Qədimdən-qədim musiqi mədəniyyətimizdə yenidən-yeni Tofiq Quliyev...
Gəlişi Üzeyir Hacıbəyli fenomenli, Asəf Zeynallı ultralı, Qara Qarayev neo-mogikanlı (və hələ SSRİ polifonikli!) dövrə təsadüf etsə də, o, böyük və çox dinamik Azərbaycan musiqi prosesində “hamı kimi”likdən əlavə, ayrıca bir majorital Yeni oldu. Və deyəsən... (milli soylu, qaynar-oynar layla boylu analar bu ladlı daha birisini, belə tər-təranəlisini doğmayınca) yenilməz Yeni olaraq da qalacaq...
Öncə deyim ki, Tofiq Quliyev irsi xronometrajca ölkə fonoteka-filmoteka-“teatroteka”larında uyuyan (sonuncu ifadəni inkar şəkilçisiylə birgə də oxumalı) üç ən məhsuldar bəstəkarımızdan və (bu şux ovqatlar sultanı haqda yazıda “multanı” obrazlılıq etmiş olsaq) xalqımızın qəlbotekasında hər vaxt böyük ləzzətlə səsləndirilən beş nəğməkarımızdan biridir.
İndi növbəti sətirlərə keçməzdən öncə bir balaca duruxaq və Tofiq Quliyev sədalı üfüqlərə baş vuraq...
...Melo-“atəş”lərdən hürküşüb-eləmədən düzümlənən uçar-qaçar səflərini görürsüzmü - bülbüllər, ceyranlar solist...
...Melo-“qamçı”lardan cıdırlanan ilxıları, forte nişan-namçılardan yurtalanıb-çadırlanan tayfaların tərəkəməliyi tərk edib xalqlaşmasını, mədəniyyətlənib-millətləşməsini duyursuzmu - Qıratlar, Türkzatlar öndə!
Daha nə? Onun partitura-məmləkətində belə mənzərələrin sayı hesabsız, sanbalı çox, sonu yox. Buna görə də hələ işinizdə olun. Tə-ləs-mə-yin...
Siz könül antenalarınızı bu universal canlı studiyaya yönəldib feyz almaqda, 95 illik yubiley günlərini yaşadığımız bu gözəl sənətkarın özəl obrazını elə öz xəyalınızda canlandırıb-camallandırmaqda, bəndənizsə onun internet-vikipediyasına göz gəzdirib, bio-notlarını dilləndirməyə çalışmaqda. Axı, səksən üç il - statistik insanların çoxundan bir az çox, azından bir qədər az yaşamış bu Musiqi-Adam təbii ki, zəngin bioqrafik notlara da malikdir.
“Sənə də qalmaz”(?)
...Onun üz-gözü, sözü-söhbəti, hətta hərəki təhər-tövrü öz musiqilərinə bənzəyirdi. Ömrü isə onlardan ikisini daha çox ehtiva edirdi: “Gecələr uzun...” və “Sənə də qalmaz”...
Birinci mahnının (və özünün) cavanlığında xəyal-gözlərimiz önünə vüsal həsrətilə yanan canan gəlirdisə, ahıllığında XX əsrin əvvəlləri - onun doğulduğu 1917-ci il, proletar mizraq-mizrablı, “Çadrova” küçəli, dardalan-filanlı Bakı canlanırdı.
“Gecələr uzun” kimi çox uzun gecə-gündüzlər yaşayıb, çox uzunömürlü əsərlər yaratsa da, dinləyici ürəklərindən bir “Sənə də qalmaz” giziltisi də keçirdi. “Bütün yaradıcı ömrü uzunu dəvət aldığı məclislərin yuxarı başında, xüsusi diqqət-məhəbbətlər nişangahında olan belə bir sənətkar və haçansa... gələr bir gün, bu növraqlar ona da qalmaz?!.” Bəli!
Amma bəşər üçün yazılmış bu əbədi qanunun əsl sənət adamlarına dair “maddə”sinə görə darılmağa dəyməzmiş. Belələrinin cismi qalmasa da, ismi əbədi qalır, axı. Belə bir ismə yiyələnməkçünsə, gərək dünyaya göz açandan ətrafına Tofiq kimi nur saçasan, fəhm-fərasət göstərəsən. Təbii istedadına həyati çaba-çalışmanla yeni ladlar, insanın çövhəri hesab edilən işçi dadlar qatasan. Hələ 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki peşə məktəbinə gedib, 17 yaşında Konservatoriyaya qəbul ediləsən. “Ən diribaş, zirək, yüksək qavramlı” tələbə adı qazanıb, İttifaq şöhrətli İ.S.Aysberq və S.Q.Ştrasserin siniflərində fortepiano və dirijorluq dərslərinə “si” sürətilə yiyələnib, həmin ali məktəbi ikicə ilə bitirə biləsən.
