Oktyabrın 20-də görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 90 ili tamam oldu. Artıq 19 ildir ki, unudulmaz sənətkar xatirələrdə, onu sevənlərin, ecazkar səsinin sehrinə düşənlərin qəlbində yaşayır...
   
   Şövkət xanımın 45 illik rəfiqəsi - müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarova əziz insan haqqında ürək sözlərini oxucularımızla bölüşür:
   - Şövkət xanımla dostluğumuzun böyük tarixi var. Tibb Texnikumunda təhsil alırdım. Sara Qədimova ilə bir yerdə oxuyurduq. Bir gün Filarmoniyadan məktəbimizə gəlib qızların arasından gözəl rəqs etmək, oxumaq qabiliyyəti olanları seçirdilər. Məni və Sara xanımı bəyəndilər. Filarmoniyaya dəvət olunduq. Onda Leyla Bədirbəyli “Səbuhi” filminə (1941 - red.) çəkildiyindən rəqs kollektivində onun yeri boş qalmışdı, ora məni götürmək istəyirdilər. Lakin anam razılıq vermədi. Atam repressiya qurbanı olmuşdu. Anam başsız qalan ailəmizin bir də mənə görə qınağa tuş gəlməsini istəmirdi. Mən rəqs etməsəm də, tez-tez Filarmoniyada Sara ilə görüşür, məşqlərə baxırdım. Elə orada Şövkət Ələkbərova ilə tanış oldum, o da sənətə yenicə başlayırdı. Hətta bir dəfə ifasına olan rəğbətimi də bildirmişdim. Bundan sonra o, həmişə mənimlə rastlaşanda salamlaşır, hal-əhval tuturdu. Sonra müharibə illəri... Könüllü olaraq ordu sıralarına yazıldım, tibb bacısı kimi xidmət göstərdim. Müharibədən sonra təhsilimi davam etdirdim. Nərimanov rayonunda ictimai-iaşə trestinə rəis təyin edildim. Tez-tez işçilərimiz üçün konsertlər təşkil edirdik. Belə tədbirlərin birinə Şövkət xanımı da çağırdıq. Məmnuniyyətlə gəlib çıxış etdi. Məni görən kimi tanıdı: “Sən Leyla Bədirbəylinin yerinə seçilən qız deyilsən, bəs niyə sonra görünmədin?”. Olanları ona danışdım, maraqla dinlədikdən sonra dedi: “Əhsən, beş ayın gəlini vətən uğrunda döyüşməyə gedib, özü də könüllü. Səndə olan cürətə mat qaldım... O vaxtlar biz də cəbhədə çoxlu konsert proqramları ilə çıxış etdik”.
   Həmin vaxtdan (50-ci illər idi) münasibətlərimiz möhkəm dostluğa çevrildi, ürək sirdaşı olduq. Tanrı ondan heç nəyi əsirgəməmişdi: gözəl sima, boy-buxun, yaraşıq, məlahətli səs, xoş xasiyyət... Çox qonaqpərvər, həssas qəlbli, əliaçıq insan, fədakar dost, rəfiqə idi. Övladları ilə nəfəs alırdı, onların nazını çəkməkdən yorulmazdı. Müharibədən qayıtmayan qardaşı Ələkbərin qızı Sevdanı da öz evinə gətirib himayəsinə almışdı. Digər qohumlarını da diqqətdən qaçırmırdı. Kimin nəyəsə ehtiyacı olduğunu duyan kimi özü ona yaxınlaşıb dəstək verirdi.
   Dünya malında gözü yox idi. Yaxşı yadımdadır, Xan əminin qızı Şirinin (Xalq artisti Fikrət Verdiyevin həyat yoldaşı) toyuna - Gəncəyə gedirdik. Yolda maşından düşməli olduq, qapını açarkən Şövkətin boynundakı əntiq mirvari (onda belə zinət əşyaları çətin tapılırdı) qapıya ilişib qırıldı, dənələrin hərəsi bir tərəfə töküldü. Biz tez mirvariləri axtarıb yığmağa başladıq. Şövkət isə soyuqqanlıqla bizi bu işdən əl çəkməyə çağırırdı: “Siz Allah, özünüzü yormayın, təki itən bunlar olsun, qismət belə imiş, toya gedirik, üstünüzü toz-torpağa bulamayın”.
   Sanki həyatda daha qiymətli nəsə itirəcəyi ürəyinə dammışdı, ona görə də “təki itən bunlar olsun”,- deyirdi. Qızı Natellanı vaxtsız itirməsi ona çox ağır zərbə oldu. Belə faciəni yaşayacağı heç vaxt ağlına gəlməzdi. O, həmişə dua edəndə deyirdi: “Allah səsimi əlimdən almasın, necə veribsə sona kimi elə də qalsın”. Amma qızını ölümün əlindən almaq üçün düşünmədən canını da, səsini də qurban verərdi...
   Gənclərə xüsusi qayğı göstərirdi, deyirdi ki, sənətimizi onlar davam etdirəcəklər. Şövkətin evində həmişə məşhur incəsənət adamlarına rast gələrdim. Lirik bəstəkar mahnılarını necə gözəl oxuyurdusa, muğamatı, segahı da elə yüksək səviyyədə ifa edirdi. Mən ikinci elə səs, ifa eşitməmişəm. Onun oxuduqları indi də qulaqlarımda səslənir. Çox təəssüflənirəm ki, 90 illik yubileyimizi bir yerdə qeyd etmək qismət olmadı. O, bizimlə olmasa da, mahnıları həmişə evimizdə səslənir, ailəsi ilə indi də dostluq edirik. Bircə onu bilirəm ki, Şövkətdən yox idi və çətin ki, bir də olsun...
   
   İradə