Azərbaycan
   
   6 noyabr 1926 - Azərbaycan radiosu fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. 1956-cı il fevralın 14-də Bakı televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günü kimi qeyd olunur.
   6 noyabr 1974 - Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923, Naxçıvan, Babək rayonu - 1974) vəfat edib. "Göz həkimi", "Ana ürəyi" və s. pyeslərin, populyar mahnıların ("Bakı, sabahın xeyir", "Bakılı qız" və s.) sözlərinin müəllifidir. Rus poeziyasından tərcümələr edib.
   6 noyabr 2009 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
   
   7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub. “Ögey ana” , “Arşın mal alan” (1965), “Ulduzlar sönmür”, “Dağlarda döyüş” filmlərinin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.
   7 noyabr 1908 - Tanınmış azərbaycanlı şair, alim, pedaqoq Maqsud Şeyxzadə (1908-1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb və Özbəkistanın məşhur ədibi olub, özbək dilində şeirlər, ssenarilər yazıb, tərcümələr edib.
   7 noyabr 1917 - Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyev (7.11.1917 - 4.10.2000) anadan olub. Populyar mahnıların müəllifidir. “Səbuhi”, “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
   7 noyabr 1917 - Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda doğulub. "Qara Qarayev", "Səttar Bəhlulzadə", “Koroğlu”, “Babək” tablolarının müəllifidir.
   7 noyabr 1920 - Azərbaycan radiosunun ilk diktorların biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920-2008) anadan olub.
   7 noyabr 1940 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm və s.) əsas partiyaları ifa edib.
   7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. Teatrda, teletamaşalarda (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”), filmlərdə ("Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) maraqlı obrazlar yaradıb.
   7 noyabr 1990 - Rejissor, ssenarist, operator, rəssam Əlisəttar Atakişiyev (25.12.1906 - 1990) vəfat edib. Filmləri: “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) və s.
   8 noyabr 1930 - Bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. AzTV-nin «Bənövşə» uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Simfoniya, poema, uşaq xoru üçün əsərlərin müəllifidir.
   8 noyabr 1944 - Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.
   9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Azərbaycan sovetləşəndən sonra respublikanın qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
   9 noyabr 1973 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə, 15.5.1899 -1973) vəfat edib. Cənubi Azərbaycanın Sərab şəhərində doğulan sənətkar bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
   9 noyabr 1994 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (11.12.1918, Ağdam - 1994) vəfat edib. “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.
   
   10 noyabr 1997 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb.
   
   Dünya
   
   6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksafonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax; 1814-1894) anadan olub.
   6 noyabr 1936 - Tanınmış Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-18.4.2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım”.
   
   7 noyabr 1903 - Məşhur rus aktyoru Georgi Milyar (1903-1993) anadan olub. Uşaq filmlərində “Küpəgirən qarı” rollarını oynayıb.
   7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.
   
   8 noyabr 1837 - Gürcü yazıçısı, publisist, şair İlya Qriqoryeviç Çavçavadze (1837-12.9.1907) anadan olub. “Erməni alimləri və fəryad edən daşlar” əsərində ermənilərin qonşu xalqların tarixinə və mədəniyyətinə qarşı saxtakarlıq cəhdlərini ifşa edib.
   8 noyabr 1900 - Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell, 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.
   8 noyabr 1935 - Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub.
   
   9 noyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu, “Asya”, “Bahar suları” povestləri və s.
   
   10 noyabr 1759 - Alman şairi, dramaturq və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şillerin (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) doğum günüdür. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.
   10 noyabr 1928 - İtalyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan