Azərbaycan
   
   19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə (1898 - 29.3.1976) anadan olub.
   19 oktyabr 1972 - Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893-1972) vəfat edib. Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. 1938-ci ildə Bakıya gəlib. Dövlət Opera və Balet Teatrının solisti olub.
   
   20 oktyabr 1141 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin (İlyas Yusif oğlu Nizami, 1141-1209) doğum günü hesab olunur (dəqiq təvəllüd tarixi məlum deyil). Gəncədə doğulan və burada yaşayıb-yaradan şairin «Xəmsə»si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.
   20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
   20 oktyabr 1913 - Şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913-7.9.1977) İrəvan şəhərində doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, Belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
   20 oktyabr 1917 - Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917- 4.5.1975) anadan olub.
   20 oktyabr 1922 - Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyib.
   20 oktyabr 1940 - İctimai-siyasi xadim, publisist, dramaturq, filologiya elmləri doktoru Həsən Həsənov Tiflisdə doğulub. Respublikanın baş naziri, Azərbaycanın BMT-də ilk daimi nümayəndəsi, xarici işlər naziri olub. 2004-cü ildən səfir kimi diplomatik fəaliyyətdədir. M.F.Axundzadənin həyatından bəhs edən "Brüsseldən məktublar" pyesinin, nəsr əsərlərinin, Nəriman Nərimanov haqqında monoqrafiyanın müəllifidir.
   
   21 oktyabr 1932 - Xalq şairi, ədəbiyyatşünas, ictimai-siyasi xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 - 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının aparıcı simalarından olub, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, 9 ay Moskvadakı Lefortovo həbsxanasında saxlanılıb. 1995-ci ildə (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif olunub. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Davam edir 37”, “Türkün dünyası” və s.
   21 oktyabr 1932 - Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu, 1932 - 25.10.2000) Gürcüstanda, Borçalı mahalının Kürüstü Kəpənəkçi kəndində anadan olub.
   21 oktyabr 1935 - Ədəbiyyatşünas alim, professor Fəridə Ağaəli qızı Vəlixanova anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.
   22 oktyabr 1919 - Bəstəkar Ərtoğrul Hüseyn oğlu Cavid (1919 - 14.10.1943) anadan olub. Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun” şeirlərinə romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota salıb.
   22 oktyabr 1920 - Nasir Məmməd Aranlı (Məmməd Salman oğlu Ağayev; 1920-1950) Ağcabədidə anadan olub.
   22 oktyabr 1921 - Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 - 1.3.2005) Qərbi Azərbaycanda, İrəvan şəhərində doğulub.
   22 oktyabr 1940 - Əməkdar jurnalist, tərcüməçi, publisist Mailə Muradxanlı (1940 - 12.6.2010) anadan olub.
   22 oktyabr 1970 - Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Mollaağa Bəbirli (15.9.1905 - 1970) vəfat edib. “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.
   
   Dünya
   
   19 oktyabr 1862 - Dünya kinosunun yaradıcılarından sayılan Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.
   19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.
   19 oktyabr 1918 - Rus şairi, dramaturq, ssenarist Aleksandr Qaliç (Ginzburq) (1918-1977) anadan olub.
   19 oktyabr 1931 - İngilis detektiv yazıçısı Con le Karre (John le Carre - David John Moore Cornwell) anadan olub.
   20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud, 1854-1891) anadan olub.
   20 oktyabr 1905 - Amerikalı yazıçı, məşhur detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan, 1905-1982) anadan olub.
   20 oktyabr 1917 - Fransız kinorejissoru Jan-Pyer Melvil (Jean-Pierre Melville - Grumbach; 1917-1973) anadan olub. Filmləri: “Samuray”, “Kölgələr ordusu”, “Qırmızı dairə” və s.
   20 oktyabr 1919 - Məşhur başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.
   
   21 oktyabr 1772 - İngilis şairi və filosofu Semyuel Kolric (Samuel Taylor Coleridge, 1772-1834) anadan olub.
   21 oktyabr 1790 - Fransız romantik şairi Alfons de Lamartin (1790-1869) anadan olub.
   21 oktyabr 1833 - Məşhur isveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel, 1833-1896) Stokholmda doğulub.
   21 oktyabr 1896 - Rus dramaturqu, ssenarist Yevgeni Lvoviç Şvars (1896-1958) anadan olub. Filmləri: “Zoluşka”, “Don Kixot” və s.
   21 oktyabr 1928 -Tatar əsilli Rusiya aktyoru Radner Zinyatoviç Muratov (1928-2004) anadan olub. Filmləri: “Uğur centlmenləri” (Vasili Ali-Babayeviç), “Qalxan və qılınc”, “Qızıl buzov” və s.
   21 oktyabr 1945 - Rus kinorejissoru və aktyoru Nikita Mixalkov anadan olub. Çəkdiyi filmlər: “Qara gözlər”, “Günəşdən yorulmuşlar” (“Oskar” mükafatı, 1994), “Urqa - məhəbbət ərazisi”, “Sibir bərbəri”.
   
   22 oktyabr 1811 - Macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 - 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.
   22 oktyabr 1844 - Yəhudi əsilli məşhur Fransa aktrisası Sara Bernar (Sarah Bernhardt - Henriette Rosine Bernard, 1844-1923) anadan olub.
   22 oktyabr 1870 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1933) laureatı İvan Alekseyeviç Bunin (1870 - 8.11.1953) anadan olub. 1920-ci ildə Fransaya mühacirət edib. Əsərləri: “Qafqaz”, “Lənətlənmiş günlər”, “Arsenyevin həyatı”, “Günəş zərbəsi”, “Qaranlıq xiyabanlar” (hekayələr).
   22 oktyabr 1919 - İngilis fantast-yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2007) laureatı Doris Lessinq (Doris Lessing) İranın Kirmanşah şəhərində doğulub. Atası İranda ingilis ordusunun zabiti olub. Əsərləri: “Kanopus Arqosda” romanlar seriyası, “Beşinci uşaq”, “Nəcib terrorçu” və s.
   22 oktyabr 1943 - Məşhur fransız aktrisası Katrin Denev (Catherine Deneuve) anadan olub. Filmləri: “Şerbur çətirləri”, “Roşforlu qız”, “Gündüz gözəli” və s.
   22 oktyabr 1943 - Niderland kinorejissoru Yan de Bont (Jan de Bont) anadan olub. Filmləri: “Sürət”, “Qodzilla” və s.
   22 oktyabr 1946 - İtaliyalı müğənni, 60-70-cı illərdə böyük populyarlıq qazanmış Robertino Loretti (Robertino Loretti) anadan olub.
   22 oktyabr 2001 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Georgi Vitsin (23.4.1918 - 2001) vəfat edib. Məşhur filmləri: “Qafqaz əsiri”, “I” əməliyyatı”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.
   
   Hazırladı: Vüqar Orxan