Biri də - 1935-də Xalq artisti, 1937-də “Xalq düşməni” olmuş A.M.Şərifzadə...
“Hamlet” Azərbaycan səhnəsinə ilk dəfə onun qədəmiylə ayaq açıb. Dünya teatrının və teatr dünyasının əbədiməşhur monoloqunun ədəbi-fəlsəfi başlığı - böyük Cəfər Cabbarlıya qədər müxtəlif variantlarda tərcümə edilmiş “Olum, ya ölüm?!”ün ilk səslənişi onun dilindən eşidilib. Və sən demə, 1927-ci ildə baş vermiş bu “ayaqaçdı”nın mənzil başına onca il, bu səslənişdəki ikinci xitabın “vüsal”ına on bircə il qalırmış...
“№: 6453”
Bu, Abbas Mirzə Şərifzadənin istintaq işinin nömrəsidir. Bəli, “say”ı yox, “nömrə”si. Əslində, bu məqam “say” termini mənimçün daha yaxşı əl verərdi - onun vurğunlarının sayının on dəfə, tamaşaçılarının sayının yüz kərə artıq olması ilə ilgili beş-on söz demək dəstavuzu baxımından. Amma məhz nömrə! Fərqindəsizmi, xalq dilində “nömrə gəlir” kimi ifadə var. Bu millətin qaymaqlarını yığıb ayranlaşdırmağın, çiyinlər üstündəki ali qafaları götürüb, altındakı xali muskullulardan yararlanmağın özü də bir rəsmi-ideoloji nömrə gəlmək deyilmi?
Onu qırx dörd yaşını qeyd edəcəyi ad gününə bir həftə qalmış (4 dekabr 1937) həbs ediblər. Öz evində qandallayıblar. Mənzilində çox ciddi axtarış aparıblar və bundan daha “ciddi” ittihamnamə “əşyayi-dəlil”ləri tapıblar: “bir ədəd teatr qılıncı”, “iki ədəd teatr tapançası”. Dərhal da həbsi barədə arayış tərtib ediblər: “Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib”. “Əldə edilmiş” bu məlumatlar əslində, dildə edilmiş məcburi böhtanlardan ibarət olub. Məsələn, ağlagəlməz işgəncələrdən bezmiş Ruhulla Axundov belə bir məlumat verib: “...Mən Milli Dram Teatrının direktoru Əli Kərimovu əksinqilabi millətçi təşkilata cəlb etmişəm, o isə öz növbəsində Abbas Mirzə Şərifzadəni həmin təşkilatla tanış etmişdir”.
Beləcə, o “nömrə”li illərin gülləyib-güllələmə günləri, sürgün-sürmə “vəsməli” saatları belənçik-belənçik davam edir, siyasət-sənəd yaradıcılığı millət-sənət yaradıcılığını üstələyir, “plan-plan!” pıçıldayan hökumətlə işbirliyinə girmiş “filan-filan” lakeyzadələr bəyzadələri, zatıqırıqlar əslzatları nəhəng, “bolşe”-bolşevik maşının baqajına qoymaqdan yorulmur, “sapılca” sözü “tapanca” sayaq yansıdılır, “günəş” ifadəsi “atəş” kimi danoslanır, müxtəlif “damdan-dama”lar eyni “vahid redaksiyada” - “həmdən-həmə” kimi redaktə edilirdi. Məsələn, bu gün beş-on sətir yazmağa, on-on beş səhifə oxumağa ərindiyimiz o boyda məhşər-məşəqqətlər epopeyasından hazırkı mövzuyla əlaqədar bircə bunu yazmaq kifayətdir ki, həmin teatrın direktoru Ə.Kərimov sözügedən millətçi təşkilatla bağlılığından danışarkən, Abbas Mirzənin adını qətiyyən hallandırmamış, israrla, bıqdırıcı-usandırıcı dərəcədə, dönə-dönə edilən “Şərifzadə də?!” sualına rədd cavabı vermişdir.
Lakin Şərifzadənin Gəncədə olarkən (1932) iki-üç yol İran konsulluğuna getməsi, teatra, xüsusən Abbas Mirzə sənətkarlığına hədsiz sevgisindən hər axşam tamaşalarına gələn konsulun onları bir neçə dəfə iqamətgahına dəvət etməsi bu müqtədir teatr aktyoru, teatr-kino rejissoru, filmlər rəhbəri və bu qədər böyüklüklərə qadir ola-ola, tarixə həm də “ojiataj-filmmontaj”çı kimi düşmüş bir korifeyimizin ömür kitabının bağlanmasına bəhanə-bəs olur...
Qısa bir ömürdə çox uzun, çox zəngin bir sənət yolu getmiş, yüzlərlə təkrarsız obrazları, həyat və sənət duallığını ehtiva edən dialoqları, ayrı-ayrı “gizli” qəlbləri hayqıran monoloqlarıyla salonları lərzəyə gətirən bu fenomen - adı kiçik hərflə yazılan böyük Allahın da üz çevirdiyi iri hərflərli KQB zirzəmilərində qeyri-adi pantomimliklə susurmuş. Baxışları, üz cizgiləri, qəlbi, təhqir dolu sözlərə, ölkənin baş siyasi rejissorunun mizan-düzənilə icra edilən dözülməz işgəncələrə dözümü çox şeylər söyləsə də, dili yalnız “yox!” deyirmiş. Nəhayət, dünyanın bütün dövrlərinin “sol yol”ağı, yal yalağı olan “şahid”lər bu sənət, əqidə-əxlaq şəhidinə də ölüm hökmü çıxarılması uğuruna imza atdıra biliblər. Ürəyində “Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini, millətçi düşüncələrini təbliğ etmək” ittihamına qol qoyan Abbas Mirzə digər suallara yalnız susur, susur, su-sur-du...
Ona ölüm hökmünü (19 oktyabr 1938) imzalayanların bir aya qədər (16 noyabr) susmaları haqda isə, güman ki, ürək dialoqu edirmiş. Bu gümani dialoqa səbəblər vardı: “- Bəziləri haqda bəzi ifadələrə qol qoyacağın təqdirdə güllələnmə hökmünü dəyişə bilərik”. “- Mən bilmədiyim bir məsələ, tanımadığım bir kəs haqda heç nə deyə bilmərəm”.
Çox o yan-bu yandan sonra, son söz: “Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən başqa -
bir şey bilmirəm!”
O teatr, o səhnə-sənət ki, Abbas ona - əmisi Mirzə Məmməd Tağının sayəsində - doqquz yaşında qədəm qoymuşdu. Teatr sənətinə meylli, Şamaxıda dini tamaşalar hazırlayan Mirzə Məmməd Tağı günlərin birində “Şəbeh” tamaşasındakı əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır, özü isə Şümür surətini daha canlı yaratmaqçün gözlərində qəzəb, əlində qılınc bu zavallı “əsir qız”ın üstünə cumarkən Abbas qışqıra-qışqıra qaçıb, kənardakı məzlum-müslimə qadınlar arasındakı anasının qucağına atdanır. Dindarların mərasimi pozmuş bu uşağın üstünə necə, yəni daha möhkəm acıqlanıb-qəzəbləndiyini görən Abbas sonrakı tamaşalarda əmisini mələk, qılıncı lələk gözündə görür. 1903-cü ildə - on yaşında gimnaziyaya daxil olur, səhnə ilə daha böyük həvəslə maraqlanmağa başlayır və çox keçmir ki, bu əlaçı şagird məktəbin bütün tədbirlərinin baş qəhrəmanına çevrilir. Rola girərkən neçə-neçə “yad” insanın ona valideyn məhəbbətindən artıq nəvaziş və sevgi ilə baxmasından xüsusi zövq alan Abbas o illərdəki bir hadisəni bütün həyat və yaradıcılığı boyu xüsusi bir həyəcanla xatırlayırmış. O “hadisə”nin içində on bir yaşlı Abbas, onun tədbirdə şeir söyləmək arzusunu məmnuniyyətlə qəbul edən gimnaziya müəllimi və səhnəyə qeyri-adi şəstlə çıxsa da, hərdən özünü itirib çaşsa da, söylədiyi “Şairin ölümü” (Lermontov) şeirinə gurlayan alqışlar vardı. “Şeiri söyləyəndə elə bilirdim dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.
Canında baş verən bu ilk “sənət zəlzələsi”ni 1937-də baş verən siyasi vəlvələyə qədərki hər şeydən - müsbətli-mənfili hər olaydan daha sevgi-duyğu ilə xatırlayan Abbas Mirzə hərdən doğum günü (12 dekabr 1893) Şamaxının Yuxarı Qala məhəlləsinə yağmış dizdənyuxarı qar haqda anasının danışdığı “Ağappaq qar nağılı”nı, 1902-ci il zəlzələsindən sonra Bakıya köç edən atası Mirzə Rəsulun onu ya ticarətçi, ya çinovnik görmək arzusunu da xatırlayırmış...
Deyirəm, o, xatırladıqları içərisində sonuncunun ardınca getsəymiş, sonralar onun saysız-hesabsız pərəstişkarları, yüzlərlə resenziya, məqalə, monoqrafiya yazmış tənqidçilər, teatr-kino mütəxəssisləri, milyonlarla oxucu, kino-televiziya tamaşaçıları sənətimizi Abbas Mirzə Şərifzadəsiz necə, nə cür -
Nə sayaq xatırlayacaqmışlar?..
On beş yaşında Molyerin “Zorən təbib” əsərinin tamaşasında oynadığı epizodik roldan üç il sonra onu bir sənətkar kimi təsdiq edən Qacar obrazını yaradır. Bu ilk böyük uğur, hətta əsərin müəllifi Əbdürrəhim bəy Haqverdiyevin onu “Şah Qacarın padşah yaradıcısı!” adlandırması Abbas Mirzədə qətiyyən arxayınçılıq yaratmır. Sənətin “gecə-gündüz”, “vaxt-bivaxt” təyinli axtarışlarını, ləzzət dolu narahatlıqlarını davam etdirən gənc aktyorun adı - otuz yaşına çatmamış, artıq müqtədir səhnə ustaları sırasının önlərində yer alır. Teatr tənqidi, neçə-neçə adlı-sanlı sənət xadimi “Abbas Mirzə fenomeni” haqda danışır, məqalələr yazır, fikir bölüşürlər. Bu fikirlərdən ən ümumşayanı səhnəmizin əbədi atası Cəfər Cabbarlıya məxsus idi: “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənmişdir. Lakin o, böyük bir talantdır. O öz-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər, o, sənətlə bahəm doğulmuşdur. Sənət onun qanında, iliyindədir. Zatən məktəb sənətkar yetişdirmir. Sənət sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bir zövq vardır. O bir sənətkar, yaradıcı bir talantdır!”
Bu talant Azərbaycan səhnəsi və bu məbəd-məktəbin davamçıları üçün Otello, Şeyx Sənan, Don Kixot, Oqtay, Karl, Teymur Ağa, Maqbet, Səyavuş, Hamlet, İblis, Dəli Knyaz kimi nümunə-obrazlar qalereyası yaradıb miras qoydu. O, roldan-rola inkişaf edir, dəyişirdi. Zaman keçdikcə bütün Azərbaycan salonunu dəyişirdi. Kino sahəsində bu dəyişimi daha da genişləndirib reallaşdıracaqdı ki, milliyyəti sürüşkənlər, “velikorus”çular bundan duyuq düşüb, qarşısını aldılar.
O başqalarını yaşaya-yaşaya özünü unutdu. Başı başqalarını yaşamağa, “Knyaz Dəmir Bulat”, “Bayquş”, “Bismillah”, “Əvəz-əvəzə”, “Şaxsey-vaxsey”, “Hacı Qara”, “Məhəbbət oyunu” kimi qəribə mövzulu və adlı filmlərdə aktyorluq, rejissorluq və montajçılıq etməyə necə qarışmışdısa, bu sənət qeyrətli yolun onu “37” doğanağına doğru aparacağının fərqinə vara bilmirdi.
Düzü, mən də bu həzin-hüzn labirintindən çıxıb daha nə yazmaq gərəkliyinə vara bilmir və “sağlıq olsun” deyib, bu fraqmental yazımı nöqtələyirəm...
Tahir Əhmədalılar