Üzeyir bəy Hacıbəyli. Bu böyük ad özündə zəngin tərcümeyi-halı, mürəkkəb dövrlərdən keçən ömür yolunu, parlaq şəxsiyyəti və çoxcəhətli yaradıcılığı birləşdirir. Artıq 64 ildir ki, Azərbaycanın musiqi tarixində əvəzolunmaz yeri olan dahi Üzeyir bəy bu dünyanı tərk edib. O, 1948-ci ilin 23 noyabrında gözlərini əbədi olaraq qapadı...
   
   63 il ömür yaşayan bəstəkar yaradıcılığı ilə incəsənət aləmində dərin iz qoyub getmişdir. Üzeyir sənət dünyasının bir-birini saf məhəbbətlə sevən “Leyli və Məcnun”, “Mən nə qədər qoca olsam da, dəyərəm min cavana” iddialı Məşədi İbad, gələcək həyat yoldaşını axtarıb tapmaq üçün arşınmalçıya çevrilən Tacir Əsgər, xalq qəhrəmanı Koroğlu kimi neçə-neçə sakinləri vardır ki, hər biri özü-özlüyündə ayrıca bir dünyadır. Üzeyir bəy onların xarakter-obrazını musiqinin dili ilə ən maraqlı, ən baxımlı tərzdə dinləyiciyə, tamaşaçıya məharətlə təqdim etmişdir. Üzeyir dünyasının bu sakinləri də, öz yaradıcıları kimi ölməz, əbədidirlər.
   Dahi bəstəkarın musiqisinin gözəlliyi, parlaqlığı, möhtəşəmliyi onun sənətinə, xalqına olan odlu-alovlu sevgisinin, vətənpərvərliyinin və yüksək zövqünün bəhrəsidir. Azərbaycan musiqi mədəniyyətinin inkişafı, böyük yüksəliş dövrü-yeni janr, ifaçılıq vasitələri ilə zənginləşməsi, musiqi kollektivlərinin yaranması məhz Üzeyir bəyin adı, yaradıcılığı ilə sıx bağlıdır. Öz xalqının mədəniyyətini yüksəklərdə görmək arzusu ona cəsarətli, iri addımlar atmağa güc verirdi. Bu inkişaf yollarında bəstəkarın atdığı inamlı, uğurlu addımları onun maarifçilik və təşkilatçılıq bacarığını üzə çıxartmışdır.
   “Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, əhval-ruhiyyəsini musiqi vasitəsilə əks etdirmək lazımdır” - bu qiymətli fikirlər bəstəkarın özünə məxsusdur. O özünün dediyi kimi, xalqın mənəviyyatını dərindən duyaraq onun sevinc və kədərini, arzu və istəklərini öz musiqilərində əks etdirmişdir.
   Noyabr ayında həm də bəstəkarın yaşadığı evin muzey kimi fəaliyyətə başlamasının 37-ci ili tamam olur. Azərbaycan xalqının yetirdiyi bu böyük şəxsiyyətin qoyub getdiyi mənəvi sərvət onun ev-muzeyində qorunub saxlanılır. Muzey 1975-ci il noyabrın 20-də o zaman respublikaya rəhbərlik edən böyük öndər Heydər Əliyevin yaxından köməyi nəticəsində paytaxtın Şamil Əzizbəyov küçəsi 67-də (keçmiş Verxnyaya Priyutskaya, sonra Ketsxoveli) dahi bəstəkarın yaşadığı evdə təşkil olunmuşdur.
   Bəstəkarın mənalı və zəngin həyat yolunu əks etdirən bu ev, bu ocaq müqəddəs sənət məkanıdır. Onun bu evdə əlinin toxunduğu hər bir əşyası - kitab dolabındakı kitabları, skripkası, barmaqlarının toxunaraq “Koroğlu”nun ilk notlarını yaratdığı royalı, iş masası, hətta adicə qələmi belə... Yox, yox...! O qələm artıq Üzeyir bəyin sağlığında öz adiliyindən çıxmış və sahibinin ucaldığı zirvəyə qədər ucala bilmişdir. Çünki o qələm Üzeyir bəyin ürəyindən gələn musiqini not vərəqlərinə köçürərək əbədiləşdirib bu günümüzün misilsiz eksponatına çevirmişdir.
   Hərdən düşünürsən ki, bu evin divarlarının danışmaq bacarığı olsaydı, yəqin ki, Üzeyir bəy haqda ən şirin, ən maraqlı xatirələri məhz onlar bizə danışardı. Axı onlar Üzeyir bəyin öz dostları, həmkarları ilə birgə bu evdə yaradıcılıq görüşlərinin, məzəli, şirin söhbətlərinin şahidi olublar...
   Vaxtilə gözəl şairimiz Bəxtiyar Vahabzadənin dediyi qiymətli sözlər də bunu təsdiqləyir. “...Mənim üçün Üzeyir bəy bir dünyadır. Birinci növbədə ona görə ki, bu böyük insan özünün də milli varlığının üzərində boy atdı, ucaldı. Üzeyir bəy sənətindəki kimi ilk növbədə şəxsiyyətdir, vətəndaşdır. Onun adına yaradılmış muzey xalqımızın pərəstiş yeri, inam ocağı olmalıdır”.
   Xalq şairi bu fikri “Əşyalar danışır” şeirində də ifadə edib:
   
    Açılır bir ömrün eşqi, məlalı,
    Fərəhi, sevinci gələcək üçün.
    Böyük bir insanın fikri, xəyalı
    Cansız əşyalarda yaşayır bu gün.
   
   Əşyalar danışır hey şirin-şirin
   Bu gün dünən ilə üz-üzə durmuş.
   Dahinin əlinə dəyən şeylərin
   Ömrü öz ömründən uzun olurmuş.
   
   Həmişə qonaq-qaralı olmuş bu ev 37 illik muzey kimi fəaliyyətində adi tamaşaçıdan görkəmli şəxsiyyətlərə qədər hər kəsə öz qapılarını açmış, burada təkcə Üzeyir bəyin deyil, həmçinin onun tələbələri olmuş görkəmli sənət adamlarının da doğum günləri, təqdimat mərasimləri və sərgilər keçirilmişdir. Bu ənənə bu gün də davam etməkdədir.
   Üzeyir bəyin ömür yolu vərəqləndikcə insan heyrətə gəlir. Çoxşaxəli fəaliyyəti ilə - bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim kimi - neçə-neçə şair və yazıçıların-görkəmli şəxsiyyətlərin qələmini dilə gətirmişdir. Onun haqqında deyilən sözlər, yazılan yazılar bitmir, tükənmir.
   O öz yaradıcılığı, yüksək insani keyfiyyətləri ilə əvəzolunmaz insanların olduğunu sübut etdi. Üzeyir bəy bu dünyanı yalnız cismən tərk edib, ruhən o, daim bizimlədir...
   
   Aytən Heydərova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin baş mühafizi