Azərbaycanın Xalq rəssamı Bədurə Əfqanlı 1912-ci ildə Bakı şəhərində anadan olub. Rəssamın sonsuz istedadı ilə çalışqanlığının vəhdəti ortaya mükəmməl sənət nümunələri çıxarıb.
Deyirlər, hər bir sənətkarın, yaradıcı şəxsin formalaşmasında mühit mühüm rol oynayır. XX əsrin əvvəllərində Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində belə bir mühit mövcud idi. Dövrün tanınmış ziyalılarından olan Məlik Ağamalovun rəsm çəkməyə böyük həvəsi var idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyatmağa çalışardı. Onun arzusu ürəyində qalmadı. Böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olmağa başladı. Kiçik qızı Bədurə isə rəssamlığa maraq göstərirdi. Sonralar Azərbaycanın ilk qadın teatr rəssamı olacaq Bədurə Əfqanlı belə bir mühitdə böyümüşdü.
Bədurə kiçik yaşlarında yayda ailəsi ilə Novxanıdakı bağ evlərində dincələrdi. Təbiətə, rənglər aləminə marağı da elə dəniz kənarında dalğalara, qağayılara diqqət kəsildiyi vaxtlardan başlamışdı. Əvvəlcə pedaqoji məktəbdə oxusa da, həvəsi onu rəssamlıq dünyasına çəkdi, Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil oldu. Burada oxuduğu müddətdə teatr rəssamı olmaq qərarına gəlir. Diplom işinin mövzusu Uilyam Şekspirin “Otello” faciəsi olur. Çəkdiyi eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng çalarları onun özünəməxsus sənət duyumunu göstərir. Diplom işini uğurla başa vurur.
İlk tərtibat verdiyi səhnə əsəri Rza Əfqanlının (Bədurə Əfqanlının həyat yoldaşı) quruluşçu rejissor olduğu “Qaçaq Kərəm” tamaşası olur. Onlar uzun illər birgə çalışır, bir çox tamaşalara uğurlu səhnə həyatı verirlər. Hüseyn Cavidin “Şeyx Sənan” faciəsini, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasını, Cəfər Cabbarlının “1905-ci ildə”, “Sevil” pyeslərini səhnələşdirərək ərsəyə gətirirlər.
1938-ci ildə Bədurə Əfqanlının yaradıcılığında yeni mərhələ başlayır. O, Azərbaycan Dövlət Dram Teatrına dəvət alır. 1960-cı ilədək bu kollektivdə tərtibatçı və geyim üzrə rəssam olaraq çalışır. Həmçinin Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşalarına geyim eskizləri çəkir.
Sənətkarın eskizləri, bədii tərtibat verdiyi əsərlər özündən sonrakı rəssamlar üçün məktəb olub. Onun yaradıcılığında həmişə bir ana xətt olub - geyimləri elə seçmək ki, quruluş verilən əsərin mahiyyətini tamaşaçılara tam çatdırmaq mümkün olsun. Bunun üçün rəssam təkcə palitradakı rəng çalarlarına və Tanrının ona verdiyi istedada arxayın olmurdu. O, geyimlərini hazırlayacağı əsəri diqqətlə oxuyur, həmin dövrün reallığını anlamağa çalışırdı. Bədurə Əfqanlının bu yaradıcılıq qayəsini uğurla həyata keçirdiyini söyləmək olar. Rəssamın daim axtarışda olması, öz üzərində işləməsi onun istedadı ilə həmahənglik təşkil edərək mükəmməl işlərin ərsəyə gəlməsinə gətirib çıxarırdı.
1940-cı ildə rəssam Əsgər Abbasovla “Müsibəti-Fəxrəddin” (Nəcəf bəy Vəzirov) tamaşasına tərtibat verir. Bundan sonra Süleyman Sani Axundovun “Eşq və intiqam” (1943), Uilyam Şekspirin “Otello” (1949 və 1959-cu il quruluşları), Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, “Köhnə dudman”, Boris Lavrenyovun “Amerikanın səsi” (1950), Cəfər Cabbarlının “Od gəlini”, Hüseyn Muxtarovun “Ailə namusu” (1951), Karlo Haldoninin “Məzəli hadisə”, Vadim Sobkonun “İkinci cəbhə arxasında” (1952), Nazim Hikmətin “Türkiyədə” (1953), Maksim Qorkinin “Vassa Jeleznova” (1954) və s. əsərlərinin tamaşaya hazırlanmasında tərtibatçı rəssam kimi çalışıb.
Bədurə Əfqanlı Milli Dram Teatrında Cəfər Cabbarlının “Aydın”, Məmmədhüseyn Təhmasibin “Bahar” (1940), “Aslan yatağı”, Mirzə İbrahimovun “Məhəbbət” (1942), Zeynal Xəlilin “Qatır Məmməd”, Səməd Vurğunun “İnsan” (1945), Leonid Malyuginin “Köhnə dostlar”, İlyas Əfəndiyevin “İşıqlı yollar” (1947), “Bahar suları” (1948), Cəfər Cabbarlının “Solğun çiçəklər”, Lope de Veqanın “Rəqs müəllimi” (1949) tamaşalarında geyim eskizlərini çəkib. Opera və Balet Teatrında “Sevil” (Fikrət Əmirov), “Leyli və Məcnun” (Üzeyir Hacıbəyli) operalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında “Vaqif” və “Aydın” tamaşalarının geyim eskizlərini hazırlayıb.
Onun işləri emosional zərifliyi, lirizm aşılanmış şuxluğu, poetik təravəti ilə seçilib. İncə tapıntıları ilə milli qadın geyimlərinə cazibəli yeniliklər gətirib. Rəssamın sadə, ancaq dərin məzmunlu kompozisiya qurmaqda, səhnə tərtibatındakı bütün detalları tamaşanın obrazı ilə əlaqələndirməkdə xüsusi bacarıq və səriştəsi olub.
1960-cı ildən Bədurə Əfqanlının yaradıcılığında növbəti mərhələ başlayır. Sənətkar “Azərbaycanfilm” kinostudiyasında geyim rəssamı kimi çalışır, “Koroğlu”, “Leyli və Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd” kimi bədii filmlərə geyim eskizləri çəkir. Qeyd etmək yerinə düşər ki, Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi uzun illər Bədurə Əfqanlının məsləhət bildiyi geyimlər əsasında konsertlərə çıxıb.
Rəssamlıq sənətində qazandığı nailiyyətlərə görə Bədurə Əfqanlıya “Əməkdar incəsənət xadimi” (1949) və “Xalq rəssamı” (1974) fəxri adları verilib. Sənətkar “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Onun bir çox əsərləri Dövlət Teatr Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır. Yaradıcılığı bir çox teatr və kino rəssamları üçün örnək olub, çünki sənətkar özündən sonra gələcək nəsillər üçün zəngin irs qoyub gedib. Ömrünün 70 ilini sevdiyi sənətinə həsr etmiş ilk azərbaycanlı qadın teatr rəssamımız Bədurə Əfqanlı 2002-ci il mayın 7-də dünyasını dəyişib.
Aygün İbadova,
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi