»in 1914-cü ildə Bakıda səhnəyə çıxarılması ilə nəticələnmişdir. Həmin dövrdə mətbuatın yazdığından məlum olur ki, tamaşanı böyük səhnə ustası Hüseyn Ərəblinski hazırlamış və Qaçaq Kərəm rolunu böyük sənətkar özü oynamışdır. Bundan başqa, məlum olur ki, Bakıda «Qaçaq Kərəm»in ilk tamaşasında müəllif - İ.Mçedlişvili də iştirak etmişdir. Əlbəttə, bu fakt Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri tarixinin maraqlı səhifəsidir və bu sahədə Hüseyn bəy Mirzəcamalovun əməyini əks etdirir. Teatr tarixçisi və tədqiqatçısı Qulam Məmmədlinin verdiyi məlumata görə, Hüseyn bəy Mirzəcamalov başqa bir gürcü yazıçısının - İlya Çavçavadzenin də bir pyesini dilimizə çevirmişdir.
   Bütün bunlarla yanaşı, Hüseyn bəy Mirzəcamalov vətənpərvər bir ziyalı, nəcib və xeyirxah bir insan olmuşdur. O, ehtiyacı olan ziyalılara əl tutmuş, mənəvi yardımını əsirgəməmişdir. Məhz bu cəhətlərinə görə o öz müasirləri və həmkarları tərəfindən sevilmiş və yüksək dəyərləndirilmişdir. Böyük sənətkarımız Hüseyn Cavid onu «aliqəlb və həssas arxadaşımız» adlandırmışdır.
   Görkəmli publisist, tənqidçi və ədəbiyyatşünas Abdulla Sur (1883-1912) Tiflisdə müalicə olunduğu xəstəxanada dünyasını dəyişmiş və onun cənazəsi vətəni Gəncəyə gətirilmiş, burada torpağa tapşırılmışdır. Hüseyn Cavid həmin günlərdə öz qələm dostu haqqında böyük bir məqalə yazmış və «İqbal» qəzetinin 17 və 18 may 1912-ci il tarixli saylarında dərc etdirmişdir. Müəllif məqalədə Hüseyn bəy Mirzəcamalovun bir dost kimi Abdulla Sura göstərdiyi qayğı və ehtirama da xüsusi yer ayırmışdır. Məqalədə oxuyuruq: «Cənazəni Tiflisdən Gəncəyə gətirmək üçün gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arxadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatını ixtiyar, gənc mühafizəkar təcəddüdpərəst (intelligent) hamısının mərhum Mirzə Abdulla haqqında olan etina və ehtimamatına min dəfə faiqdir” (Hüseyn Cavid. «Əsərləri». IV cild, Bakı, 1985, səh. 223).
   Hüseyn bəy Mirzəcamalov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində çalışmış, burada şöbə rəisi olmuşdur. Yuxarıda göstərdiyimiz kimi, məhz həmin dövrdə o, başqa bir vətənpərvər ziyalı Məhəmməd Ağayevlə birlikdə İstiqlal muzeyini yaratmışdır. 1920-ci il aprelində Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Türkiyəyə mühacirət etmiş və 1974-cü ildə İstanbulda dünyasını dəyişmişdir.    

   Adilxan Bayramov,
   filologiya elmləri doktoru