Onun gənclik aləmi sonralar bəstələyib-dəstlədiyi bir sıra ecazkar musiqilərini, çox şıdırğı taktlarını xatırladır. Üzeyir bəyin xüsusi təşəbbüsü ilə təhsilinə davam üçün Moskva Dövlət Konservatoriyasına göndərilən 20 yaşlı Tofiq orada fürsəti fövtə verməyib məşhur A.Tfasmanın rəhbərlik etdiyi adlı-sanlı orkestrdə diqqət mərkəzinə düşən bir pianoçu kimi fəaliyyət göstərir. İyirmi üç yaşında Bakıya qayıdıb, iki ilə yaxın “Fiqaro tam, Fiqaro tut, Fiqaro vezde”yə bənzər ümumgərəkli musiqi-mədəniyyət proseslərində iştirakından sonra, 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaratmaqla, öz böyük “mən”ini elan etmiş olur. 402-ci diviziyanın tərkibində fəaliyyət göstərən bu ansambl üçün vətənpərvər ruhlu mahnılar, döyüşkənlik mayalı marşlar yazır. Səs-sədası tezliklə hər yana yayılan, ruhlandırıcılıq elementlərinə ehtiyac duyulduğundan 1943-cü ildə iki bölümə ayrılıb, ayrı-ayrı diviziyalarda çalışmalı olan bu ansamblın “Qırmızı flot” qisminin rəhbəri olur.
Müharibə qələbəsindən dərhal sonra iyirmi səkkiz yaşlı bu böyük gəncin də qəlbində sənətin rəngarənglik qələbəliyi yaranır. Gəncliyin ilk baharında geyməli olduğu qara-qura xallı hərb-zərb mundirindən “təğyiri-libas” olub, rübabını həmişəyaşar, sevgilərqoşar nəğmələr, mahnılar, kantatalar üstə kökləyir. Hələ on il əvvəl (18 yaşında!) bəstəkar Zakir Bağırovla birgə fortepiano variasiyalarını işlədiyi muğam-məqam (“Rast”, “Segah”, “Zabul”, “Dügah”) halətlərinə düşür. “Azdram”, “Rusdram”, “Gənc tamaşaçılar” və digər teatrlarla əməkdaşlığa başlayır. Afişalara “Musiqisi Tofiq Quliyevindir” yazıları, dinləyici, tamaşaçı yaddaşlarına elə həmin imzalı populyar ad-soyad həkk olunur.
Bu ad-soyad titrlərdə...
Onun kino musiqisi işləri bitib-tükənmək bilməyən bir serialdır. Bəs necə, səksən üç il yaşamış bir kəsin adı yetmiş üç filmə düşübsə, onun istedad və işgüzarlığını məcmu olaraq hansı terminlə ifadə etmək olar? Həmin filmlərin hamısı haqda nəinki danışmaq, adlarını sadalamaq belə bu yazılıq deyil. Amma iyirmi üçündə - hələ qeyri-məşhur yaşında məşhur “Səbuhi” filminin musiqisini yazmış səksən üç il ömürlü bu bəstəkarın heç olmasa on üç kino işini xatırladaq: “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qaynana”, “Tənha narın nağılı”, “Nakəs”.
Bu filmlərin bir çoxundakı bəzi fraqmentlərin vizual məlahətini, ədəbi-bədii təsir gücünü birə-beş artıran musiqi parçalarından geniş danışmağa ehtiyac varmı? Amma hər halda xatırlayaq. “Bəxtiyar”dakı şən xalları, şux notları yada salaq. Bəxtiyarın “do”dan “lya”ya qalxıb-düşən həqiqi və rəmzi ifa variasiyalarının, “xala”ların əndirəbadi duetlərinin, tutma balerin və balerinanın (məlum “korafəhimin” müşayiətilə) rəqslərinin musiqi bəzək-düzəyini, dəniz neftçilərinin “la-la, lala-lala lay la-lala lay!” nidalarını xatırlamayan köhnə tamaşaçıların o vaxtkı kinoteatrlarda təkrar-təkrar keçirdikləri günlərə, yeni tamaşaçıların isə tele-ekran qarşısında ləzzətlə nuş etdikləri təamlara, həzdən axıtdıqları qəşş yaşlarına heyif!
Əlli yeddi il öncə çəkilmiş “Görüş” filmində bütün sovetanə epizodlardan, adına zəhmətkeş deyib, zəhləmgetmiş statusunda anılan baş qəhrəmanlardan daha çox yaddaqalan mahnıları, simfonizm çalarlı musiqi parçalarını necə, xatırlayırsızmı? “Azərbaycan torpağına xoş gəlib dostlar, Bizdən əziz qonaqlara salamımız var” sayağı bayağı misraları belə səmimi cildə salan, “Hamıdan gözəl mənəm, lakin heç danışmıram” kimi mübhəm eqo-emosiyaları sevgili notlarla təqdim edən musiqiləri deyirəm.
