Azərbaycan
   
   2 oktyabr 1897 - Görkəmli şairə, maarifçi Xurşidbanu Natəvan (1832-1897) vəfat edib. Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ hakimi Mehdiqulu xan Cavanşirin qızıdır. Şuşada "Məclisi-üns" (dostluq, ülfət məclisi) ədəbi birliyinin yaradıcısı olub. Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
   2 oktyabr 1924 - Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.
   2 oktyabr 1935 - Şair, yazıçı, tərcüməçi Səyavuş İmran oğlu Məmmədzadə anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.
   2 oktyabr 1975 - Azərbaycanda «Sovet ədəbiyyatı günləri» mədəniyyət həftəsi (2-8 oktyabr) başlanıb.
   2 oktyabr 1981 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (5.12.1921- 1981) vəfat edib. "Görüş" (Musa), "O olmasın, bu olsun" (Əzim Əzimzadə), "Onu bağışlamaq olarmı?" (Qüdrət), "Aygün" (Əmirxan) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   2 oktyabr 1982 - Gəncədə Nizami Gəncəvinin xatirə muzeyi açılıb.
   2 oktyabr 1992 - Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocavənd rayonunun mərkəzini (keçmiş Martuni) və kəndlərini bütünlüklə ələ keçiriblər. Xocavənd rayonu 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının əsasında (ərazisi 1458 kv km) yaradılmışdı. Rayon bir şəhər (Xocavənd-Martuni), iki iri qəsəbə (Qırmızıbazar və Hadrut), 83 kənddən (o cümlədən azərbaycanlıların yaşadığı 30-dək kənd) ibarətdir.
   
   3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2010-cu il sentyabrın 16-da türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub.
   
   3 oktyabr 1875 - Görkəmli yazıçı-dramaturq Süleyman Sani Axundov (1875-1939) Şuşada anadan olub. Ədibin «Qorxulu nağıllar» toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. «Laçın yuvası», «Eşq və intiqam», «Şahsənəm və Gülpəri», «Tamahkar», «Bir eşqin nəticəsi» və s. pyeslərin müəllifidir.
   3 oktyabr 1887 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
   3 oktyabr 1972 - Azərbaycanda Zaqafqaziya Sovet Sosialist Respublikalarının «Ədəbiyyat və incəsənət ongünlüyü» (3-10 oktyabr) başlanıb.
   3 oktyabr 1996 - Xalq yazıçısı, görkəmli dramaturq, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi İlyas Məhəmməd oğlu Əfəndiyev (26.5.1914, Füzuli - 1996) vəfat edib. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani» və s. pyeslərin müəllifidir.
   
   4 oktyabr 1923 - Məşhur aktyor, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. S.Vurğun adına Rus Dram Teatrında çalışıb. “Azərbaycanfilm”də “Qatır Məmməd” (Skott), “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
   4 oktyabr 1924 - Tanınmış opera müğənnisi, aktrisa Sona Aslanova (1924 - 9.3.2011) anadan olub. Opera səhnəsində Gülçöhrə (“Arşın mal alan”), Nigar (“Koroğlu”) və s. rolları məharətlə oynayıb. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.
   4 oktyabr 1957 - Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916-1957) vəfat edib.
   4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Quliyev (7.11.1917-2000) vəfat edib. Populyar mahnıların müəllifidir. “Səbuhi”, “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
   4 oktyabr 2006 - Xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırov (12.6.1933 - 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: "Ulduz", "Qanun naminə”, "Onun bəlalı sevgisi", "Alma almaya bənzər", "Şirbalanın məhəbbəti".
   
   Dünya
   
   2 oktyabr 1832 - Görkəmli ingilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor, 1832-1917) anadan olub.
   2 oktyabr 1869 - Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869-1948) anadan olub.
   2 oktyabr 1904 - İngilis yazıçısı Qreem Qrin (Graham Greene, 1904-1991) anadan olub.
   2 oktyabr 1914 - Məşhur sovet diktoru, SSRİ Xalq artisti Yuri Levitan (1914-1983) anadan olub.
   
   3 oktyabr 1867 - Fransız impressionist rəssamı Pyer Bonner (Pierre Bonnard, 1867-1947) anadan olub.
   3 oktyabr 1895 - Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-cü ildə Bakıda yaşayıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.
   3 oktyabr 1897 - Fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (Louis Aragon - Louis-Marie Andrieux; 1897-1982) anadan olub.
   3 oktyabr 1900 - Amerika yazıçısı Tomas Vulf (Thomas Clayton Wolfe, 1900-1938) anadan olub.
   3 oktyabr 1919 - Məşhur Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis, 1919-1997) anadan olub.
   
   4 oktyabr 1582 - Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanda yeni təqvimə keçid 1918-ci ildə baş verib.
   4 oktyabr 1720 - İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi, 1720-1778) anadan olub.
   4 oktyabr 1816 - Fransız şairi, «İnternasional» himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier, 1816-1887) anadan olub.
   4 oktyabr 1946 - Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan