Gahdan da bir pərdə “Dügah”i, bir barmaq “Çahargah”i...
   
   Bu yazının yalnız adı qələmin. Odu, ladı, dadı-ləzzəti ulu Tarın və onun örnək piri Qurban Pirimovun...
   “Pozu” qoşulu “yazı”ya nə var ki, ay “Yetim”, ey “Zabul”, ya (!) “Mirzə Hüseyn” və hoy “Xaric” qoşqulu “Segah”!? Sel-su axarlı bal dilimizin “şəhd-şəkkər” dəryasına baş vuruban minbir yazıb, min pozuban axırda lap “doqquzuncu val” yaradanlarımız azmı olub, ey sənət mizraqlı cənnət mizrablım?!.
   
   Zaman-zaman təlqin etdiyin aliməqam muğam yolundan - heyrəti-“Heyratı” ladından, mənsuri-“Mənsuriyyə” üslubundan çıxammayaraq davam edirəm; yazmağa nə var?! Bir abbasılıq qələmi qoyursan bir qaraqəpiklik ağ kağızın üstünə, başlayırsan qaralamağa. Bu ildırımlı internet əsrində yavaş-yavaş çıxdaşlaşıb arxaikləşməkdə olan fağır qələm də ki... hədəfli mizrabmı, kağız - sədəfli pərdəmi ki, yanılanda aləm bir-birinə dəyə? Sözdür də, - “məşhur” yerinə məhşur yazdın, neynək, redaktor və ya korrektor ortadakı hərflərin yerini dəyişəcək. Yaxud “usta tarzən” yazdın, gördün yox, bu, Qurban Pirimovluq deyil, təyinin sonuna bir “d” əlavə edirsən və qurtarıb gedirsən. Kəsəsi (yaxud, bir sözlə), qareyə (və ya oxucuya) çatana qədər nəxəntərə (ədəbicə: nə qədər) qaralamalayırsan-qarala, təki mətbu ağlamada “dır-bır” mövzulu dara-bara baş verməsin.
   Düzdür, təkrarsız söz dahimiz sözü “...hər ləhzə yoxdan olur var” kimi dəyərləndirib, amma bəyəm sənin qənirsiz gözəllər üzündəkilərə bənzər xalların, çınğı-yanğı qığılcımların vardanmı var olur, Tar?! Sənin “çıxış”larında, “nitq”lərində, “məruzə”lərində elə ifadələr, “bitmiş (və bişmiş) bir fikri ifadə edən bir və bir neçə sözdən ibarət” elə cümlələr, “vəziri-xani” hekayətlər var ki, vallahi, hələ indiyədək heç bir müdrik elə ibarələr işlətməyib. “Mayə”ndə qəlblər üstə çəkdiyin yaxmac-yaxılar var ki, belələri hələ tibbi-sənayedə ixtira olunmayıb, bah “Segah”! “Üşşaq”ındakı ağsaqqalanə hikmətlərə hələ heç bir aşıq-dastanda, kitab-dəftərdə, xalqarası gapstanda rast gəlinməyib, məsti-“tost” “Rast”!..
   ...Mətləb üstünə belə “dolan-gəl”məyimin bəhanəsi “söz sözü çəkdi”dirsə, səbəbi - yazı qəhrəmanımın ifa “təhkiyə”silə ilgilidir; deyirlər, Qurban əmi hər muğamın mətləb-mətləsinə çox gendən gələr, özünəməxsus güllər vurar, gərəkən məram-məqamı tam bişirib-düşürəndən sonra xanəndəyə ayaq verərmiş.
   “...Gendən gələrmiş” dedim, məsafə (meydan) anlamı verən bu sözün şəcərə, zat omonimi gəldi eynimə. Belə ki, bu böyük ustadın istedadı -
   
   Gendən gəlib
   
   “Külli-Qarabağın abi-həyatı...” həm də belə dadlı-tamlı sənət adamları hesabına “...Nərmənazik bayatıdır, bayatı” olmayıbmı?..
   Özündən yüz il əvvəl bu ustadın nəsil-nəcabət şöhrəti doğulub. Babası - məşhur Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün gözü olub. Sonrakı yüzilin 80-ci ilində o böyük sazəndə-xanəndə ocağının gələcək tarzəni doğulub və müqəddəs bayramla ilgili olaraq, adı Qurban qoyulub. Onun da sənədinə bənzərsiz sənət yurdlarımızın adı düşüb: Şuşa qəzası, Abdal Gülablı kəndi. On yaşından on üçünə qədər atası onu çox imtahanlara çəkib; zəhmət və sənəti övladına qoşa qanad edib. Tarda çalıb irəli getdiyi bütün pərdələrdən ən azı üç dəfə geri qaytarırmış (bunu yadda saxlamalı). On dördündə - bığ yeri təzəcə tərlədiyi yaşda isə “Sudan gələn sürməli qız”ı necə çalıbsa, o çağadək ot-alafdan (və bir də hər yay dağa köç zamanı Hoğa kəndindəki oğru dığalara verdiyi “dədə vay”lardan) savay heç nə çalmamış ata əlləri sürəkli bir çəpik çalıb. On beşində niyə məhz bu mahnını gündə qırx yol - özü də bu yanğıyla havalandırmasının səbəbkarından da duyuq düşüb. Hələ bir gün də bu qapıdan gündə 10-15 dəfə keçərək suya gedib-sudan gələn bir sürməsiz qızcığaza yönəli - oğluna bir “arifi” göz də vurub (bunu yadda yox, segahi-ladda saxlamalı)...
   Xatirələrə görə, on dördündə atasının alqışını, on beşində ustadlar ustadı Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında adlı-sanlı xanəndələri müşayiət etməyə başlayır. Hərdən Azərbaycan sərhədlərindən kənarlara - Qafqazlara dəvət alır. Bu qos-qoca alət çox gənc Qurbanın kövrək sinəsində daha bir örnək-yuva tapır. O toyların birində böyük xanəndə İslam Abdullayev “Bu yaşda tarı sinəsinə bütöv bir Şərq balasıtək sıxıb, Azərbaycan anasıtək dilləndirən Qurban”ı görüb, onu özünə daimi müşayiətçi götürür. Lakin Qurbanın gündən-günə yayımlanan şöhrəti onun simasında böyük qənimət əldə etmiş xanəndənin arzularına “qənim” kəsilir. Belə ki, 1905-ci ildə Gəncə toylarının birində Qurbanın ifasına vurulan Cabbar Qaryağdıoğlu onu (İslam Abdullayevdən razılıq alaraq) özü ilə Bakıya gətirir.
   O, Bakıya düşəndə bu şəhərdən tək neft iyi yox, böyük sənət qoxusu da gəlirdi. Artıq dillər “O olmasın, bu olsun” deyir, “Arşın mal alan”dan danışır, əllər “Molla Nəsrəddin”i bir-birinə ötürür, kəllələr hürriyyəti-cümhuriyyət haqda düşünürdü. Və... qədim Azərbaycan mədəniyyəti yepyeni bir sənət övladına hamilə idi. 1908-ci ildə həmin əsər-övlad - “Leyli və Məcnun” doğuldu və 28 yaşlı Qurban bu operanın ilk tamaşasında orkestrin solisti oldu.
   Sonralar... dövrün bu nadir sənətkarının yaşı üstünə yaş gəlməkdə, sənətimizin, mədəniyyətimizin mənəvi sarayının daşı üstünə daş qoyulmaqda. Qurban-Məcnun da öz həyat Leylisini tapıb evlənsə də, çöllər “Leyli-Məcnun”una məhəbbəti səngimədi. 1908-i 1918-ə, 28-ə... 58-ə caladı. Və deyirlər, min dəfə çaldığı o tamaşalarda bu qədim-qayım kişinin üzü bircə kərə gülmədi. Nədən ki, nə qədər çalıb-çağırıb çalışsa da, Leylini Məcnuna verə bilmədi...
   Məclislər başı, üzüklər qaşı, duyğular çeşməsi, məhəbbətlər hədəfi sədəflim! Sənin “saznan dediklərini” biz də söznən deyək. Xatiratlar çox olsa da -
   
   Son xatirə “təsnif”i...
   
   Könlünüzü “sarı sim” üstə kökləməli və əhvalatın “şah pərdə”sində bəkləməli...
   Yuxarıda demişdim axı, on dörd-on beşində hər bir yanlış xala görə atası onu dəfələrlə süftə hala - səslənişi bəd çıxsa da - dala qaytarıb. Və yəqin elə bir də buna görə səksən beşində - 1965-in 10 avqustunda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində 23 dəqiqə çəkən “Rahab”ı elə rübablayıb ki, tamaşaçıların tufan-alqışları altında düz üç kərə səhnəyə qayıtmalı olub. Bu qayıtmaların birincisində gülümsünüb, ikincisində qayğılanıb, üçüncüsündə isə - gah alqışçılara, gah səbəbkara mat-mat baxan gənc ifaçılardan biri onun qolundan yapışmalı olub. Sonra da bir az öncə qalxdığı stula oturub, üzrxahlıq və minnətdarlıq dolu baxışlarla salona göz gəzdirib və səhnəni tərk edib. Həmin anlar emosiyalarını çəpiklərlə ovudan o tamaşaçıların ağlına gəlməzdi ki, hələ görünüşü qıvraq, mizrabı şaqraq olan bu ustad vur-tut 19 gündən sonra - 1965-ci il avqustun 29-da dünyasını dəyişəcək.
   Amma o tamaşaçılar, bütün musiqi ictimaiyyəti belə bir mətləbin fərqindəydilər ki, çox xanəndələri müşayiət etsə də, o ustadın ən çox bağlandığı Xan Şuşinski bu itkidən nələr çəkir. Axı onun “Tardan Ərəbzəngi kimi bac alan Qurban qağa”sı onu bağrı-badaş həyat dostluğunda (səhnə heç - burada kimsə tapılır) tənha qoyub getmişdi! Daha hansısa şöbədə, keçiddə, ayaqda hansı çaları vurğulamağı arifi him-cimlərlə qurğulayan, baxışlarını göydə tutan ustad qeybə çəkilmişdi...
   Amma nə qəm, sən ki oxursan dəmadəm!

   Oxu, tar!
   
   Oxu, ey “geniş kütlənin şirini, şərbəti, alovlu sənəti!” Susma, öt, oxu ki, tellərin keçmişi də oyadar. Oxu ki, səndə çox ustad ruhu var...
   Duyğularımızı lap tar-mar üstə köklə, canlı sənət varlığım, cənnət yarlığım, oxu! Çalınıban-çal və bu dəm o ustadın - elə bir sənətkarın xəyalına dal ki, səndə onun da sevgili-yar ruhu var! Yüz illərdi şikəstələdiyimiz “...simi gözlər” ehtiyatkarlığımızın “acığına” o telləri tarzənsiz-mizrabsız - dəli bir zərbi-eşq ilə dindir. Qırılsa, Dəmirçioğlunun xan Eyvazın xilasına yönəlik dediyi məsələ - “suçunu boynuma mindir”.
   Hə, dədə-baba yadigarı, cəmi aşiq-məşuqlar yarı, oxu! Oxu, öt və aradabir “səni kim unudar?!” kimi avtosual-nidalarına belə bir səda da qat: “Ey bu sənətə kəm baxanlar, “Oxuma, tar! İstəmir səni proletar! Səndə çalınmır “Qatar”!” - deyə, sovet ildırımı çaxanlar, ehtiyatlı olun, sizi belə ustadların ruhi-ahı tutar!”
   Oxu, bu gün ən müasir salonları, ən gənc məclisləri də qocaman Şərq xəyalatına daldıran, şəbəkə-şəbəkə şöbələri, ağsaqqal-ağsaqqal “mayə”ləri, asta-becid keçidləri, “güli-rüxsarinə qarşu” gedişlərilə bizi “ahəstəcə qandıran”, səni-tarı susma, oxu!
   Çal və bizlərdən bütün həzz duyğularımızın, zövqi hisslərimizin, mənəvi, cismi, ismi hallarımızın o ruha dair daha bir tərif-“tarif”ini al. Çal, qoy hətta “yeyib-içən oğlanlar” da görsünlər ki, adam tək elə “gillədibən” yox, dinləyibən də hallana və hallandıra bilər. Beləliklə;
   Sən - səni barmaqları ilə nəinki təkcə dilləndirən, həm də gül-gül gülləndirən;
   Sənin - əsl Azərbaycan tarının yaradıcısı Sadıqcandan bilavasitə dərs alan;
   - Sənə - öygü-sevgilərlə ithaf edilən saysız-hesabsız şeirlərin əzəl mübtədası olan;
   - Səni - “...sinəsinə bütöv Şərq balasıtək alan” (İslam Abdullayev), “Mizrabıyla gürzə tək çalan” (Seyid Şuşinski);
   - Səndə - “...gah meh kimi qəlb mənzilinə dolan, gah tufan salan” (Sadıqcan);
   - Səndən - “Ərəbzəngi kimi bac alan” (Xan Şuşinski) Qurban Pirimovdan danışırsan...
   Həmkarlarının dediyi öygülər haqda bu qədər. İndi də gözəl və özəl şairimiz Famil Mehdinin - sənin həmyerlinin beş bəndlik bir qoşmasından iki bəndin bəndinə düşək ki, qoy dünyasını “Qarabağ dərdilə bahəm” dəyişmiş “həmişə yanmaq peşəli” o kişinin də ruhu bir yadımlıq şad olsun:
   
   Min hava çalınır könül tarımda,
   Dünyanın nə çoxu, nə azıyam mən.
   Fəsillər görüşür duyğularımda,
   İlin həm qışıyam, həm yazıyam mən.
   
   Dinlə “Çahargah”ı, eşit “Qatar”ı -
   Könül dünyasının sərvəti, varı.
   Ələsgərin sazı, Qurbanın tarı,
   Seyidin, Cabbarın avazıyam mən...
   
   Elə onun “Xalq artisti” adı, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri, neçə-neçə filmoqrafiya fakturaları, adı çəkiləndə köhnə və müasir sənət adamlarının təzimanə duruş-baxışları da az xatirələr söyləmir. O xatirə-sözlərə belə birisini də qoşaq: Qurban Pirimov tardan çox gec - əsrlərlə gec doğulsa da, adı, şöhrəti bu milli sərvət-alətin gələcəyi qədər yaşayacaq...
   
   Tahir Abbaslı