Bəs “Ögey ana”?! Bu sual-nidalı təəccübümə bu filarmonik filmin musiqi müəllifinin - 40 yaşlı bir adamın ulu yaşlılara bab musiqi dilinin hikmətindən başlamaq istəyirəm. Musiqisini yazdığı filmlərdən birindəki (“Onu bağışlamaq olarmı?”) xitab olmasın, “Ögey ana”nı orada səslənən musiqi fraqmentlərisiz, mahnılarsız təsəvvür etmək olarmı?! Bu musiqi parçaları anasız (nənəsinin dilində daha yanıqlı səslənir: “anası ölmüş”) İsmayılın ürəkparçalayıcı məqamlarından bəzən daha təsirli çıxmırmı? Bu səs dili ssenari dilinin adekvat paraleli deyilmi? Bütün fəsilləri qış kimi qaş-qabaqla yaşayıb, bir yaz üzünə gülüş qonan o yetimin dilini ssenaristdən, rejissordan, operatordan, doğma atadan, onun məhəbbətini qazanmaqçün özünü oda-közə vuran ögey anadan daha çox bilən Musiqi obrazı deyilmi? Hə, hə, meşədə üzü bizə irəliləyərkən əlindəki yabanı dirijor çubuğunun sehrilə səslənən ilahi taktları deyirəm! O təbiət-filarmoniyada İsmayılın “Quş-lar-quş-lar, nə qəşəng oxuyur!” sözlərinə qüvvət kimi səsləndirdiyi “bəh-bəh!”lər beş gözəldirsə, Azərbaycanın bütöv cəmiyyət auditoriyasında sinirilən “bəh-bəh!”lər on beş qidalı olub - hələlik bu əlli dörd ildə!
Və onun haqqında bir az da -
Başqa motiv-dildə...
Hələ əvvəlcə sizin xəyali-qiyabi mesajlarınızla bilmək istərdim ki, görəsən, yuxarıdakı bioqrafik-filmoqrafik qeydlərə çox da bənd olmayıb, ilk yarımbaşlıqda yön verdiyim üfüqlərdə yaxşı gəzişə bildinizmi, hörmətli oxucular? O ənginliklərdəki əsrarəngiz sədalı, hərdən ənənəvi, bəzən folklorik, bir para-partitura klassik, küll-kərə isə özünəməxsus ədalı xalların xəyalına yetərincə daldınızmı? Könlünüzdə - Asəf Zeynallının məsləhətilə M.Ə.Sabirin şeirinə (“Məktəbli”) bəstələdiyi ilk mahnısından başlamış sonuncularına, estrada və caz şedevrlərinə qədər - hərəsindən bir-iki xal səsləndirib bütün şəri-şərablardan daha məstedici sənət gülabından hallandınızmı?
Deməzsizmi, bu musiqilərin müəllif kimliyinin bəliri üçün nə kağız-kuğuza ehtiyac var, nə ağız-uğuza. Bircə notunu eşitcək, hər kəs deyəcək; Tofiq Quliyev! Elə ki gördün pianoda, fortepianoda ən usta ifaçı da taktları yığıb-yığışdıra bilmir, - deməli, bu vurçatlasın Tofiq Quliyevindir! Onun əsərləri gələndə piano-fortepianoların şirmayı dilləri sürməyi ağızlarına sığmır ki! İnstrumental-sentimental rəqsləri zamanı klarnetlərin, saksafonların klapanları “şalako” vurmaqdan bir hovur örtülmürlər ha! Budur haa, “dımdı-bı, dı-bı, ram-ram-ram”... Yox, əzizlərim, olmur (yəni yazıda zümzümələnmək olmur)...
Tək elə zümzümələmək yox, bu çox aydın sənətkarın apaydın musiqiləri içərisində bəzi şıdırğı nümunələri layiqincə qavrayıb mənimsəmək də çətindir. O nümunələr elə dahiyanə düşünülüb ustadanə yazılıb ki, üslubunca “oxumaq” olmur. Hər oxuyanın həmkarı olan hər dinləyicinin də Vaqif ola bilməməsi məsələsi var axı...
Məsələn, mən Tofiq Quliyev imzalı saflıq, gözəllik, ictimai xadimlik, müəllimlik, ustadlıq və digər məziyyətlərlə zəngin bio-ekologiyasındakı bir neçə fakt taktını bu yazıya yerləşdirməyi bacarmadım ki, onlardan biri də 1951-ci ildə aspirantura bitirib, məşhur akademik A.Qaukun rəhbərliyilə dissertasiya müdafiə edib, elmi ad alması, “Azərbaycan xalq rəqsləri” toplusunun hazırlanmasında birincilərdən olmasıdır.
Görəsən, onun alimliyi haqda sözün lap axıra düşməsi bir təsadüflə, ya hələ də müstəqil elm adlandırılmaq vüsalına yetə bilməyən jurnalistika (jurnalistlik) ilə əlaqəlidirmi?..
Tahir Abbaslı