Unudulmazlar
Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi olan Əkbər Ağayev həm də pedaqoji fəaliyyətlə məşğul olan, gələcək kadrların yetişməsində böyük zəhmət çəkmiş bir şəxsiyyət idi. Çoxsahəli yaradıcılığa malik olan Əkbər Ağayevin eyni zamanda mükəmməl tərcüməçilik qabiliyyəti vardı. Rus və Avropa ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərinin Azərbaycan oxucularına tanıdılmasında onun inkaredilməz əməyi olub.
Əkbər Ağayev 1915-ci ilin yazında, Novruz bayramı ərəfəsində Şuşa şəhərində anadan olub. Bakıda ali məktəbdə oxuduğu illərdə Azərbaycanı bürümüş repressiyaların mənəvi əzablarını çəkənlərdən biri də o olub. Sevimli müəllimlərinin, əsərlərini oxuduğu şair və yazıçıların güdaza getdiyi o illər Əkbər Ağayevin qəlbində ağır izlər buraxdı. Çox sonralar o, həmin günləri dərin kədərlə xatırlayırdı.
1937-ci ildə ali məktəbi bitirən Əkbər Ağayev SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirib. Moskva Ali Diplomatiya Məktəbində oxuyub, bir müddət «İzvestiya» qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında çalışıb. Sonradan Bakıya qayıdan Əkbər Ağayev bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor işləyib. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Əkbər Ağayev Azərbaycan Pedaqoji, Xarici Dillər institutlarında, BDU-da müəllim, kafedra müdiri və fakültə dekanı işləyib. Sonralar onun əmək bioqrafiyasına Nizami adına Ədəbiyyat İnstitutu da yazıldı. Burada şöbə müdiri vəzifəsində çalışdı.
Ədəbi fəaliyyətə ötən əsrin 30-cu illərində başlayan Əkbər Ağayev Azərbaycan ədəbiyyatının aktual məsələləri ilə bağlı araşdırmalar apararaq qısa zamanda tələbkar tənqidçi kimi tanınmışdır. Taleyini milli ədəbiyyatın inkişafına, yaşadığı dövrün ədəbi prosesinə bağlayan Əkbər Ağayevin tənqidçilik diapazonu heç bir janr məhdudluğu bilmirdi. Şeir, nəsr, dramaturgiya kimi ədəbi növlərin hər biri haqqında əsl xiridar, qədirşünas ədəbiyyatçı, sərraf qabiliyyəti olan tənqidçi kimi yazmışdır. İlk qələm məhsulundan tutmuş ömrünün sonuna kimi nə yazmışdısa, mükəmməl alınmışdı. O bir ədəbiyyatşünas kimi ədəbiyyat tarixi, onun bilavasitə nəzəri məsələləri haqqında, eləcə də Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev və digər Azərbaycan klassiklərinin yaradıcılığına güzgü tutaraq sanballı əsərlər yaratmışdır.
Filologiya elmləri doktoru, professor Əkbər Ağayev ədəbiyyatşünaslıq sahəsində məhsuldar işləyən alimlərdən idi. Cəlal Abdullayev yazırdı: «Alimin təkcə «Nizami və dünya ədəbiyyatı» (1964) adlı məşhur monoqrafiyası onun fikir və zəka vüsətini lazımi şəkildə dərk etmək üçün tam təsəvvür yaratmağa kifayət edərdi. Bu əsər göstərir ki, müəllif Şərqi də, Qərbi də öz doğma ədəbiyyatı qədər bilir və sevir».
Məlum olduğu kimi, başqa xalqların mənəvi sərvətini sevmək, onu doğma övlad məhəbbəti ilə tədqiq etmək, araşdırmaq əsl tolerantlıq nümunəsidir. Bu sahədə də Əkbər Ağayevi mükəmməl tədqiqatçı kimi dəyərləndirmək olur. Onun «Qədim yunan ədəbiyyatı tarixinin oçerkləri» (1938), «M.Y.Lermontov və Azərbaycan» (1941), «A.İ.Gertsen» (1962) adlı kitabları dediklərimizə nümunədir.
Əkbər Ağayev publisistika, bədii tərcümə sahəsində ardıcıl və məhsuldar işləyən müəlliflərdən idi. Dünya ədəbiyyatının, rus və Avropa yazıçılarının bir çox klassik əsərlərinin ana dilimizə tərcüməsi məhz onun qələminə məxsusdur. A.Puşkin, N.Qoqol, M.Lermontov, N.Ostrovski, D.Defo, N.Bualo, Ç.Dikkens, J.Vern və başqa sənətkarların bir sıra əsərlərini ana dilimizə Əkbər Ağayev tərcümə etmişdir.
O həm də geniş biliyə malik mahir pedaqoq idi. Ali məktəblərimizdə xarici ədəbiyyat tarixi, tənqid tarixi kurslarından mühazirələr oxuyub. Əkbər Ağayev qəzetçilik, tərcüməçilik, tənqidçilik, təşkilatçılıq işlərini həmişə müəllimlik sənəti ilə, pedaqoji işlə ecazkar şəkildə əlaqələndirməyi bacaran və həmişə də canlı mühazirəçi sözünü, pedaqoq sözünü üstün tutan bir müəllim idi. O, ədəbi və elmi gəncliyin ən böyük dostu idi. Gənclərlə dostluq etməyi, onlara məsləhət verməyi, hər biri ilə eyni yaş səviyyəsində rəftar etməyi bacarırdı. Ondan dərs alanlar həmişə Əkbər müəllimi özlərinə ustad, mənəvi ata hesab edərdilər. Həm də gözəl natiqlik qabiliyyətinə malik olan Əkbər müəllim çox həssas təbiətli, musiqini, incəsənəti sevən, şeiri, sənəti qiymətləndirən bir şəxsiyyət idi. Sağlığında 6 kitabı, 20-yə yaxın tərcümə nəşri işıq üzü görüb.
Əlbəttə, Əkbər Ağayev sovet dövründə yaşayıb-yaradan tənqidçilərimizdən idi. İstər-istəməz dövrün tələbləri də onun yaradıcılığından izsiz keçməmişdi. Digər həmkarları kimi o da ədəbiyyatda Lenin irsinə, sovet realizminə təriflər demişdi. Bütün bunlarla yanaşı, milli ədəbiyyatla bağlı araşdırmalarında, fikir və tövsiyələrində heç bir zaman yanlışlığa yol verməmişdir. Nə yazmışdısa, dəqiqliyə, səlisliyə, həqiqətə və gələcəkdə oxunmasına, yaşamasına imza atmışdır. Bu gün onun yaradıcılığını təhlil etdikdə bir məsələyə əmin olduq ki, tənqidçi və ədəbiyyatşünas alim kimi Əkbər Ağayevin ölən əsəri yoxdur. O, elə insanlar haqqında araşdırma aparıb ki, onlar dünya ədəbiyyatının şah sütunları idilər. Nizami bu gün də var, sabah da. Tolstoy yenə də oxunur. Bualonun «Poeziya sənəti» (tərcüməçisi Əkbər Ağayevdir) həmişə aktualdır. Bunları deməkdə məqsədim odur ki, yazdıqları da, tərcümələri də həmişə gərəklidir Əkbər Ağayevin. Onu şəxsən tanıyanlar bu gün də böyük ehtiramla, məhəbbətlə etiraf edirlər ki, tərcüməçi kimi dəqiq, tənqidçi kimi səlis, müəllim kimi mükəmməl, insan kimi çox sadə təbiətli olub Əkbər Ağayev. Bu səbəbdən də onu hamı sevirdi - tələbələri də, həmkarları da, oxucuları da. Cəmi 64 il ömür sürən Əkbər Ağayevin adı Azərbaycan ədəbiyyatşünaslığında əbədi həkk edilib.
Flora Xəlilzadə, yazıçı-publisist