Azərbaycan
   
   28 sentyabr 1978 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908, Ərdəbil - 1978) vəfat edib. Azərbaycan (Bakı) Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.
   29 sentyabr 1833 - Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. “Təzkireyi-Nəvvab" toplusunda Qarabağda doğulmuş 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar verib. Şuşada "Məclisi-fəramuşan" ədəbi məclisini təşkil edib.
   
   30 sentyabr 1139 - Gəncədə dəhşətli zəlzələ baş verib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub. Zəlzələ zamanı baş verən torpaq sürüşmələri nəticəsində Kəpəz dağının ətəyində Göygöl yaranıb.
   30 sentyabr 1920 - Tanınmış rejissor, aktyor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. “Sevil”, “Lətif”, “Şərqə yol” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.
   30 sentyabr 1945 - Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. M.Qorki adına Ümumittifaq mükafatı laureatı olub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.
   30 sentyabr 1950 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884-1950) vəfat edib. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operası, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir.
   30 sentyabr 1962 - Xalq artisti, aktrisa Laləzar Bəşir qızı Mustafayeva Balakən rayonunun Qullar kəndində doğulub. 1990-cı ildən Milli Dram Teatrında çalışır. Filmləri: “Qara Volqa", “Qəzəlxan”, “Güllələnmə təxirə salınır!” və s.
   30 sentyabr 1991 - Məşhur xanəndə Səxavət Məmmədov (10.10.1953 - 1991) dünyasını dəyişib.
   30 sentyabr 2002 - "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edilib.
   Sentyabrın sonu 1924 - Bakıda Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.
   Sentyabrın sonu 1936 - Nuxa (Şəki) Dövlət Dram Teatrının açılışı olub.
   
   1 oktyabr 1932 - Aktyor, mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda doğulub. 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib. Kinoda yaddaqalan obrazlar yaradıb: “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz).
   1 oktyabr 1949 - Şair Vaqif Bayatlı (Vaqif İsib oğlu Cəbrayılov) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır!” və s.
   1 oktyabr 1960 - Tanınmış xanəndə, Xalq artisti, professor Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. Əsas partiyaları: "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal və s. "Qarabağ" muğam üçlüyünün rəhbəridir. “Şöhrət” ordeni ilə təltif olunub.
   1 oktyabr 1962 - Əməkdar incəsənət xadimi, rejissor Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. 1987-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Füzuli, Gəncə, Lənkəran dram teatrlarında, Musiqili Komediya Teatrında, Azərbaycan televiziyasında tamaşalara ("6 saylı palata" - A.Çexov, "Bəyaz gecələr" - F.Dostoyevski) quruluş verib.
   1 oktyabr 1965 - Böyük qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 1895-1965) vəfat edib. Nizami və Xaqaninin farsca qəzəllərini, Nəvainin şeirlərini Azərbaycan dilinə tərcümə edib.   

   Dünya
   
   28 sentyabr 1573 - Dahi italyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio, 1573 - 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
   28 sentyabr 1803 - Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee, 1803-1870) anadan olub.
   28 sentyabr 1897 - Qazax yazıçısı Muxtar Auezov (1897-1961) anadan olub.
   28 sentyabr 1915 - Məşhur rus teatr rejissoru Georgi Tovstonoqov (1915-1989) anadan olub.
   28 sentyabr 1916 - İngilis aktyoru, «Oskar» laureatı Piter Finç (Frederick Peter Ingle-Finch, 1916-1977) anadan olub.
   28 sentyabr 1924 - Dünya şöhrətli italyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni, 1924-1996) anadan olub. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
   28 sentyabr 1934 - Məşhur fransız aktrisası Bricitt Bardo (Brigitte Bardot - Camille Javal) anadan olub.
   
   29 sentyabr 1547 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra, 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə dünya şöhrəti qazanıb.
   29 sentyabr 1810 - İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell, 1810-1865) anadan olub.
   29 sentyabr 1864 - İspan filosofu və yazıçısı Migel de Unamuno (Miguel de Unamuno y Jugo, 1864-1936) anadan olub.
   29 sentyabr 1904 - Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi”, “Fırtınadan doğulmuşlar”.
   29 sentyabr 1912 - İtalyan kinorejissoru, «Oskar» laureatı Mikelancelo Antonioni (Michelangelo Antonioni, 1912 - 30.7.2007) anadan olub.
   29 sentyabr 1913 - Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer, 1913 - 19.2.2001) anadan olub.
   29 sentyabr 1932 - Amerika rejissoru, iki dəfə «Oskar» laureatı Robert Benton (Robert Benton) anadan olub.
   
   30 sentyabr 1715 - Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.
   30 sentyabr 1917 - Məşhur rus rejissoru, Taqanka Teatrının rəhbəri Yuri Lyubimov anadan olub.
   30 sentyabr 1921 - İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-16.10.2007) anadan olub.
   30 sentyabr 1924 - Amerika yazıçısı Truman Kapote (Truman Capote - Truman Streckfus Persons, 1924-1984) anadan olub.
   30 sentyabr 1928 - Amerika yazıçısı və pedaqoqu, Nobel sülh mükafatı (1986) laureatı Eli Vizel (Elie Wiesel) anadan olub.
   30 sentyabr 1964 - Məşhur italyan aktrisası Monika Belluççi (Monica Anna Maria Bellucci) anadan olub.
   
   1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.
   1 oktyabr həmçinin Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada geniş konsert proqramları ilə qeyd edilir.
   1 oktyabr 1865 - Fransız bəstəkarı Pol Düka (Paul Dukas, 1895-1935) anadan olub.
   1 oktyabr 1912 - Görkəmli rus tarixçisi, filosof, şair Lev Nikolayeviç Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.
   1 oktyabr 1927 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Oleq Yefremov (1927-2000) anadan olub.
   1 oktyabr 1930 - Fransız aktyoru Filipp Nuare (Philippe Noiret, 1930-26.11.2006) anadan olub.
   1 oktyabr 1935 - Amerika aktrisası və müğənnisi, «Emmi», «Qremm» və «Oskar» mükafatları laureatı Culi Endrüs (Julie Elizabeth Andrews) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan