9 noyabr Dövlət Bayrağı Günüdür
   
   Azərbaycanın dövlət rəmzlərindən olan üçrəngli (mavi, qırmızı, yaşıl) bayraq 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. Bu, gənc cümhuriyyətin sayca ikinci bayrağı idi. Azərbaycan milli hökuməti hələ 1918-ci il iyunun 24-də üzərində ağ ay və səkkizguşəli ulduz təsvir olunmuş al-qırmızı bayrağı dövlətin rəmzi olaraq qəbul etmişdi.
   Tale elə gətirdi ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra bayrağımız qismən dəyişdirilsə də, qırmızı rəng saxlanılmışdı. Hərçənd bu qırmızı o qırmızıdan deyildi. Amma bu da tarixin bir naxışı idi.
   Üçrəngli bayrağımız və müstəqilliyimiz 70 il sonra bərpa olundu. Cümhuriyyətin yadigarı əvvəlcə 1988-1989-cu illərdə Azərbaycan xalqının Qarabağ davası üçün çıxdığı meydanlarda dalğalandı.
   1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin böyük öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında üçrəngli bayraq muxtar respublikanın bayrağı kimi qəbul edildi. Ali Məclis Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Ali Sovetin qərarı ilə mavi-qırmızı-yaşıl bayraq yenidən Azərbaycan Respublikasının dövlət bayrağı elan edildi.
   Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.
   Bayrağımızın mavi rəngi Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng çağdaş cəmiyyət qurmaq istəyini, yaşıl rəng İslam dünyasına mənsubluğunu ifadə edir.
   Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan edilib.
   2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılışı keçirildi və dünyanın ən böyük bayrağı paytaxtımızın səmasında dalğalandı. Bayraq dirəyinin hündürlüyü 162 metr, onun zirvəsində dalğalanan üçrəngli bayrağın uzunluğu 70, eni 35 metrdir.
   Meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb. 2010-cu il noyabrın 9-da Prezident İlham Əliyevin iştirakı ilə açılan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qoşun növlərinin döyüş bayraqları nümayiş olunur.
   Bayrağımız hər zaman zirvədə olsun!
   Bayramınız mübarək!