“Müəllif öz adına və oxucuya hörmət etməlidir”
   
   16 il bundan əvvəl, oktyabrın 3-də XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biri, Xalq yazıçısı İlyas Əfəndiyev dünyasını dəyişdi. Böyük ədibin hər zaman anılacaq və xatırlanacaq əbədi ömrü başlandı...
   
   İlyas Əfəndiyev o xoşbəxt sənətkarlardandır ki, onu tez-tez anmaq, xatırlamaq üçün səbəblər çoxdur. Çünki onun yaradıcılığı mədəniyyətimizin qiymətli bir parçasıdır. İlyas Əfəndiyev ədəbiyyatımıza “Kənddən məktublar”la gəlsə də, qısa vaxt ərzində həyat qədər həyati hekayələri, povestləri, romanları, pyesləri ilə sovet ideologiyasında boğulan ədəbi mühiti xeyli durulda bildi. İlyas Əfəndiyev əlinə qələm aldığı gündən ömrünün son gününə kimi ürəyinin səsinə qulaq asdı, ədəbiyyat naminə yazdı...
   Ötən illərə qayıdaq, sağlığında əfsanələşən yazıçının keçdiyi yollara, qısa da olsa, nəzər salaq.
   İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ildə Füzulidə tanınmış tacir ailəsində anadan olub. Ata-babası bütün Qarabağda kasıba, yoxsula əl tutan, xeyirxah insanlar kimi ad qazanmışdı. Bu ailənin bir qolu tacir nəsli, digər qolu ruhani təhsili almış axund və üləmalardan ibarət idi. Ona görə də bu ailə sovet hakimiyyətinin qanlı-qadalı dövründə - 30-cu illərdə ciddi təqiblərə məruz qalır, onların dədə-baba mülkü əllərindən alınır, ailənin bəzi üzvləri “xalq düşməni” elan olunaraq güllələnir, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunur. Yazıçının atası Məhəmməd Əfəndiyevin evi, mülkü, bağı əlindən alınır, “səs hüququ”ndan məhrum edilir.
   İllər keçəcəkdi, gələcəyin böyük yazıçısı o hadisələri belə xatırlayacaqdı: “Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər”.
   Qarabağın aran rayonlarında yaşayan ailələr kimi Məhəmməd kişi də yay aylarında ailəsi ilə bərabər yaylağa - Şuşaya köçər, İlyasın uşaqlıq illərinin bir hissəsi Şuşada keçərdi. Zaman ötəcəkdi, İlyasın uşaqlıq xatirələri zaman-zaman boy verəcək, Şuşa və Qarabağ mövzusu onun yaradıcılığında mühüm yerlərdən birini tutacaqdı.
   Ancaq ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları uzun sürmür. Məhəmməd kişi 1934-cü ildə 50 yaşında dünyasını dəyişir. Atasının vəfatından sonra İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata marağının artmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olur. Ədib xatirələrində yazır: “Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb-oxuyurdu. Mütaliəni çox sevirdi... Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi...”
   
   Yolların sonundakı işıq
   
   İlyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayüllü orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyat fənnindən dərs deyir. Gələcəyin görkəmli dramaturqu Füzulidə fəaliyyət göstərən kiçik kollektivin tamaşalarında “teatr” adlı sehrli bir aləmlə tanış olur. Sonralar o, qeyd edir ki, «mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim».
   Ailə vəziyyəti ilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə versə də, ali təhsil almaq arzusu onu tərk etmir. 1934-cü ildə Pedaqoji İnstitutun ədəbiyyat şöbəsinə daxil olur, lakin elə həmin il “qolçomaq oğlu olduğu üçün” institutdan uzaqlaşdırılır.
   Hökm verən zamandır. İlyas Əfəndiyevin alın yazısını kimsə dəyişə bilməzdi. 1938-ci ildə o, APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib rayona qayıdaraq müəllimliyini davam etdirir.
   ... 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata gəlir və bir-birinin ardınca hekayələr yazmağa başlayır. “Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat işləməklə bərabər, hələ gecə kurslarında da dərs deyirdim. Çox yorulmağıma baxmayaraq, Qarabağın qarlı, uzun qış gecələrində heç kəsə bir söz demədən hekayələr yazdım. Sonralar «Kənddən məktublar» adı ilə çap olunan həmin hekayələri götürüb 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...”
   Bakı ədəbi mühiti onun yaradıcılığında mühüm rol oynayır. İ.Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır: “1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalında “Gözlənilməyən sevgi” adlı ilk hekayəm çıxdı. Bundan az sonra “Kənddən məktublar” kitabım nəşr olundu”.
   Yazıçı bir neçə qəzetlə əməkdaşlıq edir. Əmək fəaliyyətini əvvəlcə “Kommunist” (1939-1940), sonra isə “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri kimi davam etdirir.
   
   “İlyas Əfəndiyev teatrı”
   
   40-cı illərdə ilk dram əsərlərini qələmə alan yazıçı dramaturgiyaya gəlişini belə xatırlayır: “...Tanınmış yazıçı Mehdi Hüseyn bir gün mənə yaxınlaşıb “istəyirsən birlikdə bir pyes yazaq”,- dedi. Məşhur yazıçının təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Biz “İntizar” pyesini yazdıq. Pyesi Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər, dramaturgiyaya daxil oldum».
   Bundan sonra o, milli teatrımız üçün “İşıqlı yollar” (1946) və “Bahar suları” (1947) pyeslərini yazır. 40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və dramaturq kimi təsdiq edir.
   Yaradıcılıq yollarında inamla addımlayan gənc yazıçı 1941-1945-ci illərdə Azərbaycan Radio Komitəsində ədəbi verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, daha sonra isə “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda işləyir, həyatı dərindən öyrənir, dünyagörüşünü daima artırır. 1945-ci ildə İ.Əfəndiyevin “Aydınlıq gecələr” adlı ikinci kitabı nəşr olunur.
   1949-cu ildə respublikanın mədəni ictimaiyyəti və bütün sənətsevərlər Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev “Şərəf nişanı” ordeni ilə təltif edilir.
   1954-cü ildə tamaşaya qoyulmuş “Atayevlər ailəsi” dramaturqun yaradıcılığında uğurlu bir addım kimi yadda qalır. Pyes Tofiq Kazımovun quruluşunda səhnələşdirilir.
   Bir-birini kəşf etmiş iki sənətkar sonralar Azərbaycan teatr tarixinin parlaq səhifələrini yazacaq, yaradıcılıq əlaqələri uzun illər davam edəcəkdi.
   
   Yazmaq onun alın yazısı idi
   
   İlyas Əfəndiyev 1958-ci ildə ilk irihəcmli “Söyüdlü arx” romanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük uğur qazandırır.
   Ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradan yazıçının yaradıcılığında 60-80-ci illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun ədəbi fəaliyyətində janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərlərini - ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest və romanlarını dərc etdirir.
   Eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan “Sən həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq “Mənim günahım” (1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1976) və s. pyeslərini yazır.
   Ədib ölməz sənət nümunələri ilə Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirir, beləliklə, “İlyas Əfəndiyev teatrı” yaranır.
   “İlyas Əfəndiyev teatrı”nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş “Unuda bilmirəm” pyesi 1981-ci ilə qədər Azərbaycan Milli Dram Teatrı səhnəsində 350 dəfə oynanılmışdır.
   Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq 1971-ci ildə tarixi mövzuda «Mahnı dağlarda qaldı» pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış pyesə görə 1972-ci ildə respublika Dövlət mükafatına layiq görülür.
   Görkəmli ədəbiyyat xadimi kimi geniş şöhrət qazanmış İ.Əfəndiyev 1979-cu ildə Azərbaycanın “Xalq yazıçısı” fəxri adına layiq görülür.
   60 ildən çox yaradıcılıq yolu keçmiş ədib 80-ci illərin sonu - 90-cı illərdə də məhsuldar yazıçı kimi yazıb-yaradır. Dramaturqun “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994) və s. pyesləri tamaşaya qoyulur, bir sıra yeni kitabları nəşr olunur.
   Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd edir. Ədəbiyyatımızın inkişafında böyük xidmətlərinə görə, Prezident Heydər Əliyevin fərmanı ilə müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunur. Respublikanın sənət adamları arasında o, birinci sənətkar idi ki, həmin ordenə layiq görülmüşdü.
   Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişdi, Fəxri xiyabanda dəfn olundu. Sağlığında canlı klassik adlandırılan ədibin əbədi həyatı - İlyas Əfəndiyev əfsanəsi başlandı...
   
   Təranə Vahid