Hacıbaba Bağırov ömür sonlarında belə bir arzuda da olub
Ustadlıqla yaratdığı bir çox obrazların davamı kimi, “Onun bəlalı sevgisi” filmində Qaraxalov rolunu ustalıqla oynayan Hacıbaba Bağırov yaxın dostlarına bildirib bu arzusunu...
Deyib ki, haçansa məndən də bir qalın (“və qalan”) kitab (day bir kəlmə-“pərdə”li, minbir şikil-“şəkil”li yalanpış kitablardan yox, a!”) yazan olsa, xahiş edəcəyəm bu sözləri ona ad eləsin. “O kitabın “giriş”ində də, çıxışında da, gapında-çapında, yöndəricat-mündəricatında da yazsın ki, bu aşiqin ən vəfalı sevgisi teatr olub...”
Özü elə bir “vəsiyyət” etmiş sənətkarın sənətə, səhnəyə münasibət fəlsəfəsi haqda alayı-dolayı sözlər axtarıb, jurnalistik-publisistik “teatr çıxarmağa” nə hacət, vəfalı Hacıbabasevərlər, hörmətli Möhsün-Mitoş-Cəbi-Orduxan-Qulam-Novruzəli-Cəsarət-Nadir-Nuruş-Qaraxalov-Uzun (və...) Sonqulu unutmazlar?!.
Amma yox, heç olmasa bunu deyək ki, Hacıbaba Bağırov Azərbaycanın səhnə-sənət gülüşünün “sonuncu mogikan”larından, özgür-özəllərinin “axıra qalmışlar”ından, başda “Mitoş”u (“Hicran”) olmaqla, korifeylər üçbucağının (Nəsibə-Siyavuş-Hacıbaba) “A”-“B”-“C”-lərindən biri idi.
Balaca bir əlavə:
Belə ki, həmin sənətkarların “korifey üçbucaq” olmasında böyük komediyanəvislərimizin misilsiz xidmətləri var və bir neçəsini çıxmaq (çıxdaşlamaq yox, ha) şərtilə, mən həmin dramaturqları da “korifey dördbucaq” kimi görürəm. Heç bir mübahisə-müzakirə doğurmayacaqlarından əminliyimə görə, onlardan ikisinin - Üzeyir bəylə Sabit Rəhmanın adlarını çəkir, qalan ikisini isə (zövqlər-meyarlar müxtəlifliyi baxımından) nəzərdə tuturam. Bax, həmin o adlarını çəkdiyim və çoxlarınızın müqəyyəd şərikliyinizlə nəzərdə tutduğum milli səhnə, ədəbi-bədii gülüş, ictimai-mədəni ovqat ustadlarımızın dünya üzünə çıxmış və çıxarılası qələm məhsulları sayəsində çağdaş teatr tariximizdə Nəsibə-Hacıbaba-Siyavuş hadisələri də baş verdi. Yarım əsrə qədər davam edən bu hadisə yaradıcılarının adları çox zaman “teatr”, “tamaşa” terminlərini əvəz edirdi. Hətta, onlara sevginin çoxluğundan, hayıl-mayıllıqdan karıxıb-kırıxan zümrələr vardı ki, “Nəsibə xanıma bilet almışam”, “Dünən Siyavuş qarnımı cırdı”, “Hacıbaba dişlərimizin otuz ikisini də çöldə qoydu” kimi lorular söyləyir, jarqonlar işlədirdilər...
Bapbalaca da bir haşiyə:
Nəsibə xanımla 1991-ci il (son) müsahibəmiz zamanı soruşdum ki, “Hicran”dakı Mitoşla tanışlıq səhnəsində milləti qəşş edincəyədək uğunduran siz üçlük özünüzü gülməkdən necə saxlaya bilirsiniz? Sualımı özünəməxsus (və bir az da qaynanavari) gülüşlə qarşılayan Nəsibə xanım “qeyitdi” ki; “Biz səhnədə yox, salonda olsaq, o millətdən də çox gülərik - həmin o səhnədə çıxardığımız o oyunlara. İntəhası, bu zalim səhnə ki var, ən zalım müdirdən, ən əzazil atadan da ciddi bir idarədir...”
“Yazan”çı obraz
Qırx səkkiz il bundan irəli (1964) böyük ekranlara bir film çıxdı. “Ulduz” adlı o filmdə, sən demə, dövrün azman ulduzları (Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu) ilə birgə, gələcəyin ulduzları da çəkilirmiş ki, onlardan biri sonraların komik birincilərindən olan haman bu Hacıbaba Bağırov!
