Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavid ömrü boyu həqiqətə, gözəlliyə tapınan, ədalət carçısı bir mütəfəkkir idi. Ədibin məruz qaldığı ağır repressiya dalğasının zərbəsi ailəsi üçün də təsirsiz ötüşmədi. Oğlu Ərtoğrol erkən yaşında dünyasını dəyişdi. Bu nakam ömürlü gəncdən yadigar qalan not yazıları, musiqi parçaları, rəsm əsərləri onun necə böyük istedada malik olduğunu göstərir.
   
   1919-cu il oktyabrın 22-də dünyaya göz açmış Ərtoğrol Cavid ədəbiyyata, musiqiyə bağlı bir gənc idi. Hələ 8 yaşında ikən poeziyada ilk addımlarını atmış, sonralar 50-dən çox gözəl şeir yazmışdı. Kiçik yaşlarından başlanan yaradıcılığı gələcəkdə onun xalqına, vətəninə layiqli bir sənətkar kimi yetişəcəyindən xəbər verirdi...
   
   * * *
   ...1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu əla qiymətlərlə bitirsə də, musiqiyə olan sonsuz məhəbbəti onu sənət dünyasına səsləyirdi. Bu sənət eşqi ilə də Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur. Dahi Üzeyir bəydən dərs alan Ərtoğrol, çox keçmir ki, gözəl musiqi əsərləri bəstələyir. Sevimli müəlliminə həsr etdiyi "Doqquz variasiya", skripka ilə fortepiano üçün "Poema" bu qəbildəndir. Gənc bəstəkar vokal janrında da gözəl əsərlər qələmə alır. Nizami Gəncəvinin 800 illiyi ərəfəsində şairin "Sevgili yar gəlmiş idi..." qəzəlinə romans yazır. Bunun ardınca Nigar Rəfibəylinin "Eşq olsun", türkmən şairəsi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" şeirlərinə gözəl romanslar bəstələyir. Bundan əlavə, 200-dən artıq xalq mahnısını toplayaraq nota köçürür.
   
   * * *
   Konservatoriyanın tələbəsi ikən 1940-1941-ci illərdə böyük sənətkar Bülbülün rəhbərliyi altında Azərbaycan musiqi elmi-tədqiqat kabinetində ştatdankənar işçi olaraq çalışan Ərtoğrol yorulmaz tədqiqatçı kimi də özünü təsdiqləyir.
   Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı deyir ki, Ərtoğrol Azərbaycanın musiqi folklorunun toplanmasında böyük zəhmət sərf edib: “Folklor nümunələri ilə yanaşı, o həm də bizim şifahi xalq ədəbiyyatı nümunələrini toplayıb, tədqiq edib. Muzeyin arxivində 42 qovluqda belə materiallar var. Həmin materialları araşdırarkən gördük ki, onlar öz aktuallığını itirməyib. Qərara gəldik ki, onları çap edək. Nazirlər Kabinetinin qərarına əsasən bu materiallar “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” layihəsi çərçivəsində on cilddə nəşr olundu. "Çaşıoğlu" nəşriyyatında işıq üzü görən kitablar böyük maraqla qarşılandı. Bu materiallar Azərbaycanın müxtəlif bölgələrindən toplanıb. Orada adət-ənənələr, dastanlar, aşıq şeirləri, nağıllar, klassik musiqi nümunələri və muğamlar haqqında şərhlər var. Ərtoğrol Cavid toplanılan materialları təhlil edib, musiqi, folklor, dil baxımından mükəmməl araşdırma aparıb, izahlar yazıb”.
   Nəşrin I-II cildləri "Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid" adlanır. Burada Ərtoğrol Cavidin qədim toy adətlərimiz, bölgələrdə keçirilən düyünlər, şənliklər, el havaları, oxunan mahnılar və s. haqqında araşdırmaları toplanıb. Növbəti altı cild "Azərbaycan dastanları və Ərtoğrol Cavid" adlanır. Gənc yaşlarında özünü yetkin bir folklorşünas kimi təsdiqləyən Ərtoğrolun bu kitablardakı yazılarını oxuduqca onun necə istedad və qabiliyyətə malik olduğunu bir daha yəqin edirsən. Burada elə dastanlar var ki, ilk dəfədir nəşr olunub.
   IX və X cildlər isə “Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid" adlanır. Bu kitablarda o dövrdə haqqında az bilgi olan (və ya olmayan) aşıqlardan söz açılır, yaradıcılığı tədqiq olunur. Gənc tədqiqatçı həmçinin 40-dək aşıq mahnısını nota köçürüb.
   Ədəbiyyatşünaslar haqlı olaraq bir fikri təsdiqləyirlər ki, Hüseyn Cavidin ruhundan doğulmuş Ərtoğrol böyük ilhama malik şair, istedadlı şəxsiyyət olub. Aparılan araşdırmalar göstərir ki, o, incə zövqə malik ədəbiyyatşünas, folklor və şeir bilicisi olub. Onun Molla Cumanın, Miskinli Vəlinin şeirləri üzərində apardığı tədqiqat bunu bir daha təsdiqləyir. Aşıq şeirinin müxtəlif növlərinin poetik xüsusiyyətlərinə dərindən bələd olan Ərtoğrol Cavid divani, dübeyti, təxmis, təcnis, müxəmməs kimi janrları təhlil edərək onların hər birinin forma əlamətlərini səlis şəkildə araşdırıb. O, nağılları, dastanları, bayatıları, bütövlükdə şifahi xalq ədəbiyyatının nümunələrini toplamaqla kifayətlənmirdi. O həm də istedadlı mətnşünas idi. Topladığı bir çox nümunələrin mətnləri üzərində işləyir, onları bərpa edirdi.
   
   * * *
   ...Ərtoğrol eyni zamanda rəssam idi. Onun rənglər dünyasının əlvanlığından, ifadə etdiyi mənalardan danışmaq daha geniş mövzudur...
   O, cəmi 24 il ömür sürdü - qəlbinin coşub-çağladığı, yazıb-yaratmaq eşqi ilə çırpındığı bir vaxtda həyatla vidalaşdı. Qısa ömür yolunda parlaq sənət izləri qoydu. Onun çoxyönlü fəaliyyəti araşdırıldıqca, bu böyük istedad sahibindən bizə yadigar qalan yaradıcılıq nümunələri bir yerə toplandıqca, kim bilir, gələcək cildlərin sayı neçə olacaq.
   
   Ceyhun Zərbəliyev