Kitabxanalar tarixən cəmiyyətin maariflənməsində əvəzsiz rol oynayıb. Lakin insanlar kitablara təkcə bilgi, savad, məlumat mənbəyi kimi deyil, həm də mənəvi istirahət vasitəsi kimi yanaşıblar.
   
   Mənbələrdən məlum olur ki, ən qədim kitabxana ilk dəfə qədim Şumerdə yaranıb. Belə kitabxanalardan birinin Assur hökmdarı Aşşurbanipal tərəfindən yaradıldığı bildirilir. O həm də qədim yazılı abidələrin toplayıcısı kimi tarixdə qalıb. 625-ci ildə onun təşəbbüsü ilə Neynəvada (Ninova) 30 mindən çox mixi yazılı gil kitabə saxlanılan kitabxana yaradılır. Ayrı-ayrı dövrlərdə yazılan müxtəlif məzmunlu bu kitabələr arasında əsatirlər, ədəbi əsərlər, riyaziyyata, coğrafiyaya, təbabətə və başqa sahələrə dair mətnlər və lüğətlər olub.
   Misirdə eradan öncə yaradılan İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası kimi tanınıb. Onu da qeyd edək ki, qədim dövrlərdə ilk kitabxanalar sarayda və məbədlərdə yaradılıb. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastr kitabxanaları olub.
   Azərbaycan tarixinə gəlincə, V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası yaradılıb. Bunun sayəsində bir çox kitablar alban dilinə tərcümə edilir. Eyni zamanda kilsələrdə kiçik kitabxanalar təşkil olunur. VII əsrdə Azərbaycanda İslamın yayılması ilə yaranan məscid və mədrəsələrdə kitabxanalar da meydana gəlir. Orta əsrlərdə Azərbaycanda bir neçə növ - saray, dini, xüsusi elmi və şəxsi kitabxanalar mövcud olub.
   Saray kitabxanaları arasında Şirvanşahlar kitabxanasını (XII əsr), Təbriz kitabxanalarını (XIII əsr), Ağqoyunlu, Qaraqoyunlu və Səfəvi dövlətlərinin saray kitabxanalarını (XIV- XVI əsrlər) misal göstərmək olar. Bu sırada Azərbaycanın görkəmli dövlət xadimi, böyük sərkərdə Şah İsmayıl Xətai tərəfindən 1522-ci ildə yaradılan Təbriz saray kitabxanası mühüm yer tutur. Bu dövrün dini kitabxanaları arasında Ərdəbildəki Şeyx Səfi rəsədxanasının kitabxanası, elmi kitabxanalar arasında isə fondunda 400 mindən çox kitab olan Marağa rəsədxanasının (XIII əsr) kitabxanası xüsusilə fərqlənib. Nizami, Xətai, Bəhmənyar, Xətib Təbrizi, Əbu Vəfa, Qətran Təbrizi və s. kimi görkəmli şair və alimlərin şəxsi kitabxanalarının olması haqqında məlumatlar mövcuddur.
   XIX əsrin 40-cı illərindən başlayaraq, Azərbaycanda yeni milli ictimai kitabxanalar, habelə bir çox görkəmli simaların şəxsi kitabxanaları yaranır. Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin kitabxanalarını buna misal göstərmək olar. XIX əsrin ikinci yarısında ictimai-kütləvi kitabxanalar və qiraətxanalar meydana gəlir. 1859-cu ildə Şuşada, 1868-ci ildə Gəncədə, 1887-ci ildə Bakıda ictimai kitabxanalar açılır. XIX əsrin sonlarında Bakıda neft sahəsi işçiləri üçün texniki ədəbiyyat kitabxanalarının əsası qoyulur.
   Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) M.Ə.Sabir adına kitabxana və Bakı Dövlət Universitetinin kitabxanası yaradılır. 1920-ci ildə Bakı və onun ətrafında 50-yə yaxın, rayon və kəndlərdə isə 100-dən çox kitabxana fəaliyyət göstərib. 1923-cü ildə isə təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük kitab saxlancı olan bugünkü M.F.Axundzadə adına Milli Kitabxana fəaliyyətə başlayıb.
   
   Savalan Fərəcov