Ötən yüzilliyin birinci yarısında xalqının tərəqqisi naminə hər zəhmətə qatlaşan, mədəni-maarif işi aparan fədakar soydaşlarımızdan biri də Əsədulla bəy Muradxanov olub.
   
   Dövrün ictimai-siyasi və maarif-mədəniyyət xadimi kimi tanınan Əsədulla bəy Muradxanov 1866-cı ildə Salyanda anadan olub. Onun mənsub olduğu nəsil öz xeyirxah əməlləri ilə bütün bölgədə ad çıxarıb. Ulu babası Muradxanın Alimirzə adlı çox bacarıqlı, savadlı bir oğlu olub. Muradxanovlar ailəsi üzvlərinin, demək olar ki, hamısı Alimirzəlilər səcərəsinə mənsubdur.
   Alimirzəlilər maarifpərvər, elmə, təhsilə böyük maraq göstərən nəsil olub. Bu nəsildə oğlan uşaqları ilə bərabər, qızlar da dünyəvi təhsil alıblar. Ailədə hər zaman qadınların fikir və rəylərinə hörmətlə yanaşılıb.
   Əsədulla bəyin atası Mirzə Abdulalı bəy Salyanda dövlət işində çalışıb. O, Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanovun müasiri və tanışı olub. Onlar nə vaxt Salyana gəliblərsə, Mirzə Abdulalı bəyin evində qonaq qalıblar.
   Əsədulla bəy ailənin üçüncü oğlu idi. İlk təhsilini şəhərdə dördsinifli rus məktəbində alıb. Salyandan Qori Müəllimlər Seminariyasına göndərilən ilk gənclərdən biri olub. 1886-cı ildə təhsilini başa vuraraq Kürdəmirdə müəllim kimi fəaliyyətə başlayıb. Yeddi il orada müəllimlik edib. Sonra Cavad qəzasında “Kəndlilərlə əlaqə şöbəsi”ndə kargüzar və tərcüməçi kimi çalışıb. Bir neçə ildən sonra Salyana qayıdır və məhkəmə məmuru işinə düzəlir.
   O, mükəmməl biliyə malik bir maarifpərvər gənc olub. Tezliklə mətbuatda mütəmadi çıxışlarına və ictimai-mədəni fəaliyyətinə görə tanınır. Daha çox “Kaspi” qəzeti ilə əməkdaşlıq edir. Salyanda özü kimi bir neçə gənc maarifpərvərin, o cümlədən İsmayıl bəy Hüseynzadənin fəal iştirakı ilə əhali arasında mədəni-maarifləndirmə işləri aparmağa başlayır. “Cəmiyyəti-xeyriyyə” adlı təşkilat yaradır, qiraətxana açır, həvəskar teatr cəmiyyəti təşkil edir. “Azərbaycan teatrının salnaməsi” kitabında Salyanda teatrın inkişafı yolunda əməyi olanlar arasında Əsədulla bəyin adı xüsusi qeyd edilib. Həmin məlumatların bir neçəsinə nəzər salaq: “1905-ci il 4 iyun. Salyan. Həvəskar gənclər. Nəcəf bəy Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük”. Rejissor Əsədulla bəy Muradxanov”.
   ”1906-cı il 7 yanvar. Salyan. Yerli könüllü gənclər, qiraətxana nəfinə tamaşa. Nəcəf bəy Vəzirov “Pəhləvanani-zəmanə”. Rejissor Əsədulla bəy Muradxanov”.
   Onu da qeyd edək ki, Rusiya I Dövlət Dumasına seçilən ilk azərbaycanlı deputatlar (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev) arasında Əsədulla bəy Muradxanov da vardı. O, 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Dövlət Dumasına deputat seçilmişdi.
   Əsədulla bəy göstərdiyi xidmətlərə, ictimai-mədəni və siyasi fəaliyyətinə görə özündən sonra gələn deputatlara, sözün əsl mənasında, nümunə olub. Digər azərbaycanlı deputatlarla birlikdə çarizmin Rusiyada yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxıb, qeyri-rus xalqların milli muxtariyyət ideyasını müdafiə edib. Əsədulla bəy yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdi. Mənbələrdə göstərilir ki, Rusiyanın digər regionlarında baş verən özbaşınalıqlar barədə hökumətə və Duma rəhbərliyinə ünvanlanan sorğularda onun da imzası olub.
   Rusiya I Dövlət Duması çar Nikolay tərəfindən buraxıldıqdan sonra Əsədulla bəy Muradxanov Peterburqdan Salyana qayıdır. Əhali arasında mədəni-maarif işlərini, xeyriyyəçilik fəaliyyətini davam etdirir. Dövri mətbuatda çıxış edir, inqilabdan əvvəl “Brokhauz və Yefron ensiklopedik lüğəti”ndə məqalələr dərc etdirir...
   O həm də gözəl ailə başçısı idi. Salyanda tanınmış Hacı Babaşın qızı Dürsədəf xanımla ailə qurur. Əlibəy və Mərdan adlı oğlu, Böyükxanım, Dostuxanım, Nabat, Ayxanım, Ağanənə və Nurcahan adlı qızları olub. Böyük oğlu Əlibəy tanınmış göz həkimi olur. O, bir neçə il görkəmli professor Varşavski ilə Bakıda Mərkəzi Göz Xəstəxanasında çalışır. Sonra Salyana qayıdır. İkinci oğlu Mərdan Muradxanov Azərbaycan pedaqogikasının inkişafında müstəsna xidmətlər göstərib. Qırxdan artıq kitabın, üç yüzdən artıq elmi məqalənin müəllifi olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb...
   Əsədulla bəy Muradxanov 1926-cı ildə Bakıya köçüb. Qaraşəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışıb. 1929-cu ildə təqaüdə çıxaraq doğma yurdu Salyana qayıdıb. Ömrünün müdrik çağında - 1942-ci ildə Salyanda vəfat edib.
   
   Savalan Fərəcov