Azərbaycan
   
   23 oktyabr 1944 - Xalq artisti, tanınmış aktrisa Lyudmila Semyonovna Duxovnaya anadan olub. 1963-cü ildən S.Vurğun adına Dövlət Rus Dram Teatrında çıxış edir.
   23 oktyabr 1993 - Görkəmli muğam ustası, qəzəlxan-şair, Xalq artisti Hacıbaba Hüseynov (3.3.1919-1993) vəfat edib. Uzun illər A.Zeynallı adına Musiqi Məktəbində muğamatdan dərs deyib, xanəndələr yetişdirib.
   
   24 oktyabr 1882 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 - 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (“Ana”, "İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə (26 oktyabr) Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə ədibin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
   24 oktyabr 1910 - Etnoqraf Məmməd Nəsir oğlu Nəsirli (1911-1979) anadan olub.
   24 oktyabr 1929 - Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Faxralı kəndində doğulub.
   24 oktyabr 1949 - Bəstəkar Firəngiz Seyfəl qızı Babayeva anadan olub. Piano üçün pyeslər, prelüdlər, mahnıların müəllifidir.
   
   25 oktyabr 1912 - Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 - 7.5.2002) anadan olub. "Azərbaycanfilm"də geyim üzrə quruluşçu rəssam ("Məhəbbət dastanı", "Dəli Kür", "Dədə Qorqud" və s. filmlər) işləyib.
   25 oktyabr 1912 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub.
   25 oktyabr 1921 - Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 - 27.7.1992) anadan olub. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (1959, Dilarə), "Aygün" (1961, Aygün), "Əhməd haradadır?" (1964, Nərgiz xala), "Arşın mal alan" (1965, Cahan xala) filmlərində yaddaqalan obrazlar yaradıb.
   25 oktyabr 1923 - Bakıda Rus "Tənqid-təbliğ" Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Rus Dram Teatrı adlandı.
   25 oktyabr 1925 - Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov Bakının Əmircan kəndində doğulub. Aşqabad Universitetini bitirib, Türkmənistan mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayır. “Mustafaxanın xəzinəsi”, “İslam dünyasının cəngavəri”, ”Taxta çıxan əkinçi”, ”Cənuba yürüş”, ”Bəhrəmgurun məhəbbəti və kədəri”, ”Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.
   25 oktyabr 1930 - Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şaxtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.
   25 oktyabr 1935 - Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935-22.8.1999) anadan olub.
   25 oktyabr 1954 - Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883, Bakı, Hövsan - 25.10.1954) vəfat edib. “Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib, Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, 1924-cü ildən Dövlət Dram Teatrında çalışıb. “Bismillah", "Hacı Qara", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilib.
   25 oktyabr 1960 - Əməkdar artist Sənubər Sabir qızı İsgəndərli Bakıda doğulub. Gənclər Teatrında çalışıb, 1997-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. “Kişi sözü", "Fəryad" və s. filmlərdə çəkilib.
   25 oktyabr 2008 - Dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayev (17.8.1942 - 2008) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
   
   26 oktyabr 1925 - Ədəbiyyatşünas, yazıçı-publisist Qafar Herisçi (1925 - 24.5.1997) anadan olub. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda fəal iştirak edib.
   26 oktyabr 1948 - Yazıçı-publisist Ağarəhim Rəhimov Ucar rayonunun Boyat kəndində doğulub. "Gəlinqayada qoşa məzar", "Ovlaq keçidi" və s. kitabların müəllifidir. "Canavar balası", "Qırmızı qar" əsərləri əsasında bədii filmlər çəkilib.
   
   Dünya
   
   23 oktyabr 1817 - Fransız ensiklopediyaçısı, XIX əsrin ən böyük (17 cild) ensiklopedik lüğətinin tərtibçisi Pyer Larus (Pierre Athanase Larousse, 1817-1875) anadan olub.
   23 oktyabr 1844 - Alman rəssamı Vilhelm Leybl (Wilhelm Maria Hubertus Leibl, 1844-1900) anadan olub.
   23 oktyabr 1920 - İtalyan uşaq yazıçısı Canni Rodari (Gianni Rodari, 1920-1980) anadan olub. “Çippolinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.
   23 oktyabr 1932 - Rus yazıçısı Vasili İvanoviç Belov anadan olub. Əsərləri: “Ərəfələr”, “Böyük dönüş ili”, “Hər şey irəlidədir” və s.
   23 oktyabr 1942 - Amerika fantast-yazıçısı Maykl Krayton (John Michael Crichton, 1942-2008) anadan olub. “Yura dövrünün parkı” əsəri əsasında eyniadlı film (Stiven Spilberq) çəkilib.
   
   24 oktyabr 1882 - Macar bəstəkarı İmre Kalman (Imre Kalman, 1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.
   24 oktyabr 1911 - Məşhur rus aktyoru, rejissoru, SSRİ Xalq artisti Arkadi Raykin (1911-1987) anadan olub. Miniatür estrada teatrının yaradıcısıdır. Filmləri: “Biz sizinlə haradasa görüşmüşük”, “İnsanlar və manekenlər”, “Dünən, bu gün və həmişə”.
   24 oktyabr 1945 - Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür.
   24 oktyabr 1947 - Amerika aktyoru Kevin Klayn anadan olub. Filmləri: “Fransız öpüşü”, “Vanda adlı balıq” (“Oskar”, 1988), “Çaplin” və s.
   
   25 oktyabr 1838 - Görkəmli fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838-3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.
   25 oktyabr 1864 - Qırğız milli ədəbiyyatının banilərindən biri, şair Toktoqul Satılqanov (1864-1933) anadan olub.
   25 oktyabr 1881 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
   25 oktyabr 1924 - Türkçülüyün əsas ideoloqlarından biri, şair və publisist Mehmet Ziya Göyalp (1876-1924) vəfat edib.
   25 oktyabr 1926 - Rus opera müğənnisi, SSRİ Xalq artisti, məşhur bakılı musiqiçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya anadan olub.
   25 oktyabr 1931 - Fransız kinoaktrisası Anni Jirardo (Annie Girardot) anadan olub. Filmləri: “Rokki və onun qardaşları”, “Yaşamaq üçün yaşamaq” və s.
   25 oktyabr 1938 - Rusiyanın Xalq artisti, məşhur aktrisa Tamara Petrovna Syomina anadan olub. Filmləri: “Dirilmə” (Katerina Maslova), “Qızıl buzov”, “Əbədi çağırış”.
   
   26 oktyabr 1685 - İtalyan bəstəkarı Domeniko Skarlatti (Giuseppe Domenico Scarlatti, 1685-1757) anadan olub.
   26 oktyabr 1842 - Görkəmli rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşagin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.
   26 oktyabr 1880 - Rus poeziyasında simvolizmin banilərindən biri, yazıçı, ədəbiyyatşünas Andrey Belıy (əsl adı Boris Nikolayeviç Buqayev, 1880-1934) anadan olub.
   26 oktyabr 1912 - Amerika kinorejissoru, “Oskar” laureatı Don Siqel (Donald Siegel, 1912-1991) anadan olub. Filmləri: “Gecədə ulduz”, “Qatillər”, ”Hitler sağdır” və s.
   
   Hazırladı: Vüqar Orxan