Azərbaycan
   
   3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 27.6. 1985) anadan olub. Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.
   
   4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932) vəfat edib. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı-dramaturqun 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   4 yanvar 1946 - Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. Şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. imzalarla nəşr etdirib. Kitabları: “Sijimqulunamə” (1927), “Satira mərmiləri” (1945). "Keçmiş günlər" (1944) adlı mənzum xatirəsi dövrün ədəbiyyat və mətbuat tarixini öyrənmək üçün maraqlı mənbədir.
   4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi”) və teatr səhnəsində yaddaqalan rollar oynayıb.
   4 yanvar 1950 - Tanınmış aktrisa İnarə Quliyeva Moskvada doğulub. “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib. Rusiyanın Əməkdar artistidir.
   4 yanvar 2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 - 2000) vəfat edib. Kazan quberniyasının Çukan kəndində doğulub. 1920-ci ildə ailəsi Bakıya köçüb. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Qara daşlar”, “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   4 yanvar 2003 - «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun qüvvəyə minib.
   
   5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4. 1954) Şuşada doğulub. Ü.Hacıbəylinin xalası oğludur. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir sıra tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.
   5 yanvar 1887 - Tanınmış tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 - 30.6.1967) anadan olub. Qəzəl və qoşmalar yazıb. Tarzən Ənvər Mənsurovun atası, Bəhram Mənsurovun əmisidir.
    5 yanvar 1910 - Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 - 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca əsərlərini dilimizə tərcümə edib.
   5 yanvar 1927 - Yazıçı Əlfi Səhlik oğlu Qasımov (1927-12.3. 1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanlarının, «Odlu ürək», «Ulduz karvanı», “Saçlar ağarsa da”, "Dnepr qəhrəmanı" və s. kitabların, "Qızburunda tək məzar" sənədli povestinin müəllifidir.
   5 yanvar 1927 - Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Dönüş”, “Təbrizdə bir gecə” poemaları, “Gəlin”, “Həyat bizi sınayır” (həmçinin eyniadlı filmin ssenarisi) povestləri, “Vicdan susanda”, “Müqəddəs ocaq” romanlarının müəllifidir.
   5 yanvar 1949 - Əməkdar artist Kübra Ağa qızı Əliyeva Gəncədə anadan olub. Teatr və televiziya tamaşalarında, “Şirbalanın məhəbbəti” (Ümbülnisə), “Güllələnmə təxirə salınır” (Sonya) filmlərində çəkilib.
   5 yanvar 1955 - Əməkdar artist Fərhad İsrafilov anadan olub. “Yeddi oğul istərəm” (Qəqəni), “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. “Yuğ” teatrında çalışır.
   
   6 yanvar 1907 - Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (M.F.Axundzadə), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.
   6 yanvar 1938 - Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub. 1978-ci ilədək Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri vəzifəsində çalışıb.
   6 yanvar 1962 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinskinin dəvətilə 1920-ci ildə Bakıya gəlib, Azərbaycan teatrının inkişafına xidmət edib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.
   
   7 yanvar 1927 - Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. “Məmməd Səid Ordubadi”, “Ədəbi portretlər” və s. kitabların müəllifidir.
   
   8 yanvar 1920 - Azərbaycanın və SSRİ-nin Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920-23.11.1999) Bakıda anadan olub. “Səbuhi” (Tubu), “Arşın mal alan” (1945, Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis), “Onun böyük ürəyi” (Xalidə), “Dərviş Parisi partladır” (Şəhrəbanu) və s. filmlərdə çəkilib.
   
   9 yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Batumidə teatr tamaşalarında, 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildən Bakıda, Milli Dram Teatrında işləyib. Repressiya qurbanı olub, 1938-ci il yanvarın 2-də güllələnib.
   9 yanvar 1930 - Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930-1984) anadan olub.
   9 yanvar 1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov) anadan olub. Milli Dram, Gənclər teatrlarında çalışıb, 2005-ci ildən Musiqili Komediya Teatrında işləyir. “Qayınana” (İlqar), “Bəyin oğurlanması”, “Qızıl qaz” və s. filmlərdə, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Kişilər” və s.) maraqlı obrazlar yaradıb. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   
   Dünya
   
   3 yanvar 1929 - İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub. Spaqetti-vestern janrının yaradıcısı sayılır. Filmləri: “Bir dəfə Amerikada”, “Bir çəngə dollar üçün”, “Yaxşı, pis, bədnam”.
   3 yanvar 1956 - İrland mənşəli Amerika aktyoru və rejissoru Mel Gibson (Mel Colm-Cille Gerard Gibson) Nyu-Yorkda doğulub. Filmləri: “Ölümcül silah”, “Vətənpərvər” (aktyor), “Cəsur ürək” (rejissor və aktyor; film 5 “Oskar” qazanıb), “İsa Məsih ehtirasları”, “Apokalipsis” (rejissor).
   
   4 yanvar 1960 - Fransız yazıçısı, filosof, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 7.11.1913 - 1960) avtomobil qəzasında həlak olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.
   5 yanvar 1921 - İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921- 1990) anadan olub. Əsərləri: “Hakim və onun cəlladı”, “Ədalət mühakiməsi” psixoloji detektiv romanları, “Yaşlı qadının gəlişi” pyesi və s.
   5 yanvar 1932 - İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco) anadan olub. Əsərləri: “Qızılgül adı”, “Fuko kəfgiri”, “Çariçə Loananın sirli alovu”, “Praqa məzarlığı” romanları, “Orta əsrlər estetikasının təkamülü”, “Açıq əsər” elmi tədqiqatları və s.
   
   6 yanvar 1872 - Rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub. “Ekstaz poeması” və “Prometey” simfonik poemaları, simfoniyaların müəllifi, “rəngli musiqi”nin yaradıcısıdır.
   6 yanvar 1879 - Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879 - 1933) anadan olub.
   6 yanvar 1938 - İtalyan aktyoru, müğənni, bəstəkar, rejissor Adriano Çelentano (Adriano Celentano) anadan olub. Filmləri: “Serafino”, “Milanda superoğurluq”, “İnadkarın ram edilməsi”, “Dəlicəsinə vurulmuş” və s.
   
   7 yanvar 1925 - İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell, 1925 - 1995) anadan olub. Heyvanlar haqqında 30-dan çox kitab və filmin müəllifidir. Yazıçı Lourens Darrelin qardaşıdır.
   7 yanvar 1964 - Amerika aktyoru və rejissoru Nikolas Keyc (Nicolas Cage - Nicolas Kim Coppola) anadan olub. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Kinoda öz adını təsdiqləmək üçün soyadından imtina edib. Filmləri: “Üzsüz”, “Mələklər şəhəri”, “Ölüm öpüşü”, “Las-Veqası tərk edərkən” (“Oskar”, 1996) və s.
   
   8 yanvar 1824 - İngilis yazıçısı Uliki Kollinz (William Wilkie Collins, 1824 - 1889) anadan olub. “Aylı daş”, “Ağ paltarlı qadın”, “Qanun və qadın” romanlarının müəllifidir.
   8 yanvar 1935 - Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 - 16.8.1977) anadan olub. “Rok-n-roll”un kralı kimi XX əsr musiqi mədəniyyəti tarixinə düşüb. Ümumi tirajı 1 milyard nüsxə olan 150-dən çox albomu işıq üzü görüb.
   
   9 yanvar 1590 - Fransız monumentalist rəssamı Simon Vue (Simon Vouet, 1590 - 1649) anadan olub.
   9 yanvar 1890 - Görkəmli çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek, 1890 - 1938) anadan olub. Əsərləri: “Mütləqiyyət fabriki”, “Meteor”, “Səməndər quşları ilə müharibə” romanları, “Makropulos vasitəsi”, “Ana” pyesləri və s.
   
   Hazırladı: Vüqar Orxan