O filmdə bir çox “elmi”-komik məqamlar, “real”-sürreal yumoristik situasiyalar, məzəli-məzhəkəli, bədii-sinxronik məhsullar var ki, çoxusunun damazlığı “Musinka”!
O filmin əvvəlindən axırına kimi üzü bircə kərə də gülümsəməyən obrazı - Gülümsərov (B.Səfəroğlu) - öz qəribə ədaları, fantasmaqorik mimikaları, buqələmunanə “sevgi-məhəbbət” macəraları ilə yazmaqdan çox, işləri pozmaq pozaları edən bu yazı obrazımıza hər iki-üç kəlmədən bir səslənir:
“Möhsün, yaz!..”
Möhsün - gənc Hacıbaba Bağırov isə Gülümsərovun bu bir az hökmlü, ədalı, bir qədər ironik, bir qıdım da düşük müraciətlərinə rəğmən heç nə yazmasa da, həmin “katib(ə)”-“köməkçi” parodiyaları ilə, dolayısıyla, öz maraqlı sənət tərcümeyi-halının davamını yazırdı. Ona görə “davamını” ki, o tərcümeyi-hal xeyli əvvəldən başlanmışdı; o on beş ilə yaxındı ki, səhnədə, sənətdə idi. Lakin o sətirlər o vaxtların “inşa yazı”ları prosesindəki “qaralama”, qarşıdakı böyük səhnə həyatının “həyət-baca” epizodları, onun kino tariximizdəki diqqətəlayiq filmoqrafiyasının “jurnal”ı timsalında idi.
Ağappaq ekranlara düşən kino-film izlərini, səs-sədalarını Allahdan aşağı bəndəvi “qarabasma” hesab etmək mümkünsə, onların birindən eşitdiyimiz “Möhsün, yaz!” “vəhy”ini “Yazan, yaz!” təxmisi kimi də almaq olmazmı? Olar və -
Birinci “pərdə”
Xalq artisti, görkəmli səhnə ustası, ustad sənətkar, teatr və kino xadimi Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci il iyunun 12-də anadan olub. Paytaxtda doğulmuş Hacıbaba tale-qismət “rejissura”sının mizanı ilə həyatının ilk səhnəsini dəyişməli olur; yeniyetməlik çağlarını Lənkəranda yaşayır. Elə aktyorluğa da Lənkəran Dram Teatrında başlayır. Bir müddət də Gəncə Dram Teatrında işləyən Hacıbaba, sonralar oynayacağı rollardan birinin prototipinə də çevrilib. Belə ki, o, dəmiryol məktəbində də oxumalı, kursu bitirəndən (1953) sonra bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləməli olub. Günlərin bir günü bu “xoruz səsi eşitməmiş” dosyeni də eşidən lağlağı həmkarlarından biri: “Alə, day belə de də! Axı, dəmiryolçuluq hara, “arşın malçılıq” hara?!” - deyib qəşş edəndə Hacıbaba da - səhnədə heç kimin dodağını qaçıra bilməyən, süfrələr arxasında hamıdan çox deyib-gülən “sənətkar”ın qulağına əyilib deyir: “Alə, mən ölüm dur bizi qıdığla, biz də gülək”. Bu xısın atmacadan hamının güldüyünü və “hərif”in çox pərt olduğunu görən Hacıbaba toylarda tamadalığın bünövrəsini qoymuş (özü də yalnız kalan-filanların toy-nişanlarına gedən və buradakı pərtliyini o məclislərin birində verilmiş “niyə keçmişdə gəlinlərə hazır cehiz, indilər isə bəy evinə cehiz pulu verirlər” sualına cavab tapa bilməməsilə ört-basdır etməyə çalışan) “sənətkar”a üz tutub, belə bir “üzr bədtər əz günah”lıq edir: “Alə, nöş demirdün ki, çünki o vaxtkı gəlinlər birdəfəlik qalmaqçün köçürdülər, indikilərin çoxusu isə sabah-birigün qeyitməkçün?!.”
İkinci “pərdə”
Lap erkən yaşlarından teatr sənətinə məcnunluq həvəsi onu - öz ifadəsilə desək, “səhnə sətəlcəmi” etmişdi. “Tay-tuşlarım mer-meyvə quruları yeyib özləriyçün vitamin hasil edəndə, mən onlardan özümçün qrim-əlbəsə düzəldib, evin qış ayın-löyünlərini cəhənnəmə vasil edirdim”.
Belə-belə atkeçməz yollarla gəlib Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına çıxan Hacıbaba Bağırov sonralar, heç bir ünvan nam-nişanı qeydinə ehtiyac duyulmayan Səhnəyə çıxdı. Gəncə Dövlət Dram Teatrı səhnəsində yaratdığı onlarca obrazın (“Almaz”da Fuad, “Komsomol” poemasında Şahsuvar və b.) alqışlanma səs-sədası paytaxtın böyük səhnə qulaqlarına da çatdı və 1962-ci ildə onu Musiqili Komediya Teatrına dəvət etdilər. Tezliklə gördülər ki, bu qədim - Azərbaycanın ilk teatr məbədinə gələcəyin “görəcək” bir üzvü gəlib. Doğrudur, burada elə nəhənglər vardı ki, Hacıbaba onların yanında, onlarla müqayisədə çox bala görünürdü, amma onun simasında bir “bəla” da hiss olunurdu. O nəhənglərdən biri (Lütfəli Abdullayev) deyirmiş ki, ha indi bu Uzun (“Toy kimindir”də) ha sonralar çox uzun gedəcək. O biri (Bəşir Səfəroğlu) deyirmiş: “Bizim bu “Hardasan, ay subaylıq”dakı “maddə”lövh Novruzəlimiz “Poçt qutusu”ndakı sadəlövh Novruzəlidən Şərq-Qərb qədər fərqlidir”. Nəsibə xanım Zeynalova isə Hacıbaba haqda çox sözlər deyib. O deyimlərdən yalnız bunu xatırladıram ki, Hacıbabanın özünün də ən çox xoşladığı “danos-qarğış”lardan idi: “Cigəri yanmış Hacobbanın “Mitoş” möcüzəsi olmasaydı, mənim “Qızbacı” rolum da “Qaynana”lığım qədər ad çıxarardı!”
“İkinci pərdə”ni endirmək çətinliyilə üzləşsəm də -
Üçüncü “pərdə”
Bayaqdan o qədər “pərdə”-“pərdə” deyib-yazıram ki, axır gözlərim önündə möhtəşəm, ayrıca bir benefis-şəxsiyyət təyinatlı pərdə açıldı. Özü də reallıqlarda bir saat-para saatdan bir açılıb-bağlanan bu teatr “darvaza”sı xəyallıqda beş-üç saniyədən bir hərəkətlənir. Belə olmasa, bir yazı-seansda bu qədər tamaşalar qəhrəmanına nəzər-baxış keçirib sona varmaq olarmı? Tutalım, bu xəyali tamaşanın beş dəqiqəsini onun “Soltan bəy”liyinə, on beşini Məşədi İbadlığına, bir müddətini Cəbi Cüməzadəliyinə, “Mitoş”luğuna, “Uzun”luğuna, filan-filan təkrarsız rollarına, beşməkan-beşməkan qəşşetdirən obrazlarına, nəhayət, son “Sonqulu”luğuna sərf etdin, əcəba, bəyəm bu teatr qurtarasıdırmı? Səhərdən başlasan baxmağa, axşama bitərmi? Axşam davamına varsan, sabaha sonlanarmı? O qaçhaqaçda necə fəhm edəsən ki, “Qanun naminə”dəki Arif-Hacıbaba prokuror Kamilovun əlaltılığından necə bir vəchi-istedadla çıxıb, dostun-düşmənin kim olduğunu başa düşən bir milis (polis) işçisinə çevrilir. “Alma almaya bənzər”dəki bazar müdiri Məmmədəli-Hacıbabaya doyunca gülməyə vaxt çatacaqmı? “Onun bəlalı sevgisi”ndə talant xalları fontan vuran Qaraxalov-Hacıbabadan bu tezlikdə necə doyub, keçəsən “Şirbalanın məhəbbəti”ndəki uğundurmalarına?..
“Pərdə” enmək bilmir ki bilmir. Ensəydi, üstündə yazılmalıydı: Hacıbaba Bağırov - 12 iyun 1932 - 4 oktyabr 2006. Allah rəhmət eləsin. Ailə-uşaqlarının, sayı-hesabı bilinməyən tamaşaçılarının başı sağ olsun. Gələn yubileylərə, xəyal-tamaşalara, verilişlərə, yazılaradək...
Tahir Abbaslı