Azərbaycan
   
   11 noyabr 1907 - Şair, dramaturq Mirmehdi Həsən oğlu Seyidzadə (1907 - 31.8.1976) Türkmənistanın Aşqabad şəhərində doğulub. İbtidai təhsilini İranın Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar üçün şeirlər, mənzum nağıllar, kiçik pyeslər yazıb. Rus ədiblərinin əsərlərini dilimizə tərcümə edib.
   11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 - 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana, Ərdəbil şəhərinə köçüb. Milli azadlıq hərəkatında (1945-1946) iştirak edib, Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb, ADU-nun Filologiya fakültəsini bitirib, ədəbi yaradıcılığını davam etdirib.
   11 noyabr 1934 - Xalq artisti İslam Tapdıq oğlu Rzayev (1934 - 28.1.2008) anadan olub. 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub, pedaqoji fəaliyyət göstərib, 100-dən çox gənc ifaçı yetişdirib.
   11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının və Mingəçevir su anbarının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.
   11 noyabr 1951 - Xalq artisti, aktyor, rejissor İsmayıl Hidayətzadə (19.8.1901 - 1951) vəfat edib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində onun quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazanıb. İlk milli baletimizin - "Qız qalası"nın librettosunu yazıb. Bir neçə filmdə ("Qız qalası", "Almaz" və s.) çəkilib.
   
   12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq referendumu və çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri keçirilib. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edildi.
   12 noyabr 1921 - Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1921-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: "Leyli və Məcnun məktəbdə", "Şairə Məhsətinin portreti" və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.
   12 noyabr 1950 - Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “Azərbaycanfilm”də lentə alınan bir çox filmin səsləndirilməsində, xarici filmlərin dublyajında iştirak edib.
   
   13 noyabr 1945 - Tanınmış şair Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir.
   13 noyabr 1945 - Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
   13 noyabr 1960 - Kinorejissor, rəssam Şamil Kamil oğlu Nəcəfzadə anadan olub. Filmoqrafiya: “Qala” (ssenari müəllif və rejissor); “Cin mikrorayonda”, “İmtahan”, “Yarasa”.
   13 noyabr 1948 - Aktyor, dramaturq Arif Mədətov anadan olub. “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, “O qızı tapın” və s. filmlərdə çəkilib. Pyesləri: “Şeytan”, "Sezarın qətli" və s.
   13 noyabr 1983 - Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905, Tiflis - 1983) vəfat edib. Filmləri: “Qara daşlar”, “Kölgələr sürünür” və s.
   
   14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 - 26.12.1995) anadan olub.
   14 noyabr 1942 - Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 -23.7.2011) Cəlilabad rayonunda doğulub. Dövlət Filarmoniyasının solisti olub. İfa etdiyi muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) teleradionun “qızıl fond”unda saxlanılır.
   14 noyabr 1967 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
   14 noyabr 2006 - Xalq artisti, müğənni Oqtay Ağayev (1934-2006) vəfat edib. 1960-1980-ci illərdə Azərbaycan Televiziyası və Radiosu Estrada Orkestrinin solisti olub.
   
   15 noyabr 1927 - Xalq artisti, rəqqasə, pedaqoq Xumar Zülfüqarova anadan olub. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarının tamaşalarında rəqslərə quruluş verib, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.
   15 noyabr 1933 - Tanınmış ədəbiyyatşünas alim, professor Firudin Hüseynov (1933-1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə rəhbərlik edib.
   
   Dünya
   
   11 noyabr 1821 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 - 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evi”ndən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.
   11 noyabr 1837 - Polyak rəssamı Artur Qrotqer (Artur Grottger, 1837-1867) anadan olub.
   11 noyabr 1922 - Amerika yazıçısı, satirik əsərlər müəllifi Kurt Vonnequt (Kurt Vonnegut, 1922-2007) anadan olub.
   11 noyabr 1944 - Məşhur türk kinoaktyoru, komik rolların mahir ifaçısı Kamal Sunal (1944 - 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə çəkilib: “Salako”, “Hababam sinfi”, “Tosun Paşa”, “Çöpçülər kralı”, “Qərib Şaban”, “Kreslo bəlası” və s.
   11 noyabr 1962 - Amerika akrtisası Demi Mur (Demi Moore) anadan olub.
   12 noyabr 1833 - Rus bəstəkarı Aleksandr Borodin (1833-1887) anadan olub. “Knyaz İqor” operasının müəllifidir.
   12 noyabr 1840 - Fransız heykəltəraşı Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub. Heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən biridir.
   12 noyabr 1929 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Rolan Anatolyeviç Bıkov (1929-1998) anadan olub. Filmləri: “12 stul” (Mark Zaxarovun quruluşunda, Fyodor ata), “Əlibaba və 40 quldurun macəraları” və s.
   12 noyabr 1935 - Tanınmış rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 - 30.3.2011) anadan olub. Filmləri: “Mexanik Qavrilovun sevimli qadını”, “İki nəfər üçün vağzal” və s.
   
   13 noyabr 1745 - Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
   13 noyabr 1850 - İngilis (şotland əsilli) yazıçısı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850- 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Şahzadə Otto”, “Qara ox” və s.
   13 noyabr 1889 - Ukrayna satirik yazıçısı Ostap Vişnya (əsl adı Pavel Mixayloviç Qubenko, 1889-1956) anadan olub.
   13 noyabr 1921 - Finlandiya bəstəkarı Yonas Kokkonen (Joonas Kokkonen, 1921-1996) anadan olub.
   
   14 noyabr 1719 - Avstriya bəstəkarı, skripkaçı və pedaqoq Leopold Motsart (Leopold Mozart, 1719-1787) anadan olub. Dünya şöhrətli bəstəkar Volfqanq Amadey Motsartın atasıdır.
   14 noyabr 1840 - Fransız rəssamı, impressionizmin banilərindən biri Klod Mone (Oscar-Claude Monet, 1840-1926) anadan olub. Əsərləri: "Təəssürat. Doğan günəş”, "Kapusin bulvarı", "Bağda qadınlar" və s.
   14 noyabr 1907 - İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907- 28.1.2002) anadan olub.
   14 noyabr 1924 - Məşhur skripkaçı, SSRİ Xalq artisti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.
   
   15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Hauptmann (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
   15 noyabr 1916 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (Henryk Adam Aleksander Pius Sienkiewicz; 5.5.1846 - 1916) vəfat edib. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Polonetskilər ailəsi", “Xaçpərəstlər”, “Od və qılıncla” və s.
   15 noyabr 1976 - Dünya şöhrətli fransız aktyoru Jan Qaben (əsl adı Jean-Alexis Moncorge, 17.5.1904 - 1976) vəfat edib. Filmləri: “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s.
   
   Hazırladı: Vüqar Orxan